XƏBƏR LENTİ

04 İyun 2020

Digər Xəbərlər

31 Yanvar 2017 - 15:49

Bakıda Azərbaycan-Qətər hökumətlərarası komissiyasınınilk iclası keçirilib

Qətər

Bu gün Fövqəladə Hallar Nazirliyində (FHN) Azərbaycan hökuməti ilə Qətər Dövləti hökuməti arasında birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın 1-ci iclası keçirilib.

İclasdan əvvəl komissiyanın həmsədrləri –  Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Qətər xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Taninin təkbətək görüşü olub. Sonra Kəmaləddin Heydərov və Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Taninin həmsədrliyi ilə birgə hökumətlərarası komissiyanın iclası başlayıb.

K. Heydərov bildirib ki, Azərbaycan hökuməti ilə Qətər Dövləti hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın hazırladığı sənədlər əsasında əməli işlər görüləcək: “Ümid edirəm ki, həm Qətər, həm də Azərbaycan iş adamlarının iqtisadiyyat sahəsində quracaqları müştərək şirkətlərin fəaliyyətindən, yatırılacaq qarşılıqlı investisiyalardan həm Azərbaycan, həm də Qətər xeyir götürəcəklər. İmzalanacaq protokol çərçivəsində gələcəkdə müştərək fondun yaradılması birgə işimizə faydalı ola bilər”.

Qətər xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani səmimi qarşılanmaya görə K. Heydərova öz təşəkkürünü çatdırıb. O deyib ki, hökumətlərarası birgə komissiya gələcəkdə iki dövlət arasında əlaqələrin inkişafına öz töhfəsini verəcək: “Birgə komissiya 2016-cı ilin əvvəllərində əlahəzrət Qətər əmirinin Azərbaycana səfəri nəticəsində yaranıb. Biz ümidvarıq ki, iki ölkə arasında əməkdaşlıq bütün sahələri əhatə edəcək. İki qardaş ölkənin əlaqələrinin genişlənməsində bu komissiya öz müsbət rolunu oynayacaq. Biz ölkələrimiz arasında əlaqələri yaxşılaşdırmalıyıq. Qətərlə Azərbaycan arasında əlaqələr daha da inkişaf edəcək. İki ölkə arasında strateji əməkdaşlıq genişlənəcək və biz ölkələrimizin ehtiyaclarına uyğun tələbləri ödəyəcəyik”.

Toplantıda Azərbaycanla Qətər arasında əlaqələrin yüksək templə inkişaf etdiyi vurğulanıb, dövlət başçılarının qarşılıqlı səfərləri və bu səfərlər zamanı imzalanan sənədlər, əldə olunan razılaşmalar sayəsində əlaqələrin son illər dinamik şəkildə genişləndiyi xüsusi qeyd edilib. Qətər əmiri Şeyx Təmim bin Həməd Al Taninin 2016-cı ildə Azərbaycana səfərinin uğurlu keçdiyi bildirilib. Azərbaycan prezidenti İlham Əliyevin bu ilin fevralında Qətər Dövlətinə nəzərdə tutulan səfərinin iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafına təkan verəcəyinə əminlik ifadə edilib. Azərbaycanın ixrac yönümlü məhsullarının Körfəz bazarına çıxarılmasının, Körfəz ölkələri ilə sərmayə əməkdaşlığının təşviq edilməsinin hazırda prioritet istiqamətlərdən olduğu və bu xüsusda dövlət və özəl şirkətlərin səylərinin artırılmasının mühüm əhəmiyyət kəsb etdiyi də vurğulanıb. Qarşılıqlı prinsip əsasında Azərbaycan vətəndaşlarına Qətər Dövlətinə daxil olduqda viza verilməsi təklifinin müsbət cavablandırılması yüksək qiymətləndirilib.

İclasda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb və müzakirələrin yekununa dair protokol komissiyanın həmsədrləri – Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Qətər Dövlətinin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani tərəfindən imzalanıb.  (APA)