XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

06 Dekabr 2016 - 21:50

“Çaya 10, nahara 40, ziyafətə 80 manat, xidməti maşına ayda 2000 km yürüş….” –Qubad İbadoğlundan hökumətə çağırış

Qubad İbadoglu-1

"Büdcə təşkilatlarının normativləri: çaya 10, nahar yeməyinə 40, şam yeməyinə 60, ziyafətə adambaşına 80 manata qədər vəsait və 1173 xidməti minik avtomobilinə ayda 2000 km yürüş".

Strateq.az xəbər verir ki, bunu tanınmış iqtisadçı-alim Qubad İbadoğlu büdcə müzakirəsinə münasibət bildirərkən, deyib.

Onun sözlərinə görə, dövlət büdcəsində israfçılığın qarşısını almaq üçün ilk növbədə tənzimləyici normativlər hazırkı dövrün tələbləri nəzərə alınmaqla yenidən işlənməlidir:

"Təəssüf ki, büdcə müzakirələrində, eləcə də onun icrası və icrasına dair hesabatı dövründə bu məsələlər diqqətdən kənarda qalır.

Belə normativlərdən ikisinə diqqətinizi çəkmək istərdim: 

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 oktyabr tarixli 318 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və ölkə səviyyəli tədbirlər keçirilməsi ilə bağlı öhdəlik götürülməsi Qaydaları”na edilən əlavəyə görə, xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün büdcə vəsaitlərinin xərc normaları hər bir nəfər üçün danışıqlar, mədəni tədbirlər zamanı çay, qəhvə fasiləsi zamanı 10 manata qədər, nahar yeməyi zamanı 40 manata qədər, şam yeməyi zamanı 60 manata qədər, ziyafətlər zamanı 80 manata qədər təsdiq edilib.

Bununla yanaşı, nümayəndə heyətinin rəhbəri üçün dəftərxana xərcləri üçün 60 manata qədər, nümayəndə heyətinin üzvləri üçün 30 manata qədər əlavə vəsait ayrılmasına icazə verilir. Bundan əlavə, Azərbaycan Respublikasının tarixini və mədəniyyətini təcəssüm etdirən xatirə hədiyyələrinin alınması xərcləri nümayəndə heyətinin rəhbəri üçün 100 manata qədər, nümayəndə heyətinin üzvləri üçün 50 manata qədər təsdiq edilib. 

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 iyul 2011-ci il tarixli 120 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Qaydalarla Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda (hərbi qurumlar, milli təhlükəsizlik, hüquq mühafizə və prokurorluq orqanlarında xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri istisna olmaqla) xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri üçün aylıq yürüş həddi tənzimlənir.

Qaydalara görə, Xidməti minik avtomobilləri üçün aylıq yürüş norması 2000 km, qonaqlara xidmət edən minik avtomobilləri üçün 1000 km müəyyənləşdirilib.

Son məlumatlara görə, ölkə üzrə xidməti minik avtomobillərin sayı 1173, aparat üzrə olanların sayı isə 343-dür. Avtomobillərin bir ədədi üçün 100 km yürüşə görə yanacaq sərfi norması həmin avtomobillərin texniki göstəricilərinə əsasən hər 100 km məsafəyə görə istifadə olunan yanacağın miqdarına uyğun olaraq müəyyən edilir.

Nəzərə alsaq ki, xidməti maşınların, xüsusilə də aparata məxsus olanların böyük əksəriyyəti mühərrik gücü yuxarıdır, onda onların hər 100 km məsafəyə görə yanacaq sərfi 20 litrdən çoxdur".

Q.İibadoğlu hesab edir ki, növbəti ilin büdcəsinin icrası başlamamışdan əvvəl xərclərin tənzimləyici normativləri hazırkı iqtisadi gerçəkliyin tələbləri nəzərə alınmaqla, yenidən işlənilməlidir.