XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

09 Dekabr 2016 - 12:12

“Beynəlxalq Bank vaxtında özəlləşdirilsəydi, bu qədər vəsait oğurlanmazdı” –Qubad İbadoğlu

Qubad İbadoglu-1

Azərbaycan Beynəlxalq Bankı (ABB) ətrafında söhbətlər yenə də aktuallaşır. Bu dəfə ABB-nin vəzifəsindən uzaqlaşdırılmış yeni rəhbəri "qara bazar"a valyuta ötürməkdə günahlandırılır.

Strateq.az xəbər verir ki, bu barədə açıqlama verən iqtisadçı Qubad İbadoğlunun sözlərinə görə, dövlət zəmanəti ilə Mərkəzi Bankdan 7 milyard manat, eyni zamanda Neft Fondundan 1 milyard ABŞ dolları alan Azərbaycan Beynəlxalq Bankı (ABB) ətrafında bitməyən söhbətlər ABB dövlət mülkiyyətində qalanadək davam edəcək:  

"ABB-nin özəllədirilməsi ilə bağlı müzakirələr 2000-ci ilin ortalarında Beynəlxalq Valyuta Fondunun təşəbbüsü ilə başlasa da, hələ də bu istiqamətdə iş getmir. Əgər Beynəlxalq Bank vaxtında özəlləşdirilsəydi, nə dövlət 7 milyard manat və 1 milyard dollar əlavə xərcə düşər, nə də bu bankdan kredit götürən şəxslər 6 ilə 10 milyard manata qədər vəsait oğurlaya bilməzdilər. Çünki bank özəl olanda oğurlanan dövlətin deyil, onun idarəçiliyi üzərində korporativ nəzarəti həyata keçirən səhmdarların vəsaitləri olur. Özəl bankların səhmdarları belə halların qarşısını vaxtında almaq üçün xeyli rıçaqlara malikdir. Bu isə Beynəlxalq Bankda olduğu kimi, uzunmüddətli dövrdə dəhşətli dərəcədə böyük korrupsiyalara yol açmır. Odur ki, Beynəlxalq Bankda baş verənlərin birinci günahkarı islahatları vaxtında aparmayan hökumətdir.

Elə məhz bu səbəbdən də hətta indi də ABB-nin vəzifəsindən uzaqlaşdırılmış rəhbəri qara bazara valyuta ötürməkdə ittiham olunur".

Qubad İbadoğlu deyir ki, başlıca səbəb bu bankın hələ də dövlət mülkiyyətində qalmasıdır:

"Hesab edirəm ki, gələn ildən ABB və "Azərtürkbank" özəlləşdirməyə hazırlanmalı və bu proses mümkün qədər tez başa çatdırılmaldır. Özəlləşdirmə isə açıq olmalı, orda maraqlı investorların sərbəst iştirakına şərait yaradılmalıdır".