XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

26 Mart 2015 - 09:06

Azərbaycanda hansı partiya liderinin cangüdəni var? – Sorğu

teleoxranitel.jpg

Əksər ölkələrdə fəlaiyyət göstərən siyasi partiyaların çoxunda mühafizə xidməti təşkil olunur. Bu, həm partiya, həm də onun liderinin təhlükəsizliyinin təmin olunmasında xüsusi əhəmiyyət daşıyır.

Bəs Azərbaycanda fəaliyyət göstərən partiya və onların liderləri necə mühafizə olunur?! Hər hansı təhlükəyə qarşı tədbirləri görülürmü?!

Strateq.az xəbər verir ki, Modern.az saytı Azərbaycanda fəaliyyət göstərən müxalifət partiyalarının necə mühafizə olunduğunu araşdırıb.

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa mühafizə sisteminin təşkil olunması ilə bağlı müraciət etməyin əhəmiyyətsiz olduğunu düşünür.

“Demək olar ki, nə mənim, nə də partiyanın mühafizəsi var. Deyə bilmərəm ki, indiyədək buna ehtiyac duymamışam. Təbii ki, ehtiyac duymuşam. Sadəcə olaraq, mühafizə məsələlərinin təşkili imkanla bağlıdır. O cümlədən, silahla təminat və başqa məsələlər var ki, müraciət olunsa belə, icazə verməyəcəklər. Ona görə də müraciət etməyin faydası qalmır. Allah ümidinə özümün və partiyamızın fəaliyyətini davam etdiririk”.

Müsavat Partiyası başqan müavini Gülağa Aslanlı mühafizənin təşkil olunmasına ehtiyac duymadıqlarını deyir:

“Hazırda Müsavat başqanının mühafizəçisi yoxdur və bu, heç bir formada da təşkil olunmayıb. O cümlədən partiyanın da xüsusi mühafizəçisi yoxdur. Sadəcə olaraq, partiyanın gözətçisi var. Onun da işi səhər qərargahın qapılarını açmaq, axşam isə bağlamaqdır. Gözətçinin üzərinə götürdüyü öhdəlik budur. Vəssalam. Eyni zamanda, bu günə qədər mühafizənin təşkil olunması ilə bağlı ehtiyac hiss etməmişik və elə bir təşəbbüsdə də olmamışıq”.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı sədr Əli Kərimlinin mühafizə olunduğunu deyir:

“Əvvəla, partiyamızın qərargahı olmadığı üçün daimi fəaliyyət göstərən mühafizə xidməti də yoxdur. Sadəcə olaraq, cəbhəçilər könüllülük əsasında partiya sədrini mühafizə edirlər. Yəni Əli Kərimlinin mühafizə olunmasında cəbhəçilər müxtəlif vaxtlarda könüllü olaraq iştirak edirlər. Azərbaycanda vətəndaşlara silah gəzdirmək hüququ verilmədiyi üçün AXCP- də də kimsə icazə əsasında silah daşımır. Əli bəyi də mühafizə edənlər silahsız AXCP-çilərdir”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev silahlı mühafizəçisinin olub-olmadığı haqqında danışmaq istəmir:

“Bizim mühafizəmiz ən yüksək səviyyədə təmin olunur. Amma mühafizəmizin silahlı olması barədə heç nə deməyəcəyəm. Qoyun bu sirr olaraq qalsın. Açığı deyim ki, partiya üzvləri tərəfindən mühafizə olunuruq. Biz xalqın içində olduğumuza görə xalqdan təhlükə gözləmirik. Gözlədiyimiz təhlükə tamam başqa cinahlardandır. Əgər sabah hər hansı təxribat törədilərsə, mühafizənin onun qarşısını alması mümkün deyil. Eyni zamanda, həm partiyamızın qərargahı, həm də şəxsi mühafizəm tam nəzarət altındadır. Bizi narahat edən daxili qüvvələr yox, xarici qüvvələrdir. Azərbaycanda qarışıqlıq salmaq və hakimiyyəti devirmək istəyən xarici qüvvələr var. Həmin qüvvələrə qarşı çıxan da Hafiz Hacıyevdir. O cümlədən, hakimiyyət daxilində olan, bir-birinə silah çəkən məmurlara qarşı çıxan da Hafiz Hacıyevdir. özümü xarici qüvvələrdən qoruyuram, amma daxili qüvvələr haqqında bunu deyə bilmərəm. çünki Azərbaycan hakimiyyətində bəzi məmurlar var ki, onların xoşuna gəlmirəm. Qorxduğum da budur. Ona görə də mühafizə mütləq lazımdır”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev də mühafizənin təşkil olunmasına ehtiyac duymayan siyasətçilər arasındadır:

“Bu vaxta kimi nə partiyamızın, nə də mənim şəxsi mühafizəm olub. çünki özümü bu milləti mühafizə edən adamlar kimi, əsgər kimi hiss edirəm. Heç kimdən, heç nədən qorxum yoxdur. Xalqımın içində oluram və xalqımdan da ehtiyatlanmıram. Mühafizə saxlamağa heç bir ehtiyac görmürəm. Ehtiyacım olmadığına görə mühafizəmin təşkili ilə bağlı heç yerə müraciət etməmişəm və düşünmürəm də”.

Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan silahlı mühafizə saxlamağı müxalifət düşərgəsi üçün məqbul saymır:

“Bizim partiyada silahlı mühafizəçi yoxdur. Müxalifət partiyası silahlı mühafizəçi saxlayarsa, dərhal Azərbaycan şəraitində həbs oluna bilər. Təbii ki, kənara çıxanda həm partiya, həm də partiyanın liderinin təhlükəsizliyi təmin edilir. Amma bu, partiyamızın və liderimizin mühafizəsinin olması anlamına gəlməməlidir. Sadəcə olaraq, partiya üzvlərinin köməkliyi ilə mühafizə olunuruq. O da silahsız”.

KXCP-nin sədri Mirmahmud Mirəlioğlu özünü və partiyasını Allahın ümidinə buraxdığını deyir:

“Bizi Allah qoruyur. ümumi şərtlərlə partiyamız və özümüz qorunuruq. Partiyamızın yerləşdiyi ərazi elədir ki, 24 saat kamera ilə təchiz olunub. Belə deyək də, hamımız bir-birimizi, hamımızı da Allah qoruyur. Bu vaxta qədər mühafizə məsələsi ilə bağlı heç yerə müraciət etməmişik”.

Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər mühafizə məsələsinin təşkil olunmasından əvvəl müxalifət haqqında qanunun zəruriliyini önə çəkir:

“Nə özümün nə də partiyamın mühafizə xidməti təşkil olunub. Buna ehtiyac görmürəm. Düzdür, yaxın qonşu ölkələrdə bu olsa da, Azərbaycanda yoxdur. Ona görə ki, Azərbaycanda çox şey yoxdur. Azərbaycanda birinci müxalifət haqqında qanun olmalıdır. Həmin qanunda siyasi liderlərin, müxalif partiyalarının statusu müəyyən olunmalıdır və bu çərçivədə partiyaların mühafizəsi məsələsinə də baxıla bilər. Eyni zamanda, bu, ikitərəfli ola bilər. Ya dövlət özü ümumi qaydada mühafizə ayıra bilər, ya da partiya lideri müraciət etdikdə onun xahişi əsasında dövlət mühafizə tədbirləri görə bilər”.