İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani Türkiyə prezidenti Ərdoğana açıq mesaj göndərib.
Strateq.az xəbər verir ki, Almaniyanın "Frankfurter Allgemeine Zeitung" nəşrinə danışan Bərzani "İraq kürdləri müstəqillik istəyir, ancaq İran və Türkiyə buna qarşıdır", – sualına belə cavab verib:
“Müstəqilliklə bağlı referendum keçirmək bizim təbii haqqımızdır. Bu, rəsmi Bağdadla aramızdakı daxili məsələdir. İran və Türkiyə ilə heç bir əlaqəsi yoxdur. Referendum keçirmək üçün kiminsə icazə və müdaxiləsinə də ehtiyacımız yoxdur”.
Türkiyənin bölgədəki rolu haqqında da danışan Bərzani prezident Rəcəb Tayyib Ərdoğanı tərifləyib, eyni zamanda, kürdlərə də Türkiyənin narahatlıqlarını anlamaq mesajı verib:
"Kürdlər Türkiyənin əsasən Suriyadakı narahatlığını diqqətə almalıdır. Doğrudur, Ərdoğan vaxtı ilə güçlü bir həmlə edərək, kürdlərlə türkləri barışdırmaq və birləşdirmək istədi. Ancaq təəssüf ki, Türkiyədə yeni durum ortaya çıxdı və proses dayandı.
Prezident Ərdoğan cəsur bir siyasətçidir. Hesab edirəm, kürdlərlə türklərin barışı üçün HDP həmsədri Səlahəddin Dəmirtaş və digər həbs olunan deputatlar sərbəst buraxılmalıdır”.
Strateq.az