XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Mart 2017 - 01:47

Sarkisyan niyə narahatdır? –Azərbaycanı yenə "İskəndər"lə hədələyir

"Bu gün lazım gələrsə, Ermənistan ordusunun Baş qərargah rəisi gözünü qırpmadan "İskəndər" raketlərindən istifadə etmək əmrini verə bilər. Qonşu ölkələr də bunu yaxşı anlayırlar".

Strateq.az xəbər verir ki, bu fikirləri Ermənistan prezidenti Serj Sarkisyan dünən Dağlıq Qarabağa səfər edərək, erməni əsgərlər və onların ailələriylə görüşü zamanı deyib.

Ötən ilin aprel ayında Dağlıq Qarabağda silahlı qarşıdurmaları xatırladan Sarkisyan o zamandan bəri keçən bir il içində qoşunlarını yeni silahlarla gücləndirdiklərini xüsusi vurğulayıb: "Bu gün əlimizdə döyüşə susayan qonşumuzun ərazisindəki ən əhəmiyyətli infrastruktur və obyektlər başda olmaqla bütün istiqamətləri hədəf ala bilən müasir silahlar var".

Müşahidəçilərin fikrincə, Sarkisyanın Azərbaycanı "İskəndər"lə təhdid etməsi təsadüfi deyil və daha çox aprelin 2-də növbəti parlament seçkisi keçirəcək Ermənistanın öz daxili ictimai rəyinə hesablanıb.

Ötən ilin 2 aprel uğursuzluğundan sonra Ermənistan cəmiyyətində hərbi əməliyyatların yenidən başlamasından ciddi qorxu və təlaş yaranıb və bu səbəbdən də Azərbaycanla sülh razılaşmasına getməkdən başqa çarənin olmadığı fikirləri güclənməkdədir. Xüsusən də sabiq prezident Levon Ter Petrosyanın və tərəfdarlarının seçkiqabağı bu yöndəki təşəbbüsləri Ermənistan cəmiyyətində ciddi dəstək qazanmaqdadır.

Elə Ermənistan rəhbərinin Azərbaycana yönəlik təhdidləri də ilk növbədə xalqına ruh yüksəkliyi aşılamaq cəhdiylə izah olunur. Xüsusilə seçki ərəfəsində və 2 aprel ildönümündə Azərbaycan silahlı qüvvələrinin hərbi əməliyyatlara başlaya biləcəyindən xoflanan erməni əsgərləri özlərini təhlükədə hiss edir və bu da onların döyüş ruhuna xeyli mənfi təsir göstərir. Məhz bu ruh düşkünlüyünün qarşısını almaq üçün də onlarda Azərbaycanın bütün həmlələrinə cavab verəcək gücdə olduqlarına inam aşılamağa çalışılır.

Rusiyadan alınan "İskəndər" raketini dəlil olaraq ortaya qoyulması da bu siyasətə qulluq edir.

Mənzili 500 km olan bu raketlər nəzəri olaraq, Azərbaycanın istənilən nöqtəsinə çatmaq qabiliyyətinə malik olsa belə, Azərbaycanın da adekvat tədbirlərə əl atacağı şübhəsizdir və bu səbəbədən də hər iki ölkənin bir-birinə qarşı dağıdıcı ağır silahlardan istifadə təhdidləri daha çox şəkindirici vasitə sayıla bilər.

Sarkisyanın təhdid obyekti kimi nəzərdə tutduğu tərəf barədə cəm şəkilçisindən istifadə etməsi də maraqlıdır. O, bu fikirləri səsləndirərkən, həm də Türkiyəyə hədə-qorxu gəlir.

Son zamanlar Qərb ölkələriylə araları soyuyan qardaş ölkə Rusiyayla əlaqələrini möhkəmlətməyə çalışır. Ermənistan isə Rusiyanın regiondakı əsas “arxa bağçası” kimi tanınır. Ankara-Moksva münasibətlərinin yaxşılaşması ilk növbədə Rusiyanın nəzərində Ermənistanın geoplitik əhəmiyyətini azalda bilər. Görünür, bu münasibətlərin korlanması Ermənistanın ölüm-qalım məsələsi kimi dərk olunduğundan, türk “çomağına buynuz sürtməklə” özünü Rusiyanın “strateji müttəfiqi” kimi hiss edən müasir erməni siyasi iradəsinin də tələblərinə cavab verir.

Bir sözlə, Sarkisyanın “qəhrəmancasına” nitqi hərbi yox, bir neçə məqsəd güdən siyasi xarakter daşıyır.

Heydər Oğuz

Strateq.az