“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ problemini Azərbaycanın daxili işi hesab etməməsini Ədalət partiyası olaraq qınayır və bildirirrik ki, Lavrov bu məsələyə münasibət bildirərkən iki şeyi unutmamalıdır: birincisi, o, Ermənistanın yox, Rusiyanın xarici işlər naziri kimi Dağlıq Qarabağa dair fikir söyləyərkən, milli-irqi mənsubiyyətinə yox, beynəlxalq hüquqi normalara və tarixi faktlara söykənməlidir. İkincisi, bu tipli münaqişələrlə bağlı mövqe sərgiliyərkən xatırlamalıdır ki, Rusiya dövləti öz suveren hüquqlarını çeçen separatçılarından qoruyarkən məsələyə öz daxili işi kimi yanaşaraq hansı addımları atmışdır”.
Strateq.az xəbər verir ki, bu bəyanatı Ədalət Partiyası yayıb.
Bəyanatda həmçinin qeyd olunur: “O ki qaldı beynəlxalq təşkilatların bu problemlə bağlı qəbul etdikləri, istər atəşkəs rejiminin pozulması ilə, istər Ermənistanın qəsbkar dövlət kimi zəbt olunmuş torpaqlardan qeyd-şərtsiz çıxmalı olması ilə bağlı sənədlərə, onların heç birində nə Azərbaycanın ərazi bütövlüyü, nə də bu məsələnin Azərbaycanın daxili işi olması şübhə altına alınır. Erməni milləti XX əsrin əvvəlində "öz müqəddaratını təyinetmə hüququndan" istifadə edərək Azərbaycan torpaqları hesabına öz dövlətlərini yaratmışdır. Onların bu gün yürütdükləri siyasət separatçı-terrorçu hərəkat kimi qiymətləndirilməli və Azərbaycanın bu təcavüzə qarşı mübarizəsinə onun daxili məsələsi kimi yanaşılmalıdır. Ukraynanın Krım bölgəsini "tarixi ərazilər"adı ilə ilhaq edərək, beynəlxalq huquqa məhəl qoymayan Rusiyanın məntiqindən çıxış etsək, Azərbaycan nəinki işğal olunmuş torpaqlarımızı, hətta tarixi ərazilərimizi güc yolu ilə qaytarmağa məhkumdur. Cəmiyyətimizin dövlətə inamını bərpa edərək, milli həmrəylik yaradaraq, ərazi bütövlüyümüzün bərpasına nail olmalıyıq”.