XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

27 Fevral 2017 - 23:41

Münbiç dilemması-zorən müttəfiqlik

 

munbic1

Türk Silahlı Qüvvələri və Azad Suriya Ordusunun (ASO) Münbiç əməliyyatının qarşısını almaq üçün  Bəşər Əsəd ordusu bu şəhərə doğru irəliləyir. Rejim güclərinə şiə partizanları ilə rus reaktiv təyyarələri də dəstək verirlər”.

Strateq.az xəbər verir ki, Beynəlxalq Türkdilli Ölkələrin Jurnalistlər Dərnəyinin rəhbəri Güngör Yavuzaslan bu məlumatı yayıb.

Türkiyənin “Sözçü” qəzetinə açıqlamasında  Yavuzaslan məlumatı rəhbəri olduğu dərnəyin Suriya masasından aldığını bildirib. Onun sözlərinə görə, PKK-nın Suriya qanadı PYD ilə rəsmi Dəməşqin ittifaq halında olduğunu təsdiqləyən bu fakt ilk və yeni deyil: “Suriya vətəndaş müharibəsində  Hələbin mərkəzinin müdafiəsində də bu iki qüvvə əməkdaşlıq etmişdi. Hələbdə bəzi bölgələr rejim ordusu tərəfindən PKK -YPG ünsürlərinə buraxılmışdı. Separatçı təşkilat isə həmin ərazilərdə rejim bayrağı ilə öz simvolunu asmışdı. İndi Münbiç üçün də eyni plan tətbiq edilir”.

Maraqlıdır ki, bu zamana qədər PYD-nin nəzarətindəki Münbiç mahalı ilə Əsəd rejiminin hakim olduğu Suriya torpaqları arasındakı ərazilər İŞİD-in əlində idi və bu iki qüvvə bir-biriylə rahat təmas qura bilmirdilər. Türkiyənin əl-Babı İŞİD-çilərdən təmizləməsindən sonra isə həmin ərazilərdən “xilafətçilərin” də geri çəkildiyi anlaşılır. Sanki İŞİD-in özü həmin bölgələri heç bir müqavimət göstərmədən tərk edir, Bəşər Əsədə bağlı ordu mənsublarının rahatlıqla Münbiçə doğru irəliləməsinə şərait yaradırlar. Artıq Suriya ordusu 4 ildən bəri girə bilmədiyi Münbiçin, cəmi, 4 km-lik məsafəsinə qədər irəliyə bilib.

el-bab-1-1

Münbiçin, faktiki olaraq, həm İŞİD, həm PYD tərəfindən Suriya ordusuna təhvil verilməsinin səbəbi isə Güngör Yavuzaslanın da qeyd etdiyi “Fərat qalxanı”nı öz hədəfindən yayındıra biləcəyi ehtimalından qaynaqlanır. Bəşər Əsəd rejiminə bağlı ordu birliklərindən xeyli güclü olan Türk ordusunu Münbiçə müdaxilədən çəkindirən güc heç də Suriyanın hərbi qüdrəti yox, Dəməşqin legitimlik haqlarıdır. Nədən ki, türk ordusu Suriyanın şimalındakı terrorçu qrupları zərəsizləşdirmək və ölkənin suverenlik haqlarını bərpa etmək arqumentilə bölgəyə hərbi müdaxilə etmişdi. Münbiç PYD-nin nəzarətindən çıxıb Suriya ordusunun  əlinə keçərsə, bu arqument tamamən ortadan qalxar və Türkiyənin şəhər uğrunda aparacağı döyüş əməliyyatları işğal təəssüratı yaradar. Nəticədə beynəlxalq hüquq baxımından çətin vəziyyətə düşən Ankara dünya ictimaiyyətinin sərt tənqidinə məruz qalar və bölgəni tərk etmək məcbiriyyətiylə qarşılaşar. Qardaş ölkəylə guya münasibətlərini düzəldən Rusiya hərbi qüvvələrinin Münbiçə doğru irəliyən Bəşər Əsəd ordusunu müşaiyyət etməsi bu baxımdan düşündürücüdür.

Türkiyənin Münbiçdən yan keçərək, Raqqaya yönəlməsi bir çox nüansda təhlükəlidir.  Əvvəla, bu hərəkətilə rəsmi Ankara faktiki olaraq özünün sərt söyləmlərindən geri çəkilər və ABŞ-ın ilk gündən tələb etdiyi PYD ilə zorən əməkdaşlıq durumu ortaya çıxar. Bu isə kürd separatçılarını de-fakto tanımaq deməkdir.

İkincisi, Raqqanın təmizlənməsindən sonra bu şəhərin kimin nəzarətində qalması problemi ortaya çıxar ki, Türkiyə istər-istəməz ya Suriya rejimi, ya da PYD lehinə qərar verməli olar. Hər iki ehtimal Türkiyə üçün ürəkaçıcı deyil və faktiki, özünün heç bir aidiyyatı olmadığı, əksinə, öz başına əngəl yaradacaq projeləri həyata keçirmək qurumunda qalar.

Bir sözlə, rəsmi Ankara Suriyada “zəruri addımlar” dilemması qarşısında qoyularaq, böyük güclərin cızdığı xətt üzrə hərəkətə məcbur olunur…

Heydər Oğuz

Strateq.az