İranın xeyriyyə təşkilatı kimi tanınan İmam Xomeyni "İmdad" Komitəsinin Tacikistanda fəaliyyəti qadağan edilib.
Strateq.az xəbər verir ki, bu barədə paytaxt Düşənbənin rayon məhkəmələrindən birində müvafiq qərar çıxarılıb.
Komitə "İctimai birliklər haqqında" Qanunu pozmaqda ittiham olunub və iddiaçı kimi məhkəmədə Ədliyyə Nazirliyi çıxış edib.
"İmdad" Komitəsi 1996-cı ildən Tacikistanda fəaliyyət göstərərək bir sıra humanitar proqramları həyata keçirib. Hər il o, əngəlli adamlar və uşaq evləri, habelə ehtiyaclı gənc cütlüklər üçün ianə və nikah mərasimləri təşkil edib.
İran Komitəsinin problemləri ötən il rəsmi Düşənbədə və Tehran arasında münasibətlərin soyuması fonunda başlayıb. Belə ki, 2015-ci ilin dekabrında Tehranda keçirilən beynəlxalq konfransa dəvət almış Tacikistanda qadağan olunan İslam İntibah Partiyasının sədri Muhiddin Kabiri İranın dini lideri Ayətullah Əli Xamnəi ilə görüşüb.
Buna cavab olaraq Tacikistan səfiri İranın Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edib və müfti Saidmukarram Abdukodirzoda İranı terrorçuları dəstəkləməkdə ittiham edib.
Bu ilin yazında Tacikistan hakimiyyəti İrandan çay və ət məhsulları idxalını yasaqlayıb. Rəsmi Düşənbə bu qərarını həmin məhsulların keyfiyyətsizliyi ilə izah etdi.
Bununla belə, İran Tacikistanın ən mühüm iqtisadi tərəfdaşı və investorlarından biri olaraq qalır. Olkədə İranın maliyyə dəstəyi ilə bir neçə mühüm layihələr həyata keçirilir.
M.Rzasoy