XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

17 Fevral 2017 - 11:23

İran ətrafında qorxunc plan:"Artan gərginliyin Cənubi Qafqaza mənfi təsirləri olacaq"

abs-iran

Rəsmi Vaşinqton bir sıra ərəb ölkələri ilə İrana qarşı hərbi alyansın yaradılmasını müzakirə edir.

Bu barədə “The Wall Street Journal” qəzeti xəbər verib.

Alyansa Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və İordaniya qatıla bilər. Gələcəkdə alyansa digər ərəb ölkələrinin də qoşulması nəzərdə tutulub.

NATO-da olduğu kimi, alyansın hər hansı üzvünə hücum olarsa, buna təşkilatın bütün üzvlərinə yönəlmiş hücum kimi baxılacaq. Məlumata görə, hazırda alyansın iş prinsipinin detalları hazırlanma mərhələsindədir.

Müşahidələr və proseslər göstərir ki, ABŞ-ın yeni administrasiyası Barak Obama dövründə İranla bağlı Vaşinqtonun yumşalmış siyasətini arxivə göndərməkdə israrlıdır. İrana qarşı sərt siyasətin yekun olaraq hərbi əməliyyatlara əl atılacağı, yaxud İran daxilində demokratikləşmə dalğası adı altında proseslərin başladılacağı da ehtimal olunur.

Bir sıra müşahidəçilər hesab edir ki, Yaxın Şərqdəki münaqişə ocaqları, müharibələr artıq “köhnəlmiş” sayılır və dünyaya “yeni qan” lazımdır. Bu mənada “donor” rolunu oynaya biləcək ölkə kimi İran dərhal göz önünə gəlir.

Müxtəlif manevrlərlə zaman qazanan Tehranın nüvə enerjisi iddiasından geri çəkilməməsi, ölkə daxilində azadlıqları təmin etməməsi, millətlər həbsxanasına çevrilməsi barədə reallıqlar da qonşu müsəlman ölkəsində qarşı hərəkətlərə rəvac verə bilər. Hesab olunur ki, dünyanın yenidən şəkilləndirilməsi projesində İranın adı ön sırada gəlir.

Xüsusilə də Suriya və İraqdakı antiterror əməliyyatlarında ortaya çıxan İran maneəsi Qərb koalisiyasını tədbirlər görməyə vadar edir. İran sərhədləri boyunca NATO və ABŞ hərbi bazalarının mövcudluğu, İraqda da hərbi baza qurulmasına start verilməsi şübhəsiz ki, bu planın tərkib hissəsidir.

Image result for İsrael  Iran

İranın İsraili yer üzündən silməklə bağlı hədələri də Təl-Əvivin müttəfiqi olan Qərbi hərəkətə keçməyə sövq edir. Ancaq bu da var ki, İrana qarşı hər hansı hərbi əməliyyat Azərbaycan və azərbaycanlılar üçün böyük fəlakətlərə səbəb ola bilər. Elə bunu nəzərə alan Azərbaycan rəhbərliyi illər boyu Qərbin anti-İran layihələrində nəinki yer almayıb, üstəlik, qonşu ölkəyə qarşı Azərbaycan ərazisindən istifadə olunmasına imkan verməyib. İrana qarşı hərbi əməliyyat cənubdakı milyonlarla Azərbaycan türkünün həyatına təhlükə olmaqla bərabər, həm də Azərbaycan dövlətinin humanitar fəlakətlə üz-üzə qalması demək olardı. Trampın müsəlman dünyasına qarşı qəzəbli olduğu şəraitdə bölgədə nələrin baş verəcəyini təxmin etmək çətindir.

Image result for Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu də bu fikirdədir ki, ABŞ prezidenti Donald Tramp vaxtilə Barak Obama administrasiyasının İranın nüvə çalışmaları ilə bağlı imzaladığı sazişdən çıxarsa, bu, dünyada və Avrasiya bölgəsində növbəti qorxunc durum yaradacaq:

 “Çünki ABŞ sazişdən imtina edərsə, Tehran yenidən nüvə çalışmalarına başlaya bilər ki, bu da bölgədə 5-6 il əvvəl olduğu kimi yenidən müharibə havası yaradacaq. İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin maraqlarından çıxış edərək İrana qarşı sanksiyaların yenidən sərtləşdirilməsini istəyir, o, Tehranın vədlərinə inanmır və İranın gələcəkdə nüvə silahına yiyələnəcəyini proqnozlaşdırır”.

E.Şahinoğlu xatırlatdı ki, Tramp İsraillə sıx ittifaqı bərpa etmək istəyir:

“Barak Obamanın dövründə İsrail hakimiyyətinə münasibət tənqidi idi, Ağ Ev sahibi Netanyahunu Vaşinqtonda görmək istəmirdi. Tramp isə əksinə, İsraillə münasibətləri yenidən üst səviyyəyə qaldırmaq istəyir, hətta səfirliyi Təl-Əvivdən Qüdsə köçürmək niyyətindədir ki, bu da dünyada narahatlıq doğurur. Rusiya prezidenti Vladimir Putin Trampla yaxınlaşmaq istəyir. Ağ Evin yeni sahibi də beynəlxalq terrorçulara qarşı mübarizədə Kreml sahibi ilə əməkdaşlıq edəcəyini bildirib. Ancaq Tramp İranla nüvə anlaşmasının üstündən xətt çəkərsə, bu, Moskvanın da ciddi narahatlığına səbəb olacaq. Trampın nüvə anlaşmasının üstündən xətt çəkməsi Tehranı həqiqətən nüvə silahı əldə etməyə həvəsləndirəcək.

İranın tanınmış siyasətçisi və dövlət adamı Əli Əkbər Rəfsancani vəfat etdikdən sonra İranda mühafizəkarların mövqeyi güclənib. Ona görə də İran mühafizəkarları Trampın sazişdən çıxmasına sərt reaksiya verə bilərlər. Bu isə bölgə ölkələrindən heç birinin, o cümlədən Rusiyanın da maraqlarına cavab vermir. Digər tərəfdən, İrana qarşı raket zərbələri yenidən gündəmə gələcək ki, bu beynəlxalq gündəmi yenidən məşğul edəcək. Halbuki gündəm onsuz da ağırdır, İraq, Suriya və Liviya kimi ölkələrdə müharibələr gedir və beynəlxalq aləm hələ heç bu məsələləri həll edə bilmir, bunların üstünə İranla qarşıdurma mövzusu da gəlsə vəziyyət daha da ağırlaşacaq”.

Politoloq şübhə etmir ki, Tramp İranla münasibətləri gərginləşdirmək xəttini götürərsə, bu Azərbaycana da təhlükələr yaradacaq: 

“Nüvə məsələsi ilə bağlı Amerika ilə İran arasında münasibətlər gərgin olanda Tehrandan Azərbaycana ciddi təhdidlər olurdu. Tehranda bəziləri deyirdi və yazırdı ki, guya Amerika və İsrail İrana qarşı hücumlarda Azərbaycan ərazisindən istifadə edəcək, hətta Amerikanın və İsrailin hərbi təyyarələrinin artıq Azərbaycandakı bazalarda yerləşdirilməsinə dair yalan xəbərlər yayılırdı. Halbuki İrana qarşı hava zərbələri Azərbaycanın maraqlarına cavab vermirdi, indi də vermir.

Dəfələrlə Azərbaycan rəsmiləri iranlı həmkarlarını sakitləşdirməyə çalışsalar da, Tehran Bakının vədlərinə inanmırdı. Aydın idi ki, Amerika və İsrail həqiqətən İrana zərbələr endirərsə, Azərbaycan ciddi humanitar böhranla üz-üzə qala bilərdi, çünki on minlərlə İran vətəndaşı Arazın bu tayına keçəcəkdi. Mümkün müharibənin Azərbaycana keçəcəyi ehtimalı da az deyildi. Hazırda nüvə məsələsi gündəmdə deyil, Azərbaycanla İran arasında ortaq layihələr reallaşır, müəssisələr tikilir. Müharibə təhlükəsinin artması Azərbaycanın marağında olduğu bütün bu layihələri də yarımçıq qoyacaq. Ancaq əgər Tramp nüvə anlaşmasının üstündən xətt çəkərsə, vəziyyət yenidən Azərbaycanın və bölgənin əleyhinə dəyişəcək. Ona görə də Bakıdan da Vaşinqtona siqnallar göndərilməlidir ki, İrana qarşı artan gərginliyin Cənubi Qafqazda mənfi təsirləri olacaq, Vaşinqtonun marağında olduğu regional enerji layihələrinə təhlükə yaranacaq”.

Düzdür, İran bir sıra hallarda Azərbaycanın əleyhinə olan layihələrdə iştirak edir. Tehranın işğalçı Ermənistanı himayə etməsi, Azərbaycanın işğal altındakı ərazilərdə həyata keçirilən qanunsuz layihələrdə rol alması, müsəlman təəssübkeşliyini bir kənara qoyub Qarabağdakı məscidlərdə donuz fermaları saxlayan ermənilər üçün nəfəslik rolunu oynaması faktdır. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan öz prinsiplərinə sadiq qalaraq qonşu ölkəyə qarşı hərbi əməliyyatlarda yer almaq niyyətində deyil.

Elşad PAŞASOY

Musavat.com