İraq dövləti Portuqaliyadakı səfiri Məhəmməd Rzanı geri çağırıb.
Buna səbəb səfirin əkiz oğullarının bir yeniyetməni vəhşicəsinə döydükdən sonra onlara məxsus diplomatik toxunulmazlığın ləğv edilməsidir.
Strateq.az xəbər verir ki, bunu Portuqaliyanın xarici işlər naziri Auqusto Santos Silva bildirib.
Prokurorlar ötən ilin avqust ayında baş vermiş hadisə ilə bağlı Heydər və Rza Əli qardaşlarını sorğulamaq istəyib.
“Portuqaliya İraq səfirini “persona non qrata” elan etməyib, o, ölkəsi tərəfindən geri çağırılıb”, – deyə nazir Lissabonda jurnalistlərə bildirib.
Portuqaliyanın inadlı təkidlərinə baxmayaraq, İraq hakimiyyəti səfirin iki oğlunun diplomatik toxunulmazlığının ləğvi üçün kifayət qədər əsasın olmadığını bildirib.
Xatırladaq ki, 2016-cı il avqustun 17-də Ponte de Sor şəhərində yerli sakinlərlə qardaşlardan birinin təhsil aldığı məktəbin şagirdləri arasında dava baş verib. Qardaşların əməli sayəsində 15 yaşlı yeniyetmə ciddi kəllə-beyin zədəsi alıb. Nəticədə səfirin 17 yaşlı oğulları həbs olunub, lakin diplomatik toxunulmazlıqları olduğundan onlar sonradan sərbəst buraxılıblar.
Yanvarın 18-də Portuqaliya Prokurorluğu Rza qardaşlarını “adam öldürməyə təşəbbüs” maddəsi ilə istintaqa cəlb etməyə çalışıb.
Yerli mənbələrin iddiasına görə, səfir işin məhkəməyə gedib çıxmaması üçün zərərçəkmişin ailəsinə 4 min avro və tibbi xərcləri ödəmək üçün əlavə 12 min avro pul verib.
Bundan başqa, hələ ötən il dava zamanı özünü müdafiə etdiyini iddia edən Heydər və Rza Əli Portuqaliyanın “SİC” telekanalına müsahibədə peşman olduqlarını və vicdan əzabı çəkdiklərini bildiriblər.
Ə.Rzazadə