XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Mart 2017 - 13:40

Vidadi Zeynalov:"Məhəmməd Məmmədov qorxusundan dövlətə dəymiş zərəri ödəyib"

vidadi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq Aparat rəhbəri Vidadi Zeynalov, "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin keçmiş baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi Namazəli Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

“Report”un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Vidadi Zeynalovun vəkili Elxan Süleymanlı vəsatətlə çıxış edib.

O, məhkəmə iclasında əsas diqqəti ittihamın əsaslarına yönəltmək istədiklərini deyib: "İstintaq orqanı tərəfindən Vidadi Zeynalova qarşı irəli sürülən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə verilən ittiham da əsaslı ola bilməz. İttiham aktında Məhəmməd Məmmədov və Oqtay Rüstəmova aid hissələrdə göstərilib ki, 2009-2015-cı il üzrə ƏDV ilə birlikdə 95 milyon 425 min manat vəsaiti saxta hesablarla tərtib etməklə başqa-başqa telekomunikasiya qovşaqlarına köçürərək, pulları sənədləşdiriblər. Məhəmməd Məmmədov ƏDV ilə birlikdə 54 milyon vəsaitdən 42 milyonu nağdalaşdıraraq 37 milyon manatı Vidadi Zeynalova verib, 4 milyon 200 manatı özünə, 234 min isə Oqtay Rüstəmova verib".

E.Süleymanlı əlavə edib ki, M.Məmmədov istintaqdakı ifadəsində bildirib ki, "Aztelekom" MMC-dən 2009-2015-ci illərdə daxil olmuş 128 milyon manat xidmət haqqı məbləği "Aztelekom" MMC tərəfindən nazirliyin göstərişi ilə telefon qovşağına, "Azərpoçt" MMC-yə, "Qafqaz-S" MMC-yə, "Optik Rabitə Montaj", "Kompas" və digər MMC-lərə köçürülüb, həmin vəsaitdən nazirliyin xəzinəsinə pul verilib.

Daha sonra V.Zeynalovun digər vəkili Ceyhun Yusifov şahid Fətulla Baxşəliyevin ifadəsinin elan edilməsini istəyib. O bildirib ki, M.Məmmədov 4,6 milyon manat mənimsəmədə ittiham edilir: "Bu zaman Məhəmməd Məmmədov Vidadi Zeynalova "məndən nə istəyirsən, mənimlə problemin var?", – deyə bildirib. Vidadi Zeynalov onunla heç bir işi olmadığını söyləyib".
Hakim qeyd edib ki, sənədlərin tədqiqi mərhələsində bu məsələləri araşdırmağa bir gün vaxt ayrılacaq.

M.Məmmədovun vəkili Şahin Rəfiyev isə müvəkkilinə pul verilməsini "sübut etmək Vidadi Zeynalova nə verəcək" sualını verib: "Niyə belə vəsatət verirsiz? Burada hamı bilir ki, Məhəmməd Məmmədova heç kim pul verməyib".

Vəkil E.Süleymanov qeyd edib ki, "niyə istintaq eyni halı Vidadi Zeynalova tətbiq etməyib" sualını ünvanlayıb.
Bu zaman vəkillər arasında mübahisə düşüb. M.Məmmədovun vəkili V.Zeynalovun vəkillərini müvəkkilinin əleyhinə vəsatət verməkdə suçlayıb.

Bundan sonra məhkəmədən söz alan V.Zeynalov vurğulayıb ki, onun və vəkillərinin məqsədi M.Məmmədovun əleyhinə danışmaq deyil: "İstintaqın düzgün aparılmamasını sübut etmək istəyirik. Hamıya bəllidir ki, Məhəmməd nə pul alıb, nə də pul verib. O, sadəcə qorxusundan dövlətə dəymiş zərəri ödəyib. Məqsədimiz istintaqın obyektiv olmamasını ortaya çıxarmaqdır".

Məhkəmənin növbəti iclası martın 3-nə təyin edilib.