XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Mart 2017 - 13:10

“Kremldə düşünürlər ki, Azərbaycan apreldə irimiqyaslı hücuma keçə bilər…” –Politoloq

Elxan Şahinoğlu

"Lavrovun münaqişənin “mərhələli həll”inə üstünlük verəcəyi az ehtimal olunur".

Strateq.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, rəsmi Bakı Moskvanın Qarabağ siyasətindən narazı olsa da, Kremli dinləyir:

“Birincisi, Lavrov erməni həmkarı Edvard Nalbəndyanla tez-tez Moskvada görüşür. Məmmədyarov nəticəsiz olsa belə, Lavrovla görüşdən imtina etsə, bu, Moskvada narazılıqla qarşılanacaq. Bakı isə Moskva ilə münasibətləri gərginləşdirmək istəmir.

İkincisi, Minsk Qrupunun 3 həmsədrindən ancaq Rusiya fəaldır, o birilərin münaqişənin hazırkı vəziyyəti maraqlandırmır, Paris və Vaşinqton növbətçi açıqlamalarla kifayətlənirlər. Ona görə də Bakı Qarabağ məsələsini yalnız Moskva ilə müzakirə etmək məcburiyyətində qalıb”.

Politoloq münaqişənin həllində irəliləyiş olmadığı halda, Lavrovun erməni və azərbaycanlı həmkarları ilə Moskvada tez-tez görüşünə də aydınlıq gətirib:

“Bu görüşlər heç də münaqişənin qısa müddətdə həlli ilə bağlı deyil. Kreml sadəcə, İrəvan kimi, aprel ayından qorxur. Moskva da düşünür ki, Azərbaycan Ordusu apreldə irimiqyaslı hücuma keçə bilər. Digər tərəfdən, apreldə Ermənistanda həyati əhəmiyyətli parlament seçkisi keçiriləcək. Apreldə savaş olarsa, bu, Ermənistandakı seçkini də qarışdıracaq. Moskva isə bunu istəmir. Ona görə də Kreml istəyir ki, aprel də daxil olmaqla, cəbhədə atəşkəsə riayət olunsun”.

E.Şahinoğlu bildirib ki, Moskvanın bu istəyi rəsmi Bakının maraqlarına ziddir:

“Moskva və İrəvan status-kvonu qorumağa çalışırlar. Bu isə Azərbaycanın maraqlarına ziddir. Rəsmi Bakı daim status-kvonun dəyişdirilməsi haqqında düşünür. Moskvanın israrları qarşlığında cəbhə bölgəsində aprel ayı sakit keçsə belə, növbəti ayların sakit keçəcəyinə təminat yoxdur”.