XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

06 Dekabr 2016 - 19:38

Azərbaycan və Rusiya daxili işlər nazirləri protokol imzaladılar –FOTO

usubov

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə Rusiya Federasiyasının daxili işlər naziri, RF-nin polis generalı Vladimir Kolokoltsevin başçılıq etdiyi nümayəndə heyəti dekabrın 6-da ölkəmizə birgünlük rəsmi səfərə gəlib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, daxili işlər naziri Ramil Usubov Rusiya Federasiyasının daxili işlər naziri Vladimir Kolokoltsevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları səmimi salamlayan nazir bu səfərin birgə əməkdaşlığın daha da genişlənməsinə təkan verəcəyinə əmin olduğunu bildirib və səfərə hazırlıq mərhələsində razılaşdırılmış xeyli təşkilati işlərin görüldüyünü, bu baxımdan 2017-2019- cu illərdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Daxili İşlər nazirlikləri arasında qarşılıqlı yardım haqqında Protokolun layihəsinin razılaşdırıldığını, həmin sənədin imzalanmasında hər iki tərəfin maraqlı olduğunu vurğulayıb.

Daxili işlər naziri prezidentlər İlham Əliyev və Vladimir Putinin siyasi iradələrinə uyğun olaraq ölkələrimiz arasında mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdiyini qeyd edib. Son illər qarşılıqlı faydalı işbirliyinin müsbət nəticələrinin olduğu, müxtəlif istiqamətlərdə, o cümlədən, cinayətlərin açılması, axtarışda olanların tutulması, onların ekstradisiyası, sərhədyanı regionlarda birgə razılaşdırılmış tədbirlərin keçirilməsi məmnunluqla xatırlanıb.

Ramil Usubov bu günlərdə sərhədyanı ərazilərdə keçirilən "Sərhəd-Sipər" kompleks əməliyyat-profilaktik tədbirlərini yada salıb və Rusiya Federasiyası Dağıstan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə sıx əlaqələrə malik olduğumuzu, tərəflər arasında daimi informasiya mübadiləsi aparıldığını, ən müxtəlif səviyyələrdə görüşlərin həyata keçirildiyini bildirib.

Sonra qonaqlara ölkəmizdə cinayətkarlıqla mübarizənin vəziyyəti barədə geniş məlumat verilib. Kadr hazırlığı sahəsində göstərilən köməyə görə təşəkkür edən nazir əmin olduğunu bildirib ki, bu səfər ikitərfli münasibətlərin inkişafında əhəmiyyətli hadisə olacaq, eyni zamanda, əməliyyat-xidməti fəailiyyətin bütün sahələrində əməkdaşlığı dərinləşdirməyə əlavə impuls verəcək.

Səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edən Vladimir Kolokoltsev iki ölkənin daxili işlər orqanları arasında əməkdaşlığın genişləndirilməsində Rusiya tərəfinin də maraqlı olduğunu, hazırkı səfərin bu məqsədə xidmət edəcəyinə əminliyini, eyni zamanda, Azərbaycan-Rusiya-İran prezidentlərinin I Bakı Sammitində imzalanmış Bəyannamənin qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar açacağını bildirib.

Görüşün sonunda nazirlər 2017-2019- cu illərdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Daxili İşlər nazirlikləri arasında qarşılıqlı yardım haqqında Protokol imzalayıblar.