XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

08 Fevral 2017 - 12:23

Suriyasayağı məhkəmə:Beynəlxalq Aministiya Təşkilatının hesabatından

 

suriya1

5 ildən artıq davam edən vətəndaş müharibəsində yüzminlərlə vətəndaşın öldürüldüyü, milyonlarla sakinin digərgin düşdüyü Suriyada həbsxanalar da əsl insan qəssabxanasına bənzəyir.

Məlumata görə, ölkədəki təkcə bir həbsxanada əksəriyyəti mülki müxaliflərdən olan 13 mindən artıq adam öldürülüb.

Starteq.az xəbər verir ki, bu məlumatı Beynəlxalq Aministiya Təşkilatı yayıb.

Təşkilatın hazırladığı yeni hesabatda 2011-ci ilin sentyabr ayından 2015-ci ilin dekabrına qədər Saydnaya həbsxanasında hər həftə kütləvi edamların yaşandığını iddia edilir.

Hesabatda idamların Suriya hökumətinin ən yüksək rəsmilərinin razılığı ilə həyata keçirildiyi bildirilir. Suriya hökuməti isə məhkumların edam edildiyi və ya pis rəftara məruz qaldıqları ilə bağlı iddialarını təkzib etsə də Beynəlxalq Aministiya Təşkilatının araşdırmaları tamamilə fərqli faktları ortaya çıxarıb. Təşkilatın bildirdiyinə görə, hesabat aralarında sabiq türmə nəzarətçiləri, məhbuslar və bir çox həbsxana məmurlarının olduğu 84 adamla görüşülərək hazırlanıb.

Bildirildiyinə görə, Dəməşqin şimalında yerləşən bu həbsxanada hər həftə ən azı bir, əksər hallarda isə iki dəfə 20 – 50 adam tam bir gizlilik şəraitində edam edilirmiş:

mehbus

Şəkildə keçmiş məhkum Ömər Əl Şükrü: həbs olunmadan əvvəl və azadlığa çıxarkən

“Məhbuslar edam edilməmişdən əvvəl Dəməşqin Kaboun bölgəsindəki "hərbi səhra məhkəməsinə" gətirilir və bu məhkəmə prosesləri bir və ya üç dəqiqə davam edirmiş. Məhkəmədə müttəhimlərin hamısından eyni sual soruşulurmuş:  “İttiham olunduğun cinayətləri törədibsənmi?” Cavabın “xeyr” və ya “bəli” olmasından asılı olmayaraq, hökm dəyişilməz olaraq qalırmış”.

Maraqlıdır ki, hökm məhkəmədə müttəhimin özünə deyilmirmiş. Dustaqlar yalnız həbsxanaya geri qaytarılıb boğazlarına kəndir keçirilməmişdən bir neçə dəqiqə əvvəl barələrində verilmiş cəzadan xəbər tuturmuşlar. Edamdan əvvəl isə onlar 2-3 saat ərzində yaxşıca döyülürmüşlər. Daha sonra onların cəsədləri “qeydiyyatdan keçmək” üçün Dəməşqin Tişri hərbi xəstəxanasına aparılır və hərbi ərazilərdə qazılan kütləvi məzarlara basdırılırmış.

Beynəlxalq Aministiya Təşkilatı şahidlərin ifadələrinə əsaslanaraq, Saydnayada beş il ərzində 13 min adamın asıldığını təxmin edir.

Təşkilat bəzi şahid ifadələrini də ictimailəşdirib. Edamları müşahidə edən bir hakimin etirafları:

"Dustaqlar 10 ilə 15 dəqiqə ipdən asılı qalardılar. Bəziləri ölməzdi, çünki çox arıqlamış vəziyyətdə olurdular. Xüsusilə gənclər ağırlıqlarından ölməzdilər. Zabitlər onların ayağından tutub sallanır və boyunlarını qırardılar."

Saydnayada həbs yatan sabiq bir hərbçi:

"Qulaqlarımızı yerə söykəyəndə gurultu səsləri eşidərdik. Bu, 10 dəqiqədək sürərdi. İnsanların boğularaq ölüm səsləriylə yatardım. O zamanlar bu, mənim üçün normal idi."

***

Beynəlxalq Aministiya Təşkilatı 2015-ci ilin dekabrından sonra edamların davam etdiyinə dair hər hansı bir dəlillərinin olmadığını etiraf etsə də, edamların dayandığına inanmaq üçün də heç bir əsaslarının olmadığını və yenə də çox sayda adamın bu şəkildə öldürülə biləcəyini bildirir.

Təşkilata görə, baş verənlər hərbi və insanlığa qarşı törədilmiş cinayətlərdir.

Hesabatda həmçinin, Suriya qanunvericiliyinə görə, ölüm cəzalarının baş müfti və ya prezident Bəşər Əsədin adından Müdafiə naziri, yaxud da Baş qərargah rəisi tərəfindən təsdiqlənməsinin vacibliyi vurğulanır.

Təşkilat  bu ilin yanvar ayında iddialarla əlaqədar Suriya hökumətiylə görüşməyə çalışdıqlarını, ancaq heç bir cavab almadıqlarını da etiraf edib.

Strateq.az