Xatırlayırsınızsa, 3 il bundan əvvəl İraqın ikinci ən böyük şəhəri Mosul İŞİD işğalına məruz qalmışdı. İşğal sırasında Türkiyənin Mosul baş konsulluğu da ələ keçirilmiş, konsul və ailəsi bir neçə ay girov saxlanılmışdır.
Türkiyənin ciddi baş ağrısına çevrilən bu hadisə barədə maraqlı detallar açıqlanıb.
Məlumata görə, Türkiyə siyasi hakimiyyəti işğal barədə əvvəlcədən xəbərdar olsa da, heç bir proflaktik tədbir görməyib. Bu səhlənkarlığın səbəbi isə Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın İŞİD-ə hədsiz güvənməsi olub.
İddia olunur ki, dövrün Baş qərargah rəisi Necdət Özəl İŞİD-in konsulluğa hücum edəcəyi barədə əldə etdiyi məlumatı Rəcəb Tayib Ərdoğana çatdırıb və diplomatik nümayəndəliyin dərhal təxliyə edilməsinin vacibliyini bildirib. Aldığı cavab isə xeyli ilginc olub: “İŞİD bizə belə bir pislik etməz. Siz öz işinizlə məşğul olun!”
Strateq.az xəbər verir ki, iddianın sahibi CHP millət vəkili Dursun Çiçəkdir. Millət vəkili bu məlumatın ona Baş qərargahın sabiq rəisi Necdət Özəlin şəxsən özü tərəfindən verildiyini bildirib.
Qeyd edək ki, Türkiyənin indiki hakimiyyəti dünyanın müxtəlif dövlət adamları tərəfindən İŞİD-i dəstəkləməkdə ittiham olunur. Hətta ötən illərdə ABŞ-ın sabiq Dövlət katibi Con Kerri belə, ciddi beynəlxalq konfransların birində iddianı dilə gətirmiş, buna görə də Türkiyə hakimiyyəti tərəfindən tənqid atəşinə tutulmuşdu. Ərdoğanın israrlı tələbilə daha sonra C. Kerri dediklərini boyun qaçırıb Türkiyə liderindən üzrxahlıq etmişdi. CHP millət vəkilinin açıqladığı bu məlumat isə irəli sürülən həmin ittihamları təsdiqləyir.
Onu da qeyd etməkdə fayda var ki, sabiq Baş qərargah rəisi Necdət Özəl orduda müxtəlif "təmizləmə" əməliyyatları nəticəsində vəzifəyə gətirilmişdi. General FETÖ-yə yaxınlıqda şübhəli bilinir.