XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

07 Mart 2017 - 12:51

Nazim İmanovla Muxtar İmanov vəzifələrinə yenidən təsdiq olundu –AMEA-da direktor təyinatları

AMEA

Nizami adına Ədəbiyyat İnstitutunda AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AMEA-dan Strateq.az-a verilən məlumata görə, akademik Akif Əlizadə iclası açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.  

Məruzə dinlənildikdən və müzakirə olunduqdan sonra Rəyasət Heyəti müəyyən olunan perspektiv istiqamətləri bölmənin gələcək fəaliyyəti üçün əsas kimi qəbul edib.

Müəssisələrin elmi fəaliyyətinin səmərəliliyini yüksəltmək üçün ortaq mültidissiplinar proqram və layihələrin hazırlanması, elmi tədqiqatların əlaqələndirilməsi, gənc alimlərin beynəlxalq miqyaslı qrant müsabiqələrdə iştirakının təmin edilməsi, həmçinin perspektiv istiqamətlərdə magistratura və doktorantura üzrə kadr hazırlığının aparılmasına dair tapşırıqlar verilib.

Sonra Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “AMEA-nın Naxçıvan Bölməsi üzrə elmi tədqiqatların vəziyyəti və inkişaf istiqamətləri” mövzusunda məruzəsi dinlənilib. Nax­çıvanın ta­ri­xi, mədəniyyəti, ədəbiyyatı, folkloru, incəsənəti, tə­bii sər­vətləri, flora və fau­nasının sistemli şəkil­də öy­rənildiyini bildirən akademik hesabat ilində bölmədə əldə olunan nailiyyətləri iclas iştirakçılarının diqqətinə çatdırıb. İsmayıl Hacıyev ötən il elmlə təhsilin inteqrasiyası, bölmənin beynəlxalq əməkdaşlığı, nəşriyyatçılıq fəaliyyəti, kadr hazırlığı və digər məsələlər haqqında məlumat verib.

İclasda AMEA-nın həqiqi və müxbir üzvlüyünə namizədlərin qeydə alınmasının nəticələri haqqında müzakirə aparılıb.

Məsələ ətrafında çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə seçkilərin keçirilməsi haqqında Rəyasət Heyətinin 7 dekabr 2016-cı il, 14 dekabr 2016-cı il və 18 yanvar 2017-ci il tarixli qərarlar qəbul etdiyini xatırladıb. Akademik sənədlərin qəbulu üzrə Komissiya tərəfindən namizədlərin siyahısının Rəyasət Heyətinə təqdim olunduğunu bildirib.

Rəyasət Heyəti namizədlərin siyahısının təsdiqi, AMEA-nın mətbu orqanında dərc edilməsi və digər tədbirlər haqqında qərar qəbul edib.

Gündəlikdə yer alan növbəti məsələ AMEA-nın Gəncə Bölməsində Yer fizikası şöbəsinin yaradılması haqqında olub.

Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov bildirib ki, Prezident İlham Əliyev qeyri-neft sektorunu, xüsusilə kənd təsərrüfatı və emal sənayesini ölkənin gələcək inkişafında əsas prioritet sahələr kimi göstərib. Akademik faydalı qazıntıların axtarışı və emalının elmi əsaslarının öyrənilməsi, yüksək texnologiyaların tətbiqinin qeyri-neft sənayesinin inkişafında mühüm tədbirlərdən olacağını qeyd edib.

Gəncənin faydalı qazıntıların yer aldığı və sənaye əhəmiyyətli bölgələrdən olduğunu deyən alim şəhərdə faydalı qazıntıların axtarışı, yüksək emal texnologiyalarının elmi əsaslarının hazırlanması və tətbiqi, geotermal suların öyrənilməsi üçün uyğun coğrafi şəraitin və elmi potensialın mövcud olduğunu diqqətə çatdırıb.

Rəyasət Heyəti qeyd olunanları nəzərə alaraq, Gəncə Bölməsində Yer fizikası şöbəsinin təşkili və əsasnaməsinin təsdiqi haqqında qərar qəbul edib.

İclasda Molekulyar Biologiya və Biotexnologiyalar, Torpaqşünaslıq və Aqrokimya institutlarının Elmi şuralarının tərkiblərinin təsdiqi, AMEA-nın müxbir üzvləri Vaqif Quliyevin 60 illik və Xəlil Qasımovun 75  illik yubileylərinin keçirilməsi haqqında qərarlar qəbul olunub.

Sonda bir sıra kadr məsələlərinə baxılıb.

Rəyasət Heyətinin qərarları ilə AMEA-nın müxbir üzvü Muxtar İmanov Folklor İnstitutunun, iqtisadiyyat üzrə elmlər doktoru Nazim İmanov İqtisadiyyat İnstitutunun direktorları vəzifələrinə təsdiq olunublar. Həmçinin biologiya üzrə fəlsəfə doktoru Durna Əliyeva Molekulyar Biologiya və Biotexnologiyalar  İnstitutunun elmi katibi vəzifəsinə təyin edilib.