Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “Fərat Qalxanı” əməliyyatı məqsədinə nail olub.
Bunu Türkiyənin Baş Qərargah rəisi Hulusi Akar bəyan edib.
“Əl-Bab şəhəri tam nəzarət altındadır. Əməliyyatın əvvəlində planlaşdırılan bütün məqsədlərə nail olunub. Bundan sonra həyatın normallaşması, yerli əhaliyə evlərinə qayıtmaq üçün yardım ediləcək”, – deyə H.Akar bildirib.
Türkiyənin Baş Qərargahı fevralın 23-də Suriyanın Əl-Bab şəhərinin terrorçulardan tam təmizləndiyini bəyan etmişdi.
Qeyd edək ki, Türkiyə ordusu ötən il avqustun 24-dən başlayaraq Suriyanın şimalında Azad Suriya Ordusu döyüşçülərinə dəstək olaraq “Fərat Qalxanı” adlı hərbi əməliyyat keçirib. /APA