"Bankların əksəriyyəti dollar alışını dayandırıblar. Təəccüblənməyin, söhbət nə qədər qəribə olsa da, dollar satışından deyil, alışından gedir".
Bunu Strateq.az-a açıqlamasında iqtisadçı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, Maliyyə Bazarlarına Nəzarət Palatası güman edir ki, bu, valyuta artıqlığı ilə bağlıdır: "Banklara nəzarət edən qurumlar bu istiqamətdə heç bir göstərişin verilmədiyini bildirirlər. Sadəcə, əksər bankların eyni zamanda dollar alışından imtina etməsinin təsadüf olması şübhə doğurur. Digər tərəfdən, əksər banklarda eyni gündə dollar artıqlığının olması da nəzəri və praktiki baxımdan mümkün deyil".
İqtisadçının sözlərinə görə, əgər banklarda dollar artıqlığı varsa, o zaman vətəndaşlara dolların niyə satılmaması sual doğurur: "Əgər deyildiyi kimidirsə, o zaman dollarlarını vətəndaşlara uyğun kursla satsınlar ki, valyuta artıqlığı bir az azalsın. Sadə iqtisadi məntiq bunu deyir".
Bəs, dollar alışından imtinanın səbəbi nədir?
İqtisdadçı bu suala cavabda bildirir ki, səbəb sadədir: "İnzibati yol ilə dollarlaşmanın qarşısını almaq və vətəndaşlarda dollar tələbini azatlmaq. Vətəndaş aldığı dolları sata bilmirsə, dollar ilə yığımlarını azalda bilər. Bu, səmərəli yoldurmu? Təbii ki, yox. Əslində, belə inzibati metodlar valyuta bazarında əks effektlər yarada bilər və nəticədə bu bir neçə gün davam edərsə, dollarla yanaşı, “manatın da qara bazarı” yaranacaq. Bu halda, vətəndaşlar “qara bazara” dollar almaq deyil, həm də dollar satmaq üçün gedəcək. Deməli, dollar alışı qadağası qalarsa, “qara bazar”dakıların “əl-qolları” genişlənəcək, valyuta əməliyyatları tamamən banklardan qapalı və qaranlıq otaqlara köçəcək".
Maraqlıdır, ölkəyə gələn turistlər dollarını necə dəyişəcək?
Vüqar Bayramovun sözlərinə görə, hazırkı durumdan belə çıxır ki, hotellərdə “qara bazar” ilə bağlı xüsusi məlumatlandırma kursları olmalıdır: "Bu, zarafata bənzəsə də, əksər bankların dollar almadığı şəraitdə xeyli real görünür…".
F.ƏHMƏD