XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

04 Yanvar 2017 - 21:40

Əliyar Səfərlinin atası sürgün olunubmuş –Sabiq səfirin tarixi yazısı

%c9%99liyar

“Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Filologiya elmləri doktoru, professor Əliyar Səfərlinin vəfat xəbəri bütün mütərəqqi ziyalılar kimi məni də kədərləndirdi”.

Bu sözləri filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent, şair-publisist Nizami Muradoğlu Strateq.az-a göndərdiyi məktubunda yazır.

Onun bildirdiyinə görə, mərhum professorla 2005-ci ildə bir görüşü olub və Əliyar bəydən çıxaracağı “Vətən dərdi” kitabı üçün bir xatirə yazmasını xahiş edib. Əliyar bəy də bu xahişi yerə salmayıb. Bu hüznlü gündə mərhumun xatirəsini yad etmək üçün Nizami Muradoğlu həmin yazını oxucularımızla bölüşmək məqsədilə bizə göndərib.

Biz də bu nəcib təşəbbüsü alqışlayır, Əliyar bəyin qələmindən çıxmış xatirəsini təqdim edirik:

***

Mənim atam

Mən Səfərli Əliyar Qurbanəli oğlu 1937-ci ildə anadan olmuşam. Anam danışardı ki, sən arpa biçini vaxtı dünyaya gəlmisən. Mənə verilən yaş kağızında təvəllüdüm haqqında latın əlifbası ilə belə qeyd olunub: “22 iyul 1937-ci il”.

Anam deyərdi ki, atan, əmin 37-ci ildə tutuldu, amma nəyin üstündə, niyə tutuldu, deyə bilmərik. Amma onu deyə bilərik ki, bir erməni gəlmişdi, Seyranyan. Ordubadda NKVD-nin (XDİK-N.M.) rəisi idi. Atanı o tutdurdu. Amma ondan əvvəl də biri var idi, deyəsən, Fİkrət Əhmədov olub – Nazirlər Sovetinin müavini, onun atası neçə dəfə çağırıb atama deyib ki, "Qurbanəli, sənin evində çörək yemişəm, mən səninlə dostam. Ancaq bununla neçənci dəfədir ki, mənə göstəriş gəlir ki, səni tutam. Sən ya İrana, ya da Zaqatalaya, Balakənə, Gənçəyə qaç get, yoxsa səni tutacaqlar".

Atam buna o qədər də əhəmiyyət vermir. Deyir ki, "mən uşaqlarımı, ailəmi, elimi, obamı qoyub heç yerə gedən deyiləm. Ölsəm də, burada öləcəyəm, qalsam da burada qalacağam".

Atamın çoxlu əlyazmaları və kitabları var idi. Əlyazmalarını bağların birində yerə basdırır və anama deyir ki, dünya düzələndə burada çoxlu qiymətli yazılar var, onları çıxarıb istifadə edərsiniz. Sonralar biz onu nə qədər axtardıqsa, tapa bilmədik. Ançaq mən elmi-tədqiqat işimlə bağlı bir neçə dəfə İrəvan şəhərinə getməli oldum. Həyat elə gətirdi ki, Matenadaranda əlyazmalar üzərində araşdırmalar aparanda atamın möhürü vurulmuş bir neçə əlyazmasına rast gəldim. Soruşdum ki, bu əlyazmalarını haradan gətirmisiniz? Dedilər ki, bizim xəbərimiz yoxdur. Ancaq mənə məlum oldu ki, atamın əlyazmalarının bir hissəsi bura gətirilibdir.

Xalq cəbhəsinin hakimiyyətdə olduğu dövrdə, 1993-cü ildə mənim tələbələrimdən biri MTN – də arxiv şöbəsinin müdiri işləyirdi. Günlərin bir günündə zəng elədi, mənimlə görüşdü və dedi ki, Siz bizə mühazirə oxuyanda deyirdiniz ki, atanızı 37-ci ildə tutublar. Dedim, bəli. Sonra o, bir qovluq çıxarıb stolun üstünə qoydu, mən onu vərəqlədim, müəyyən şeylər mənim üçün aydın oldu. O, mənə dedi ki, Siz atanızın erməni-müsəlman davasında müəyyən qəhrəmanlıqlar göstərdiyini bizə demişdiniz və burda biz bu qovluğu oxuyanda çox təəssüf etdik, hətta heyrətə gəldik.

Atamın maddəsi belə idi ki, erməni-müsəlman davası vaxtı mənim atam bir neçə nəfər ilə Türkiyəyə gedib, türklərə müraciət edib ki, bizə kömək etsinlər, yardım göstərsinlər. Mən demirəm ki, türklər mənim atamın sözü ilə bura gəliblər, amma hər halda, atam belə bir təşəbbüsdə bulunub. Mənim atamın qovluğunda yazılıb:

"Türk ordusunu Naxçıvana, Ordubada dəvət etdiyinə və eyni zamanda, onları ərzaqla təmin etdiyinə, kəndlilərə silah paylayıb döyüşə apardığına görə, Səfərov Qurbanəli Abbas oğlu 1937-ci ildə iyun ayının əvvəllərində Anabad kəndində tutulub sürgünə göndərilmişdir".

Qovluqdakı sənəddə atamın tutulmağının səbəbi açıq-aydın yazılıb. Hətta, qovluqda ayrı-ayrı adamların adı çəkilir ki, onlar atamın onlara silah paylaması, atmaq qaydalarını öyrətməsi, ermənilər ilə müharibə aparması haqqında ifadə veriblər.

Anam deyərdi ki, ermənilərlə müharibədə hamı qaçır, səngərdə atam ilə əmim qalır. Əmim də qorxuya düşmüşdü: "Dadaş, mən qorxuram, gəl qaçaq!"– deyir.

Atam çavab verir:

"Tağı, əgər qaçsan, səni özüm güllələyəcəyəm. Sən beşaçılanları doldur, mən ermənilərin kökünü kəsəcəyəm. Qorxma".

Əmim tüfəngləri doldurduqca atam təkbaşına ermənilər ilə vuruşub. Atam arası kəsilmədən ermənilərə güllə yağdırdığına görə onlar elə biliblər ki, səngərdə çox adam var. Amma əslində, səngərdə bircə nəfər, mənim atam vuruşurdu. Beləliklə, atam kəndi ermənilərdən qoruyub.

Mən uşaq idim. Bir dəfə bizim tövlənin divarından bir daş düşdü. Ordan çoxlu patron, güllə, xəncər və beşaçılan çıxdı. Demək, atam bu silahları burada gizlədib ki, erməni gələndə camaata paylasın.

Sonra NKVD gəlib bizim evimizi çox axtarıb, müəyyən silahlar tapıb aparıb, amma, görünür, bunları tapa bilməmişdi. Atamın kitablarını, evimizdə olan qiymətli əşyaları, nə qədər qızıl, gümüş var idi, hamısını Seyranyan yığıb aparmışdı. İndi aydın olur ki, o dövrdə, 37-ci ildə sürgün olunanların əksəriyyəti erməni-müsəlman davası ilə əlaqədar tutulmuşdu. Bu davada igidlik, qəhrəmanlıq göstərənlərin əksəriyyəti 37-ci ildə sürgünə göndərilmişdi. Səbəbi də bu adamların cəsarətli, igid, mərd olması, Vətənini, xalqını sevməsi, onu qoruması idi.

Mənim atam kənd camaatına nə deyib? Deyib ki, gəlin kəndimizi qoruyaq, qadınlarımızı, uşaqlarımızı ermənidən qoruyaq. Bir pislik eləməyib ki? O cümlədən, türk ordusunu ərzaqla təmin edib, burda nə pis cəhət var? Amma ermənilər müharibədə bilirdilər ki, kimlər onlara qarşı vuruşur. Sovetin vaxtında onları bir-bir tapıb aşkara çıxardılar və hökumətin əli ilə onlardan ermənilərin qisasını aldılar. Onların qisas aldıqları adamlardan biri də mənim atam idi.

Sonra mən həmin arxiv müdirindən soruşdum ki, bəs sizdə mənim atamın şəkli varmı? Dedi ki, burda əlliyə qədər şəkil var, gətirim bax. Getdi gətirdi, şəkilləri düzdü stolun üstünə, dedi ki, hansı sənin atandı?

Mən axı, heç atamı görməmişəm. Atam tutulandan on-on beş gün sonra doğulmuşam. Evdə də şəkli olmamışdı.

Baxdım şəkillərə, birinin üstünə əlimi qoydum:

– Mənim atam budur!

Şəkli döndərdilər, baxdılar ki, arxasında yazılıb: Səfərov Qurbanəli Abbas oğlu.

Əməkdaş dedi:

– Bəs, sən atanın şəklini görməmisən?

–  Yox, ilk dəfədir görürəm.

– Bəs, onda atanı neçə tanıdın?

– Baxdım, gördüm ki, eynilə böyük qardaşıma oxşayır. Fikirləşdim ki, ancaq bu ola bilər və başqaları da məni cəzb eləmirdi, beləliklə, mən atamın şəklini ilk dəfə 1993-cü ildə gördüm.

Atam Qazaxıstanda, Qırğızıstanda sürgündə olubdur. Sonrakı aqibəti bu günə qədər mənə məlum deyil. Çox çalışdım, heç olmasa, atamın qəbrini tapım, amma tapa bilmədim…

 

Strateq.az