XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

31 Mart 2015 - 19:57

Deputatdan çağırış: “Azərbaycan “Çanaqqala zəfəri”ni qeyd etsin!”

Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa yeni və maraqlı təkliflə çıxış edib. Fazil Mustafa aprelin 24-də Azərbaycanın “çanaqqala zəfəri”ni qeyd etməsinin zəruri olduğunu deyib.

Millət vəkili özünün facebook səhifəsində yazıb ki, o, təklifini ANS TV-dəki “Günəbaxan” verilişində səsləndirib və Milli Məclisdə də bu təklifi qaldırmaq niyyətindədir:

“Bildiyiniz kimi, 24 apreldə yalançı “erməni soyqırımı”nın 100 illiyi İrəvanda qeyd olunacaq. 24 aprel günü Türkiyədə də çanaqqala zəfərinin 100-cü ildönümü bayram ediləcək. Təklif etdim ki, 24 apreldə Türkiyə ilə birlikdə həmrəyliyimizi nümayiş etdirmək üçün Azərbaycanda da məhz 24 aprel günü çanaqala Zəfərinin 100 illiyi rəsmi şəkildə qeyd olunsun.

Soruşula bilər: bizə nə aidiyyəti?

Arqumentim aşağıdakılardır: 1) Tez-tez qürurla bildiririk ki, bu savaşda könüllü qatılmış yüzlərlə azərbaycanlı şəhid olmuşdur, onların ruhunu yad etmək üçün bu bir qədirşünaslıq addımı olardı. Biz 9 mayı da o arqumentlə qeyd edirik ki, Böyük Vətən müharibəsində azərbaycanlılar döyüşüb, şəhid və ya qazi olublar, SSRİ-nin yaşaması üçün fədakarlıq edən bu soydaşlarımızın xatirəsini əziz tutmaq üçün ediriksə, niyə çanaqqalada öz türk millətimiz üçün döyüşənlərə eyni münasibət bəsləməyək?

2) 24 aprel yalançı “erməni soyqırımı”na qarşı eyni gündə bir türk zəfərini ifadə edən tədbir keçirməyimiz, ciddi bir iradə nümayişi və ermənilərin təbliğatına qarşı bir addım ola bilər. 10-15 min manatlıq fişəng də qoy bu tədbirə getsin, bir saatlıq da atəşfəşanlıq olsun, bununla yoxsullaşmayacağıq ki?

3) Türkiyədə geniş masştabda Xocalı soyqırımı qeyd olundu və bizimlə möhtəşəm birlik göstərdilər, bizim də eyni həmrəyliyi göstərməyimizin həm dünyaya təbliği, həm də hər iki ölkənin insanlarına müsbət təsiri olar.

Hətta yaxşı olardı ki, həmin gün Qars və ya Ərzurumda türk və Azərbaycan hərbi birləşmələrinin birgə hücum tətbiqatı da olsun. Bu təklifin qəbul olunmaması üçün hansısa bəhanə görmürəm. ümid edək ki, rəsmi səviyyədə anlayışla qarşılanacaqdır”.