ABŞ bundan sonra Suriyadakı müxaliflərə açıq şəkildə MANPAD tipli zenit qurğuları sata biləcək.
Strateq.az xəbər verir ki, təyyarələri hədəf alan və rahatlıqla bir adam tərəfindən çiyində daşınan qurğu ABŞ Konqresinin bu gün qəbul etdiyi qərara əsasən, ölkə prezidenti tərəfindən Suriyanın nəzarət altında tutula bilən silahlı qruplarına veriləcək.
Prezident Obama dövründə yalnız gizli yolla Suriya müxaliflərinə verilən SA-18 tipli MANPAD qurğusu ciddi mübahisəyə səbəb olmuşdu. Çünki beynəlxalq hüquqa görə, təyyarələri nişan alan raketlər yalnız dövlətlərə satıla bilər. Obama hakimiyyəti zamanı isə Suriyalı müxaliflərə gizli yolla verilən bu silahlar daha sonra PYD və onun vasitəsilə isə PKK-nın əlinə keçmiş və Türkiyəyə qarşı istifadə olunmuşdu. Bu zenit qurğusuyla Türk Silahlı Qüvvələrinə aid Cobra tipi bir vertolyot vurulmuş, 5 Türk əsgəri şəhid edilmişdi. Eyni hadisələrin yenə təkrarlana biləcəyindən əndişələnən Türkiyə müttəfiqi sayılan ABŞ-ın bu qərarına qarşı çıxır, öz suverenliyinə təhdid kimi gördüyü qüvvələri silahlandırmaq kimi qiymətləndirir. Rusiya, Suriya və Səudiyyə Ərəbistanı da eyni əndişəni daşıyırlar.
Yaxın Şərqin bütün dövlətlərinin bu narahatlığı əbəs deyil. ABŞ-ın 1980-ci illərində Əfqanıstandakı radikal islami qrupları təyyarələrə qarşı zenit qurğularıyla silahlandırmasından sonra müharibənin gedişatı SSRİ-nin əleyhinə dəyişmiş və sovet ordusu bu ölkədən məğlubiyyətlə ayrılmaq məcburiyyətində qalmışdı.
Son zamanlar Suriyada hava əməliyyatları keçirən bütün dövlətlər də Əfqanıstan ssenarisinin bu coğrafiyada da təkrarlanacağından çəkinirlər. Ötən il Rusiyanın Suriyaya müdaxiləsindən sonra ABŞ yetkililəri dəfələrlə “mülayim müxaliflər”in sözügedən qurğularla silahlandırıla biləcəyinə eyham vurmuş və bir növ Moskvanı üstüörtülü təhdid etmişdi. Maraqlıdır ki, başı Yəməndə husilərlə dərddə olan Səudiyyə Ərəbistanının da Suriya müxaliflərinə MANPAD silahı verdiyi barədə xəbərlər dolaşır.
ABŞ Konqresinin Trampa həmin səlahiyyəti verməsindən sonra Yaxın Şərqdə qarşı-qarşıya gələn qüvvələrin öz tərəfdarlarını bənzər şəkildə silahlandıra biləcəyi güman olunur. Bu isə regionun bütün düşmən tərəflərinin qüvvələr nisbətini eyniləşdirə, bir-birilərinə qarşı müharibəni çətinləşdirsə də, separatizm meyllərini artıra bilər.
Trampın hələ taxtda əyləşməmiş bu cür səlahiyyət əldə etməsi növbəti 4 ildə ABŞ-ın Yaxın Şərq siyasətinin necə olacağı barədə ipucları verir. Belə görünür ki, növbəti 4 il Yaxın Şərqin kiçik dövlətlərə bölünməsi ilə yadda qalacaq.
Heydər Oğuz
Strateq.az