XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

14 Fevral 2017 - 10:37

Hökumət tikinti ilə bağlı qanuna daha bir dəyişiklik etdi –Detallar

nazirler-kabineti

Azərbaycanda təhlükə potensiallı obyektlərin tikintisinə icazə ilə bağlı əlavə tələblər açıqlanıb.

Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Təhlükə potensiallı və  ya dövlət əhəmiyyətli tikinti obyektlərinin tikintisinə icazə ilə bağlı əlavə tələblər”ində əksini tapıb.

Təhlükə potensiallı tikinti obyektlərinin tikintisinə icazə ilə bağlı aşağıda göstərilən əlavə tələblər müəyyənləşir:

– diametri 1000 millimetrdən artıq olan magistral (neft, qaz, su və kanalizasiya) boru kəmərlərində siqnalizasiya sisteminin quraşdırılması və  magistral boru kəmərləri boyunca sağ və sol tərəflərdə müvafiq normalara uyğun mühafizə zonalarının saxlanması;

– su və  istilik elektrik stansiyalarının tikintisində ərazinin mikroseysmikliyinin təyini;

– həcmi 10 milyon kubmetrdən artıq olan su hövzələrində  (anbarlarında) və onların bəndlərində (hidrotexniki qurğularında) daimi monitorinqin keçirilməsi və fövqəladə halın baş verməsi gözlənildikdə qəza vəziyyətinin dərhal aradan qaldırılması  sisteminin, eləcə də potensial təhlükəli ərazilərdə əhalinin qabaqcadan xəbərdarlıq edilməsi sisteminin yaradılması;

– neft emalı maddələrinin istehsalı zavodlarında ətraf mühitin, insanların və istehsal proseslərinin təhlükəsizliyini təmin edən qoruyucu konstruksiya və qurğuların inşası;

– həcmi 20 min tondan artıq olan neft və neft məhsullarının saxlanılması üçün anbarlarda və maye qazların izometrik anbarlarında siqnalizasiya sisteminin quraşdırılması, konstruksiya elementlərinin odadavamlılıq dərəcəsinin 1 dərəcə artırılması və ildırımötürücü sistemlərin tətbiqi;

– maye qaz, neft və neft məhsullarının rezervuar parklarında  ildırımötürücü sistemlərin tətbiqi və qəza zamanı maye axıntısının qarşısını alan dambaların tikintisi;

– həcmi 5 min kubmetrdən artıq olan tezalışan, maye saxlamaq üçün rezervuarların və qazholderlərin konstruksiyalarının etibarlılığının və tikişlərin kipliyinin yoxlanılma sınaqlarının aparılması;

– dəniz şelfində quraşdırılan neft  və qazçıxarma platformalarında eninə rəqslərin (seysmik, külək və s. təsirindən)  söndürülməsi üçün konstruktiv həllərin tapılması, ətraf mühitin qorunması, insanların təxliyəsi və istehsal proseslərində təhlükəsizlik sistemlərinin təminatı;

– gücü  saatda 2 milyon kubmetrdən yuxarı olan kompressor stansiyalarında, gücü saatda 2 (iki) milyon kilokaloridən artıq olan qazanxanalarda ventilyasiya sistemlərində səsboğucular qoyulmasının nəzərdə tutulması və səs-küyün normativ həddi keçməməsinin təmin olunması;

– dövlət əhəmiyyətli hidrotexniki qurğularda qəzaların qarşısının alınması məqsədi ilə əlavə suburaxıcı qurğuların nəzərə alınması, eninə rəqslərin (seysmik, külək və s. təsirindən)  söndürülməsinin konstruktiv həllərinin təminatı;

– sel  və daşqın sularından qoruyucu bəndlərdə və torpaq sürüşmələrindən istinad divarlarında ehtiyatlılıq əmsalının 2-yə qədər artırılması;

– partlayıcı, pirotexniki, zəhərləyici, tezalovlanan, tezalışan, radioaktiv, kimyəvi və ətraf mühit üçün təhlükəli maddələrin, materialların, tullantıların və hərbi sursatın istehsalı, emalı, istifadəsi, saxlanılması, məhvi və basdırılması, o cümlədən, işlənmiş nüvə yanacağının basdırılması həyata keçirilən tikinti obyektlərində təhlükəsizlik və xəbərdarlıq, habelə nüvə və radiasiya təhlükəsizliyi sisteminin quraşdırılması, xüsusi izolyasiya tədbirlərinin nəzərdə tutulması;

– üzvi tərkibli xammalın qəbulu, saxlanılması, nəqli və emalı ilə bağlı ümumi tutumu 500 tondan artıq olan taxıl terminalları, elevatorlar, anbarlarda temperatur sensorlarının  və operativ boşaltma sistemlərinin quraşdırılması, onların aspirasiya qurğuları ilə bloklaşdırılması və təmizlənmə sistemlərinin yaradılması;

– istehsal gücü 100 ton/gün  və daha artıq olan un dəyirmanlarında, 5 (beş) ton/saat  və daha artıq olan maya (solod) emalı müəssisələrində , 20 ton/saat  və daha artıq olan üzvi tərkibli xammalın emalı və qurudulması obyektlərində üzvi tərkibli xammalın təmizlənməsi və emalı sahələrinin bir-birindən təcrid edilməsi, müvafiq aspirasiya və ventilyasiya qurğularının yaradılması, tullantıların emal sahələrindən kənarda xüsusi anbarlara yerləşdirilməsi;

– istehsal gücü 3 (üç) ton/saat və daha artıq olan qarışıq yem istehsalı obyektlərində xammalın, yem qarışıqlarının fərdi qaydada anbarlarda saxlanması, müvafiq aspirasiya qurğularının və partlayış  gücünün zəiflədicilərinin quraşdırılması;

– gücü 4 kilovat, 1500 dövr/dəq-dən artıq olan aspirasiya qurğularında avadanlıqların texniki pasportlarının olması, hər bir üzvi xammala uyğun filtr-tsiklonların quraşdırılması və maqnit mühafizə sistemlərinin yaradılması;

– çoxmərtəbəli binaların yeraltı və yerüstü hissələrində yerləşən, 100-dən artıq avtomobil üçün dayanacağı olan qarajlarda yanğından mühafizə və ventilyasiya sistemlərinin quraşdırılması, o cümlədən onların müvafiq  yanğınsöndürmə  avadanlığı və maddələri (materialları) ilə təminatı;

– yüksəkgərginlikli elektrikötürücü xətlər boyunca mühafizə zonalarının saxlanılması və qurğularında “mühafizə-torpaqlama” tələblərinin yerinə yetirilməsi;

– yanacaqdoldurma (neft və qaz) obyektlərində yanğından mühafizə sistemlərinə və avadanlıqlarına, o cümlədən yanğınsöndürmə maddələrinə (materiallarına) olan tələblərin yerinə yetirilməsi;

– ionlaşdırıcı şüalanma generatorlarının (rentgen avadanlığı, neytron generatoru avadanlığı, yüklü hissəciklərin sürətləndiriciləri) istifadəsini, istehsalını və təmirini həyata keçirən obyektlərdə  nüvə və radiasiya  təhlükəsizliyi sistemlərinin nəzərdə tutulması;

– nüvə (atom) reaktorlarının istifadəsini və ya istismarını, eləcə də nüvə yanacağının istehsalını və zənginləşdirilməsini, işlənmiş nüvə yanacağının emalını həyata keçirən obyekt və qurğularda radiasiyadan qorunma və nüvə təhlükəsizliyi sistemlərinin nəzərdə tutulması. /APA