XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

30 Noyabr 2016 - 22:08

MKİ-nin direktoru Trampın fikirlərinə qiymət verdi:“Axmaqlığın zirvəsi”

 

Director of the Central Intelligence Agency John Brennan makes a point while he holds a rare news conference at the CIA Headquarters in Virginia December 11, 2014. Brennan said on Thursday some agency officers used "abhorrent" methods on detainees captured following the September 11 attacks and said it was "unknowable" whether so-called enhanced interrogation techniques yielded useful intelligence.  REUTERS/Larry Downing   (UNITED STATES - Tags: POLITICS) - RTR4HOR7

“İranla bağlanan nüvə sazişi ləğv edilərsə, fəlakət baş verər”.

Strateq.az bildirdiyinə görə, bu proqnozu Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Cohn Brennan verib

BBC-yə müsahibəsində ABŞ-ın yeni prezidenti Donald Trampa səslənən Brennan onun seçki təşviqatı zamanı dilə gətirdiyi vədini “axmaqlığın zirvəsi” adlandırıb. O, həmçinin, yeni rəhbərə Rusiya və Suriya ilə bağlı fikirlərinə də yenidən diqqət yetirməyi məsləhət görüb.

Qeyd edək ki, Donald Tramp seçkiöncəsi təbliğatında Rusiya və Suriya ilə münasibətlərini düzəldəcəyinə, ilk işinin isə İranla bağlanan nüvə sazişini ləğv etmək olacağına söz verərək, demişdi: “Bu saziş həm Amerika, həm İsrail, həm də bütün Yaxın Şərq üçün tam bir fiaskodur”.

Obama hakimiyyətinin ən mübahisəli addımlarından biri kimi önə çıxan nüvə sazişi xüsusilə İsrail və körfəz ölkələrinin təpkisinə səbəb olmuş və uzun müddət davam edən Netanyahu-Obama gərginliyi ABŞ siyasətinə də öz damğasını vurmuşdu. Respublikaçıların çoxluqda olduğu ABŞ Senatı sazişi ləğv edəcəyini, Obama isə prezidentlik səlahiyyətindən faydalanaraq, Senatın bu qərarına veto qoyacağını açıqlamışdı. Prezidentin israrını “yəhudi düşmənçiliyi” kimi qiymətləndirən İsrail baş naziri Binyamin Netanyahu Obamanın Ağ evə dəvətini belə, geri çevirmişdi.

Respublikaçıların namizədi kimi seçkilərə qatılan Trampın seçilməsində İrana qarşı mövqeyi də mühüm rol oynamışdı.

trump

Müşahidəçilərin fikrincə, öz anti-İran ritorikası ilə yəhudi lobbisinin dəstəyini qazanmağa çalışan Tramp bir müddətdən sonra verdiyi vədləri yerinə yetirmək problemiylə üz-üzə qala bilər. Nədən ki, MKİ-nin direktorunun da qeyd etdiyi kimi, İranla bağlanan sazişdən imtina ABŞ üçün asan başa gəlməyəcək.  Brennan bu “fəlakət”in detallarına aydınlıq gətirməsə də, həqiqətən, nüvə sazişinin ləğvini çətinləşdirən bir sıra amillər var.

Əvvəla, saziş təkcə ABŞ-la bağlanmayıb. Sənədə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü – ABŞ, Rusiya, Çin, İngiltərə və Fransa ilə yanaşı Almaniya da imza atıb və bu “altılıq” bir tərəf, İran isə başqa bir tərəf kimi müzakirə masasında əyləşib. Dolayısıyla, ABŞ təktərəfli qaydada sazişdən imtina edərsə, müqavilə şərtinin pozulması “altılıq”ların boynunda qalacaq və İran öz nüvə zənginləşdirmə proqramını davam etdirmək səlahiyyəti qazanacaq.  ABŞ-ın isə “haqsız tərəf” kimi öz müttəfiqlərini İrana qarşı səfərbər etməsi mümkünsüzləşəcək. Ən azı ona görə ki, “oyunpozanlığı” edən elə ABŞ-dir və onun öhdəliklərini yerinə yetirməməsi ucbatından beynəlxalq imici korlanacaq.

Üstəlik, ABŞ-ın bu zamana qədər yürütdüyü Yaxın Şərq siyasəti sazişə imza atan həm Avropa ölkələrini, həm də Rusiya və Çini ciddi narahat edir. Onlar növbəti gərginlik ocağının yaranmasında maraqlı deyillər. İran kimi xarici kapitala möhtac bir ölkəni itirmək isə indiki böhran dövründə heç kimə sərf etmir. Nüvə sazişinə imza atan dövlətlər, ABŞ istəməsə belə, İrana qarşı sanksiyaları ortadan qaldıra və onun öz iqtisadiyyatını modernləşdirmə siyasətində aktiv rol almağa çalışa bilərlər. Bu durumda sanksiyaların yalnız ABŞ tərəfindən tətbiqi isə supergücün yeni bazar qazanmasının qarşısını almaqdan başqa heç bir işə yaramayacaq.

Görünür, Brennan da “sazişdən imtina ABŞ üçün fəlakət olar” deməklə, bu nüansları nəzərdə tutur.

Onu da qeyd edək ki, MKİ-nin direktoru Cohn Brennan dörd ildir davam etdirdiyi vəzifəsini önümüzdəki yanvar ayında yeni hökumətin nümayəndəsinə təhvil verəcək. Yeni direktorun nə düşündüyünü isə bir özü, bir də yəqin ki Tramp bilir.

Heydər Oğuz

Strateq.az