XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

20 Dekabr 2016 - 11:56

Dövlət orqanlarında elektron xidmətlərlə bağlı dəyişiklik –Yeni qaydalar təsdiqləndi

asan

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi "Dövlət orqanlarında elektron xidmətlərin və informasiya sistemlərinin qiymətləndirilməsi Qaydaları”nı təsdiq edib.

Qiymətləndirmə 3 mərhələdə həyata keçirilir.

Birinci mərhələ məlumatların toplanılması (sorğuların göndərilməsi, yerində baxışın həyata keçirilməsi, informasiya sistemləri üzərindən xidmətlərin test edilməsi (yoxlama məqsədilə xidmət alınması), ikinci toplanmış məlumatların sistemləşdirilməsi, yoxlanılması və təhlili, üçüncü mərhələ arayış və hesabatların hazırlanmasından ibarətdir. Qiymətləndirmənin keçirilməsi üçün Dövlət Agentliyinin sədri tərəfindən işçi qrupu yaradılır və onun tərkibi müəyyən edilir.

Qiymətləndirmənin nəticəsində hazırlanan arayış və hesabatlarda informasiya sistemlərinin və elektron xidmətlərin mövcud vəziyyəti, problemlər, nöqsanlar, qiymətləndirmənin faizlə müəyyən edilən nəticəsi və qiymət qeyd edilməklə elektron xidmətlərin və informasiya sistemlərinin təkmilləşdirilməsi istiqamətində təkliflərə yer verilir. Arayışın layihəsi qiymətləndirmənin nəticələrinə münasibət bildirilməsi üçün dövlət orqanına təqdim edilir. Dövlət orqanı arayış layihəsinə dair rəy və təkliflərini 5 iş günü müddətində Dövlət Agentliyinə təqdim etməlidir.

Dövlət orqanının qiymətləndirmə nəticələri ilə bağlı rəy və təkliflərinə yekun arayışın hazırlanmasında baxılır. Elektron xidmətlər üzrə qiymətləndirmənin aparılması üçün hər bir meyar üzrə maksimum qiymətləndirmə balı müəyyən olunur.

İnformasiya sistemləri üzrə qiymətləndirmənin aparılması üçün hər bir parametrin təmin edilməsi (1 bal) yaxud təmin edilməməsi (0 bal) müəyyən olunur. Hesablanmış yekun balın maksimum balda faizlə nisbəti tapılır.

Müəyyən edilən faizlər üzrə elektron xidmətlər və informasiya sistemləri aşağıdakı şəkildə qiymətləndirilir:

– 50% və daha aşağı – qeyri kafi;

– 51%-dən 70%-dək– kafi;

– 71%-dən 90%-dək– yaxşı;

– 91%-dən 100%-dək – əla.

Qiymətləndirmənin nəticəsi olaraq Dövlət Agentliyi tərəfindən müəyyən olunmuş çatışmazlıqların aradan qaldırılması ilə bağlı icrası məcburi olan tövsiyələr verilir, ehtiyac yarandıqda əməli və metodiki köməklik göstərilir. Qiymətləndirmənin nəticəsi olaraq hazırlanmış arayış aşkar olunmuş çatışmazlıqların təyin olunmuş müddət ərzində aradan qaldırılması üçün dövlət orqanına göndərilir. Qiymətləndirmənin nəticələri, o cümlədən informasiya sistemlərinin və elektron xidmətlərin mövcud vəziyyəti, problemlər, nöqsanlar və həmin xidmətlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər barədə Azərbaycan Respublikasının Prezidentinə hesabat verilir.

Dövlət orqanları təqdim olunmuş arayışda göstərilmiş çatışmazlıq və tövsiyələri diqqətlə araşdırmalı və arayış daxil olduğu gündən iki ay müddətində çatışmazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər barədə məlumatı Dövlət Agentliyinə təqdim etməlidirlər.

APA