XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

21 Dekabr 2016 - 12:01

Tehran, Beyrut, İstanbul… –Rus diplomatlarının qətl coğrafiyası

sefirin-vurlma-ani

Ankarada, Müasir İncəsənət Mərkəzindəki sərgidə öldürülən Andrey Karlov Rusiya diplomatiyası tarixində Aleksandr Qriboyedovla başlayan silsilənin davamıdır.

Strateq.az həyatını faciəli sonluqla bitirən rus-sovet diplomatlarının siyahısına nəzər salır.

Aleksandr Qriboyedov general Paskeviçlə birgə Türkmənçay sülh müqaviləsinin müəllifi, Rusiya imperiyasının maraqlarını son dərəcə tələbkar müdafiə edən səfir idi.

Qacar sarayına “vəziri-muxtar” titulunda gəlmiş Qriboyedovun əsas vəzifəsi 1828-ci il müqaviləsi ilə nəzərdə tutulan təzminat ödənilməsinə nəzarət etməkdi. Tehrandakı səfirlikdə işlədiyi dövrdə Qacar xanədanı məğlubiyyətin şokunu yaşayır, ölkədə ciddi iğtişaşlar hökm sürürdü.

1829-cu ilin fevralında Rusiya səfirliyində sığınacaq tapan bir erməni xacəsi və şah hərəmxanasının iki xanımı diplomatik missiyaya hücumla nəticələndi. 35 kazakın ümidinə qalmış səfirliyin rəhbəri Aleksandr Qriboyedov öldürüldü. Qırğında sağ qalan yeganə şəxs katib Maltsev oldu.

Diplomatik qalmaqal Rusiya ilə yeni müharibəyə səbəb ola bilərdi. Buna görə də Şah, I Nikolaya öz xəzinəsindən çox hədiyyələr və nadir almaz bağışladı. Çar üzrxahlığı qəbul etməklə yanaşı, təzminat ödənişini də beş il təxirə saldı.

Pyotor Voykov Sovet Rusiyasının Polşada səlahiyyətli nümayəndəsi kimi xidmət və Riqa sülh müqaviləsinin həyata keçirilməsinə nəzarət edirdi. Lakin Voykovu diplomatdan daha çox çar II Nikolayın və ailəsinin qatili kimi tanıyırdılar.

1927-ci ildə Varşavada, dəmir yolu stansiyasının platformasında bir sabiq ağ qvardiyaçı “Rusiyanın və milyonlarla insanın” qanına bais olmuş diplomatı öldürdü.

Elə həmin il Çinin cənubundakı üsyan yatırılarkən baş vermiş qırğında beş sovet diplomatı da həlak oldu. O vaxtdan 14 dekabr rus konsullarının xatirəsini anma günüdür.

1985-ci ildə, Livandakı vətəndaş müharibəsi dövründə Beyrutda SSRİ səfirliyinin dörd diplomatı qaçırıldı.

"Xalid bin Vəlid" adlı terrorçu qrup Sovet İttifaqından Livanda sülhyaratma missiyasını yerinə yetirən Suriya ordusuna dəstəyi dayandırmağı tələb etdi. Suriya ordusu hərbi əməliyyatları dayandırdı. Lakin terrorçular sovet diplomatlarını buraxmadılar.

Yalnız mərhum Şeyx Fəzlullahın müdaxiləsindən sonra sağ qalmış üç sovet diplomatı azad edildi.

1986-cı ildə Pakistanda hərbi attaşe Fyodor Qorenkovun öldürülməsinin səbəbi isə hələ də müəmma olaraq qalır.

1992-ci ildə İraqda Rusiya səfirliyinin əməkdaşlarına qarşı aksiya törədildi. Zərərçəkmişlər arasında mənşəcə azərbaycanlılar da vardı.

2006-cı ildə İraqda rus səfirliyinin əməkdaşlarına qarşı qanlı terror həyata keçirildi. Terrorçular Rusiyadan Çeçenistanı azad etmək tələbi qoyurdu…

2016-cı ilin sonunda Andrey Karlovun qətli ilə “qara kitab”ın bir səhifəsi də qatlandı.

Yəqin ki, bu, son deyil. Axı, tarix hələ davam edir…

M.Rzasoy