XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

07 Fevral 2017 - 23:05

Tramp hakimiyyəti də kürd separatçılarını silahlandırır –Raqqaya hücum

texnika

Türkiyənin başı əl-Babda “Fərat qalxanı” əməliyyatına qarışarkən, PKK-nın Suriya qanadı kimi tanınan PYD İŞİD-in ikinci paytaxtı Raqqa istiqamətində irəliləyişlərə imza atıb.

Strateq.az xəbər verir ki, böyük əksəriyyəti PYD-dən formalaşan Demokratik Suriya Gücləri Raqqanın 23 kilometrliyinə qədər yaxınşlaşa bilib və hərbi strateji əhəmiyyət daşıyan Mışrafa kəndini ələ keçirib.

Müşahidəçilər bu irəliləyişin səbəbini kürd separatçılarının ABŞ tərəfindən ən müasir hərbi texnika ilə təchiz olunmasıyla əsaslandırırlar.

Ötən həftə Kanada istehsalı olan çox sayda zirehli texnikanın göndərildiyi PYD-nin əlindəki bu silahlar ABŞ-ın müxtəlif telekanallarında açıq şəkildə nümayiş olunmuş və Ankarada narazılıqla qarşılanmışdı. PYD-nin “Fərat qəzəbi” adlı Raqqa əməliyyatı çərçivəsində həmin texnikalardan artıq istifadə olunmağa başlandığı xəbər verilir.

Raqqa-əl-Bab xətti Suriyanın şimalında şərti olaraq “kürd zolağı” adlandırdığımız ərazidə strateji əhəmiyyətə sahib bölgədir. Hafiz Əsəd zamanında 6 inzibati vahidə bölünərək, aralarına ərəblərin yerləşdirildiyi və xəyali “Kürdüstan”ın qurulmasının əngəlləndiyi bu coğrafiyada ortaya çıxacağından ehtiyat edilən yeni dövlət Türkiyənin də ərazi bütövlüyünü təhdid edir. Nədən ki, Suriyanın və İraqın şimalında meydana gələn bu yeni təzahürlər PKK silahlılarının həm ilham qaynağına, həm də lojistik məkanına çevrilə bilər. Pespektiv təhlükəylə üzləşmək istəməyən Ankara iş-işdən keçməmiş məsələni öz ərazi bütövlüyü çərçivəsində həll etməyə çalışır və əslində ötən ilin sonlarında başlanan “Fərat qalxanı” əməliyyatı da bu məqsədə xidmət edir.

Görünüşdə Türkiyənin strateji ortağı kimi çıxış edən ABŞ-ın kürd separatçılarını “İŞİD-lə mübarizə” bəhanəsilə açıq-açığına silahlandırması dəfələrlə Ankaranın sərt etirazına səbəb olub. Obama zamanında Ankara-Vaşinqton arasında gərgin dialoqların yaşanmasına baxmayaraq, bu reaksiyaların heç bir müsbət nəticələrindən söhbət gedə bilməz. Yeni prezident Donald Trampın hakimiyyəti dövründə də eyni siyasətin davam etdirilməsi imperialist maraqların hökumət dəyişikliklərindən asılı olmadığını bir daha təsdiqləyir.

Suriyanın şimalında Ankaranı ciddi narahat edən bu hadisələrin yaşandığı bir zamanda ABŞ-ın yeni prezidenti Donald Trampın bu gecə Rəcəb Tayib Ərdoğanla telefon danışığı gözlənilir. Xeyli gərgin atmosferdə keçəcək bu danışığın müsbət nəticə verib-verməyəcəyi isə bilinmir. Bilinən yeganə mətləb bundan ibarətdir ki, “Kürdüstan kartı” hər zaman Türkiyəyə qarşı “kozır” kimi istifadə olunub və bundan nə kürdlər, nə də türklər heç bir uğur əldə etməyiblər. Mümkündür ki, bu dəfə də Tramp öz həmkarıyla müyyən sövdələşmələrə gedərək, bəzi güzəştlər qoparmağa çalışsın və “Kürdüstan kartı” yeni sövdələr üçün konservləşdirilsin. Hər zaman olduğu kimi…

Heydər Oğuz

Strateq.az