Obama: “İsrail yəhudi dövləti kimi qalmaq istəyirsə, …”
Xəbər verdiyimiz kimi, İsrail Baş naziri Amerika mətbuatına verdiyi müsahibəsində seçkilərdən sonra Barak Obamanın onu təbrik etmədiyi barədə gileyini dilə gətirmişdi. Bu müsahibədən sonra ABŞ prezidentinin Netanyahuya zəng edib danışdığı bldirilir. Maraqlıdır ki, bu danışıq təbrikdən daha çox, təhdidə bənzəyib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ilk məlumatı Ağ ev yetkililərindən biri mətbuata ötürüb. Adının açıqlanmasını istəməyən mənbəyə görə, ötən cümə axşamı ABŞ prezidenti Obama Netanyahuya təbrik zəngində onun öz mövqeyində kardinal dəyişikliklər etməyəcəyi təqdirdə, İsraillə münasibətlərə yenidən baxılacağını bildirib. Rəsmi Təl-Əvivə kifayət qədər ciddi mesajın verildiyi Obamanın özü tərəfindən də təsdiqlənib.
“Huffington Post” xəbər saytına açıqlamasında Obama İsrail Baş naziriylə söhbətlərinin bəzi detallarına aydınlıq gətirib. Tərəf-müqabilinə Fələstin probleminin yalnız və yalnız iki dövlətli şəkildə həll oluna biləcəyini anlatdığını deyən Obama əlavə edib: “İsrail həm yəhudi dövləti, həm də demokratik bir ölkə kimi qalmaq və uzunmüddətli təhlükəsizliyini qorumaq istəyirsə, “iki dövlətli həll formulu” yeganə çıxış yoludur. Mən bu inancımı Netanyahuyla da bölüşdüm”.
Göründüyü kimi, Barak Obamanın bu fikirləri açıq şəkildə təhdid mahiyyətindədir. Sanki, ABŞ prezidenti İsrail rəhbərinə öz mövqeyini dəyişməsə, İsrail adlı məmləkətin xəritədən silinəcəyini və ya onun yəhudi siyasi iradəsindən çıxarılacağını bəyan edib.