XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

27 Yanvar 2017 - 16:20

Vidadi Zeynalov: “İcra başçıları xahiş edirdi ki…” –Rabitəçilərin məhkəməsi

vidadi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Fətullah Abdullayev ifadəsində deyib ki, nazirlikdə baş mühasib kimi çalışıb. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edib.

Ramiz Sadıqov qeyd edib ki, Beyləqan Telefon qovşağında rəis vəzifəsində işləyib. O bildirib ki, tapşırıq əsasında rayonda 2 telefon qovşağı tikilib: "Tikinti üçün ayrılan məbləğlərdən nazirliyə pul qaytarmamışıq".

Qoşun Alıyev qeyd edib ki, Daşkəsəndə Poçt filialının rəisi vəzifəsində çalışıb. O da istintaqa ifadəsini təsdiq edib.

Zülfəli Muradov isə bildirib ki, Neftçalada Telefon qovşağının rəisi vəzifəsində işləyib. Onun sözlərinə görə, tenderdə qalib gələn təşkilatlar rayonda kabel çəkilişi ilə məşğul olublar.

Şahidin ibtidai istintaqa ifadəsi ilə məhkəmədəki ifadəsi arasında ziddiyyət yaranıb. Şahidin ibtidai istintaqa ifadəsi elan olunub. Z. Muradov ifadəsində bildirib ki, Neftçala telefon qovşağına ümumilikdə 3 milyon manat pul ayrılıb:

"Bu vəsait Oqtay Rüstəmovun tapşırığı ilə “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-yə verilib. 2014-cü ildə isə qovşağa 84 min manat vəsait köçürülüb və bu da Oqtay Rüstəmovun tapşırığı ilə "Tigro" şirkətinin hesabına köçürülüb. Yəni, tikinti işlərini aparacaq şirkət rəhbərlik tərəfindən qabaqcadan müəyyən olunurdu. Tenderlər formal xarakter daşıyırdı. Digər tərəfdən, görülən işlərlə bağlı rəqəmlər Namazalı Məmmədov tərəfindən şişirdilirdi".

Sonra şahid ifadəsini təsdiq edib.

Təqsirləndirilən Namazalı Məmmədov isə şahidin ifadəsinə etiraz edib, görülən işlərin qanun çərçivəsində aparıldığını qeyd edib.

Zaur Məmmədov Cəlilabad rayonunda Telefon qovşağında rəis vəzifəsində işlədiyini deyib.

Vidadi Zeynalovun vəkili şahidə sual verərək, ibtidai istintaqa iki dəfə ifadə verməsinin səbəbini soruşub. Şahid isə istintaq orqanın çağırışı ilə ikinci dəfə ifadə verdiyini qeyd edib. Hakim şahidin istintaqa verdiyi hər iki ifadəsini elan edib.

İfadəsində şahid bildirib ki, Cəlilabadda görülən işlərin miqdarı 160 min manat məbləğində şişirdilib. Onun sözlərinə görə, təqsirləndirilən Oqtay Rüstəmov tapşırıq verib ki, kotirovkalar üçün ayrılan vəsaitin 35 faizi geri göndərilməlidir və bu pulların 10 faizi Məmməd Məmmədova çatırmış: "Hər şeyə Vidadi Zeynalov nəzarət edirdi. Bəzən qovşaqlara ayrılan vəsaitlər yalnız kağız üzərində idi. Tenderlər keçirilmirdi, şirkətlər təyinatla iş görürdü".

Şahid ifadəsini təsdiq edib.

Təqsirləndirilən Vidadi Zeynalov qeyd edib ki, bəzi rayonların icra hakimiyyəti başçılarının tapşırığı ilə rayonlarda olan telefon qovşağı binaları təmir olunub: "Bununla bağlı nazirliyə müraciət edilirdi. Bu məbləğ isə nazirlik tərəfindən ayrılırdı. Bina köhnə olduğundan, icra başçıları xahiş edirdi ki, rayonu gözəlləşdirmək üçün binanı təmir edək".

Digər şahid Musa Kazımov deyib ki, Cəlilabad poçt filialının rəisi işləyib. O, ibtidai istintaqa ifadəsini təsdiq edib.

Proses fevralın 1-də davam etdiriləcək(APA)

Qeyd edək ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyənləşib.

Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.

İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.