İraq Silahlı Qüvvələrinin Mosul əməliyyatına başlamasından, hardasa, 3 ay vaxt keçir – 88 gün. Bu müddət ərzində şəhərin böyük hissəsi hələ də işğaldan azad olunmayıb.
Strateq.az xəbər verir ki, Dəclə çayının ikiyə ayırdığı Mosulu şərti olaraq iki yerə ayırmaq mümkündür – Şərqi və Qərbi Mosul. Şəhərin ümumilikdə 183 məhəlləsi var və bunun 99-u Dəclənin qərb, 84-ü isə şərq sahilində yerləşir.
İndiyə qədərki hərbi əməliyyatlar isə əsasən Şərqi Mosulda həyata keçirilib. Əməliyyatlar nəticəsində şəhərin gündoğan tərəfində cəmi 50 məhəllə işğaldan qurtarılıb, 12 məhəllə uğrunda döyüşlər gedir, 22 məhəllə İŞİD-in nəzarətindədir.
Qərbi Mosulda isə bu günədək əməliyyatlar başlamayıb.
Mütəxəssislər əməliyyatların şərqdən başlamasının səbəbini regional amillərlə izah edirlər. Hərbi ekspert Ədbülsəməd Tofiq əl-Qafın fikrincə, başlıca səbəblərdən biri Mosulun şərq hissəsinin İŞİD üçün avantajlı olmamasından qaynaqlanır. Belə ki, “İŞİD küçə döyüşlərində xüsusi təcrübələrə sahibdir. Şərqi Mosul isə sonradan inşa edildiyindən küçələri genişdir və daha asan nəzarət altına alına bilər. Bu yerdə məskunlaşan sakinlər də sonradan Mosula köçənlərdir. Məhz buna görə də daha kosmopolit xarakterə sahibdirlər”.
Mosulun qərb sahili isə köhnə şəhər olduğundan küçələri dar və keçilməzdir. İŞİD həmin ərazidə daha rahat manevr etmək imkanına malik olduğu üçün qarşı tərəfə ciddi zərər vura bilər. Üstəlik, qərbi mosullular şərqli həmşəhərliləriylə müqayisədə daha mühafizəkarlıqları ilə seçilirlər və İŞİD-i ciddi şəkildə dəstələyirlər. Bu amil də əməliyyata qərbdən başlamağı çətinləşdirir.
Uzun sözün qısası, 88 gün ərzində Mosulun ən rahat 4/1 hissəsinin qurtarılması bu şəhərdə yoğrulan xəmirin hələ çox su aparacağından xəbər verir.
Heydər Oğuz