“Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən Avropa İttifaqının dəstəyi ilə icra olunan “Məişət zorakılığının aradan qaldırılması üçün tədbirlərin görülməsi” layihəsi çərçivəsində "Hyatt Regency Baku" mehmanxanasının Əmirov zalında layihə yekunlarına həsr olunmuş konfrans keçirilib.
Konfransda Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin departament rəhbəri Yerun Villems, proqram rəhbəri Məryəm Hacı İsmayılova, Baş Prokurorluq, Ədliyyə Nazirliyi, DİN, Ombudsman Aparatı, Almaniya, Fransa, İsveçrə səfirliklərinin, həmçinin GİZ, German Marşall Fondunun nümayəndələri, yerli QHT-lər və KİV təmsilçiləri, müstəqil ekspertlər iştirak edib.
Konfransda “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, “Qadınlar Arasında Həmrəylik” İB-nin sədri Ruhəngiz Hüseynova, Aİ Azərbaycan nümayəndəliyinin Əməliyyatlar Bölməsinin Rəhbəri Yerun Villems salamlama nitqi ilə çıxış ediblər.
Ə.Nuriyev qeyd edib ki, layihə çərçivəsində son illərdə Azərbaycanda ilk dəfə olaraq prokurorluq, ədliyyə orqanları, yerli icra hakimiyyəti əməkdaşları və məhkəmə işçiləri üçün məişət zorakılığının əsas səbəbləri və gender bərabərliyi konsepsiyası, zorakılıqdan zərər çəkən şəxslərin müdafiəsi, məişət zorakılığı cinayətlərinin araşdırılması zamanı qanunvericiliyin tətbiqi ilə bağlı peşəkat təlimlər keçirilib. Təlimlərin əsas hədəfi iştirakçıların kvalifikasiyasının artırılması olub. Bu istiqamətdə çox ciddi nəticələr əldə edilib. Eyni zamanda maarifçilik komponenti çərçivəsində çox miqyaslı fəaliyyətlər həyata keçirilib.
Ə.Nuriyev layihənin donoru Aİ-nin Azərbaycan Nümayəndəliyinə, çox sıx əməkdaşlığa görə Baş Prokurorluq, Ədliyyə Nazirliyi, DİN-ə təşəkkürünü bilidirib. Eyni zamanda son 1 ildə məhsuldar işləyən layihə komandası və ekspertlərə minnətdarlıq edib.
R.Hüseynova bildirib ki, layihənin ən böyük uğurlarından biri Azərbaycan təcürbəsində ilk dəfə olaraq 15 saatlıq təlim kursunu əhatə edən “Gender bərabərliyi və məişət zorakılığı anlayışı”, “Azərbaycanda məişət zorakılığına dair qanunvericilik”, “Məişət zorakılığı hallarında ilkin müdaxilə”, “İnzibati Xətalar Məcəlləsi və məişət zorakılığı halları”, “Cinayət Məcəlləsi və məişət zorakılığı halları” mövzularında təlim modullarının hazırlanması və vahid təlim vəsaiti kimi nəşr olunmasıdır.
Onun sözlərinə görə, layihə çox uğurla icra olunub, dövlət qurumları, yerli icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilib. Kompleks tədbirlər vasitəsilə bir tərəfdən məişət zorakılığı hallarının araşdırılması, qurbanların müdafiəsi sahəsində qanunvericiliyin effektiv tətbiqinə, müvafiq dövlət qurumları əməkdaşlarının bu sahədə kvalifikasiyasının artırılmasına, digər tərəfdən ictimai səylərlə məişət zorakılığı hallarına qarşı preventiv tədbirlərin görülməsinin genişləndirilməsinə nail olunub.
Yerun Villems bildirib ki, qadınlara qarşı zorakılıq hazırda insan hüquqlarının pozulmasının ən geniş yayılmış formasıdır. Avropa Şurasının məlumatına görə, Avropada qadınların 45% ömründə bircə dəfə də olsun zorakılığa məruz qalıb. O, əlavə edib ki, profilaktika hər zaman müalicədən yaxşıdır: “Biz zorakılığın nəticələrinə qarşı mübarizə aparmaqdansa, zorakılıq hallarına son qoyulmasına çalışmalıyıq. Qadınların ictimai həyatda bərabərhüquqlu iştirakına nail olmaq üçün diskriminasiya yaradacaq qanunlar dəyişməli və parktikaya son qoymalıyıq, qadınlara iqtisadi resurslara çıxışına imkanlar yaratmalıyıq”.
Onun sözlərinə görə, Avropa İttifaqı gender bərabərliyi, məişət zorakılığına qarşı mübarizə məsələlərini hər zaman diqqətdə saxlayır. Bu istiqamətdə müvafiq dövlət qurumları və QHT-lərlə sıx işləməyə çalışır. Avropa İttifaqı hər zaman bu məsələlərlə bağlı təşəbbüsləri dəstəkləməyə səy göstərir.
Salamlama nitqlərindən sonra R.Hüseynova layihə fəaliyyətlərinə və nəticələrə həsr olunan təqdimatla çıxş edib. Onun sözlərinə görə, Lahiyə çərçivəsində Quba, Masallı, Bərdə, Yevlax, Mingəçevir, Şəmkir, Goranboy və Şəkidə 3 gün müddətində 15 saatlıq təlim kursu təşkil olunub.
Təlim qanunvericiliyin tələbləri, məişət zorakılığının qarşısının necə alınması, yanaşma tərzi və qurbanları müdafiə etmək haqqında xüsusi qruplarla işləmək praktikasını təkmilləşdirmək məqsədilə keçirilib. Təlimlərdə 191 (45 qadın-146 kişi) nəfər iştirak edib.
Lahiyə çərçivəsində Quba, Masallı, Bərdə, Yevlax, Mingəçevir, Şəmkir, Goranboy və Şəkidə dəyirmi masalar təşkil olunub. Dəyirmi masalar qadınların hüquqları haqqında məlumatlılığın artırılması, onları məişət zorkılığından qorunma yolları və qanunvericiliklə tanış etmək, məişət zorakılığı qurbanlarına yanaşma tərzini dəyişmək məqsədilə keçirilib. Dəyirmi masalarda rayon ictimaiyyətini təmsil edən 287 fəal qadın iştirak edib. Tədbir iştirakçılarına xüsusi materiallar (buklet, liflet, qanunvericilikdən çıxarış) təqdim olunub.
Quba, Masallı, Mingəçevir, Şəki və Goranboyda məktəblərdə yuxarı sinif şagirdləri ilə görüşlər təşkil olunub. Müazakirələr debat formasında aparılıb. Görüşlər məktəblilərdə digər cinslərə qarşı dözüm formalaşdırmaq, ailələrdə məişət zorakılığının necə və nə üçün baş verməsi və onun qarşısının almaq üçün müzakirələrin aparılması məqsədilə keçirilib. Görüşlərdə yuxarı siniflərdə təhsil alan 211 (116 qız, 95 oğlan) şagird iştirak edib.
Layihə çərçivəsində, həmçinin iki sosial çarx çəkilib. 2000 buklet, 7000 liflet, 200 poster nəşr olunub, 360 dəst qanunvericilikdən çıxarış çap olunub.
Təlim keçirilən rayonlarda əhalinin məişət zorakılığına yanaşmasını və bu yanaşmanın dəyişməsini öyrənmək məqsədilə 500 nəfər arasında qiymətləndirmə sorğusu keçirilib.
Azərbaycanda məişət zorakılığının qarşısının alınması üçün həyata keçirilən tədbirlərin dəyərləndirilməsi və səmərəliliyinin artırılması üçün tövsiyələri də əhatə edən Siyasət sənədi hazırlanıb.
Layihə nəticələrinin təqdimatından sonra sosial çarxlar nümayiş olunub.
Layihə eksperti Zaur İbrahimov məişət zorakılığının qarşısının alınması üçün həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması üçün tövsiyələri təqdim edib.
Müzakirələr zamanı Ombudsman Aparatının təmsilçisi Rəşad Rumzadə, Sədaqət Paşayeva, Səadət Bənənyarlı, Sabit Bağırov, Mirəli Hüseynov, Hafiz Həsənov, Südabə Şirəliyeva, Xaqani Səfəroğlu, İsveçrə səfirliyinin təmsilçisi Zahir Əhmədov, Daxili İşlər Nazirliyinin nümayəndələri öz fikirlərini bölüşüblər.
Müzakirələr zamanı məişət zorakılığına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi üçün qanunvericiliyin təkmilləşdirilməsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyətlərinin artırılması, xüsusi sığınacaqların, “Qaynar xətt”lərin təşkili, zorakılığın psixoloji səbəblərini öyrənməyə imkan verən psixoloji tədqiqatların aparılması, etibarlı statistik məlumatların toplanması sisteminin yaradılması, xanımların iqtisadi fəallığının, təhsil səviyyəsinin artırılması üçün təşəbbüslər, yerli polis və icra hakimiyyəti strukturlarının daha səmərli fəaliyyət göstərməsinə imkan verəcək tədbirlərin görülməsi, regionlarda yerli icra hakimiyyətləri tərəfindən problemli ailələrlə bağlı məlumat bazasının yaradılması və nəzarətin həyata keçirilməsi ilə əlaqədar təkliflər, tövsiyələr, fikirlər səsləndirilib.
Strateq.az