XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

27 Dekabr 2016 - 23:03

Naxçıvandan Məşhədə ilk qatar 29 dekabrda yola düşəcək –Vaxt və qiymət açıqlandı

naxcivan-vaqzal

Dekabrın 29-da Naxçıvan-Məşhəd-Naxçıvan sürət qatarı hərəkətə başlayacaq. Bu sürət qatarı həftədə iki dəfə (dördüncü və bazar günləri) sərnişin daşıyacaq.

Bu haqda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Üç vaqondan ibarət 108 yerlik qatar Naxçıvan, Culfa, Təbriz, Tehran və Məşhəd marşrutu üzrə hərəkət edəcək. Bir tərəfə biletin qiyməti 40 İsveçrə frankıdır (1 CHF = 1,713 AZN).

Naxçıvan və Culfa dəmir yolu stansiyalarında bilet satışına dekabrın 24-də başlanıb. Satış nağd qaydada aparılır. Elektron bilet satışının təşkili tamamlanmayıb.

“Naxçıvan Dəmir Yolları” MMC-nin yük və sərnişin daşımaları idarəsinin rəisi Mübariz Allahverdiyev “Turan” Agentliyinə deyib ki, bu günə (27 dekabr) olan məlumata görə, hələ ki, bilet almaqdan ötrü müraciət edən yoxdur.

“Bu marşruta olan tələbat haqda bir fikir deyə bilmərəm, çünki, hələ bilet satmamışıq. Amma istənilən halda 29-u qatar yola düşəcək”.

Naxçıvan daxilində iki qatar (951/952 Ordubad-Şərur sərnişin/yük qatarı və 953/954 Şərur-Culfa sərnişin qatarı) hərəkət edir. Hər iki istiqamətdə hər biri 2 vaqondan ibarət 2 qatar hərəkət edir. Yay mövsümündən ötrü daha 4 vaqon mövcuddur. Bu qatarlar Naxçıvan sakinlərindən savayı, hərbi qulluqçulara da xidmət edir.

“Naxçıvan Dəmir Yolları” MMC-də bildiriblər ki, bilet qiymətlərini Tarif (qiymət) Şurası tənzimləyir. Lakin Şuranın qərarında bu haqda məlumat yoxdur.

Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında beynəlxalq sərnişin qatarının fəaliyyətə başlaması 2016-cı il fevralın 23-də Tehran şəhərində imzalanmış Çərçivə Sazişində öz əksini tapıb.

azadliqradiosu.az