ABŞ-ın illik büdcəsində ordu üçün nəzərdə tutulan vəsait 54 milyard dollar artırılıb.
Strateq.az xəbər verir ki, bu məlumatı ABŞ prezidenti Donald Tramp iri dövlət məmurlarıyla keçirdiyi görüşdə səsləndirib. Onun fikrincə, bu artım ABŞ-ın milli təhlükəsizlik tədbirlərini gücləndirməsinə sərf olunacaq.
Büdcədə hərbə ayrılan vəsaitin xarici qeyri-hərbi yardımların kəsilməsi hesabına artırılacağı gözlənilir.
"Tükənmiş ABŞ ordusunu ən çox ehtiyacımız olduğu bu zamanda yenidən inşa etmək üçün bu büdcədə müdafiə xərclərində tarixi bir artım olacaq”-Tramp belə deyib.
Maraqlıdır ki, Donald Tramp seçkiqabağı təşviqat prosesi zamanı hərbi büdcənin xeyli yüksək olduğundan gileylənmiş, NATO çərçivəsində Avropa və digər coğrafiyaları qorumağın heç bir təhdidlə üzləşməyən ABŞ-ın borcu olmadığı fikirləriylə ciddi polemikalara yol açmışdı. İndi həmin sözlərin xilafına gedən Trampın hərbə rekord səviyyədə maliyyə ayırması həm təəccüb doğurur, həm də “olmaya, ABŞ-ın müharibəyəmi hazırlaşır” suallarını gündəmə gətirir.
Qeyd edək ki, seçkiöncəsi çıxışlarında Rusiya ilə münasibətləri yaxşılaşdıracağını vəd edən Donald Tramp hakimiyyətə gələndən sonra Qərb “cəbhəsində” tamamilə əks proseslər yaşandı: NATO qoşunları Qara dənizdə qüvvələri artırdı, Gürcüstanla AB arasında viza rejimi ləğv olundu, Rusiya-Qərb arasında hərbi polemikalar kəskinləşdi və s.
Öz sözünə xilaf çıxmasının qarşılaşdığı təzyiqlərlə əlaqədar olduğuna eyham vuran ABŞ prezidenti çarəsizliyini bu sözlərlə əsaslandırır: "Rusiya ilə siyasi mənada yaxşı yola getməyin mənim üçün yaxşı olmadığını bilirəm. Mənim üçün rəva görülən ən yaxşı şey 30 mil uzaqlıqdakı gəmini (Virciniya sahillərində görünən rus donanmasına aid “Viktor Leonov” adlı kəşfiyyat gəmisi) vurmaqdır. Hər kəs buna, yəqin ki, “mükəmməl!” deyərdi. Amma bu, möcüzə deyil. Mən Rusiya ilə yaxşı yola getmək istəyirəm".
Trampın hərbi büdcəni artırmaq qərarının da Rusiya ilə ABŞ arasında hesablaşmaq niyyətindən irəli gəldiyi təxmin olunur. Sözsüz ki, bu iki qüdrətli dövlət hesablaşma meydanında birbaşa döyüşə girmək istəməyəcəklər. Yenə əvvəlki kimi, Yaxın Şərq, Qafqaz və Orta Asiya coğrafiyalarının iki dövlət arasında güc nümayişi poliqonuna çevrilməsi, ixtilafların müxtəlif vasitəçilərlə həyata keçirilməsi istisna deyil.
Qeyd edək ki, ABŞ-ın ötən ilki hərbi büdcəsi 700 milyard dollara yaxın idi. Onun bu büdcəyə əlavə etdiyi 54 milyard dollar isə Rusiyanın illik hərbi büdcəsinə yaxındır. 2015-ci ilin statistikasına görə, Rusiya hərbə ayırdığı 66 milyard dollarla hətta Səudiyyə Ərəbistanından da xeyli geri qalırdı.
O da mümkündür ki, ABŞ Moskvanı bu silahlanma yarışına cəlb etməklə, 1980-ci illərdə olduğu kimi, onu yenə iqtisadi cəhətdən tənəzzülə sürükləmək niyyəti gütsün.
Heydər Oğuz
Strateq.az