4 ay əvvəl Türkiyənin Şirnak şəhərindəki Habur Gömrük-Keçid Məntəqəsinin yaxınlığında şüvhəli şəxs qismində saxlanılan iki Çexiya vətəndaşına 7,5 ildən 15 ilə qədər həbs cəzası verilə bilər.
Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, artıq Şırnak prokurorluğu tərəfindən elan edilən ittiham sözügedən şəhər məhkəməsində icraata qəbul olunub: "Məhkəmə qarşıdakı həftələrdə toplanmış dəlillər əsasında Çexiya vətəndaşlarına qarşı irəli sürülən ittihama baxaraq, qərarını elan edəcək".
Xatırladaq ki, 1992-ci il təvəllüdlü Marketa Vselichova və 1986-cı il doğumlu Farkas Miroslav saxlanılarkən, onların üzərində telefon yaddaş kartı, PKK üzvləri ilə çoxlu fotoları, PKK-nı və onun digər qolu YPG-ni mədh edən səs yazı və görüntüləri aşkarlanıb.
İstintaq hər iki şəxsin sosial şəbəkə hesablarını da araşdırıb. Aydın olub ki, Farkas "Serxwebun Botan", Vselichova isə "Zelane Botan'" saxta profillərlə PKK-nı təbliğ ediblər. Həmin hesablarda Çexiya vətəndaşlarının PKK terrorçuları ilə birgə çəkdirdikləri, özü də əllərində "Kalaşnikov" və digər ağır silahlar olan xeyli şəkilləri də ittihamnaməyə əlavə olunub. Saxlanılan zaman o da məlum olub ki, adıçəkilən çexlər Haburdan İraqa keçərək, oradakı PKK qrupuna qoşulmağı planlayıblarmış.
F.ƏHMƏD