XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

31 Mart 2017 - 21:14

Palata nazirlikdən nöqsana yol verən vəzifəli şəxsləri cəzalandırmağı tələb etdi –Detallar

Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq Vergilər Nazirliyinin 4 saylı Ərazi Vergilər İdarəsində (ƏVİ) vergi qanunvericiliyinə riayət edilməsi vəziyyətinin müəyyənləşdirilməsi ilə bağlı həyata keçirilmiş audit tədbirinin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiq edib.

ƏVİ-nin nəzarət əhatəsinə daxil olan rayonların gəlirləri üzrə müəyyən edilmiş proqnozların ümumilikdə 2014-cü ildə 101,8%, 2015-ci ildə 100,6% səviyyəsində yerinə yetirilərək vergi və digər icbari ödənişlər üzrə dövlət büdcəsinə, müvafiq olaraq 13,4 mln. manat və 13,5 mln. manat məbləğində vəsaitin daxil olması hesabatlarda göstərilib.

Auditlə müəyyən edilib ki, ayrı-ayrı rayonların gəlirlərinə mərkəzləşdirilmiş qaydada vergi uçotunda olan, eyni zamanda istər müvafiq rayonun ərazisində, istərsə də ƏVİ-nin nəzarət əhatəsinə daxil olan digər rayonların ərazilərində ümumiyyətlə obyekti olmayan vergi ödəyicilərinin vergi ödənişləri aid edilib.

Bu səbəbdən hesabatlarda yerli mənbələr üzrə gəlirlər reallığa uyğun göstərilməyib, fiziki şəxslərin gəlir vergisi üzrə əvvəlki ilə nisbətən artımların əsasən büdcə təşkilatlarında işləyənlərin muzdlu işlə əlaqədar əldə etdikləri gəlirləri hesabına əldə olunduğu müəyyən edilib. 2014-cü ildə ƏVİ-də vergi uçotunda olan ödəyicilər tərəfindən hesablanmış vergi məbləği (azalmış məbləğlər çıxılmaqla) əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə azalıb. Hesablanmış məbləğin 44,1%-i vergi orqanı tərəfindən aparılmış nəzarət tədbirləri nəticəsində hesablanıb ki, bu da ƏVİ üzrə könüllü vergi ödəmə səviyyəsinin aşağı olduğunu göstərir. İl ərzində ümumi daxilolmalarda yerli mənbələrdən daxilolmanın xüsusi çəkisi 2013-cü illə müqayisədə azalaraq 94,8%-dən 69,2%-ə enib.

Rayonlar səviyyəsində ayrı-ayrı tədiyyə növləri üzrə proqnozların bir sıra hallarda əvvəlki ilin faktiki daxilolmaları ilə müqayisədə dəfələrlə çox müəyyən edilməsi, proqnozların icrasının əhəmiyyətli kəsirlərlə və əhəmiyyətli artımlarla yerinə yetirilməsi vergi intizamının təmin olunmaması ilə yanaşı bəzi hallarda proqnozların da tam şəkildə əsaslandırılmadığını göstərib. Mənfəət vergisi ödəyicilərinin əmək haqqı xərcləri, eləcə də hesablanmış əmək haqları ilə ümumi gəlirləri arasında uyğunsuzluqlar mövcud olub. Əlavə dəyər vergisi qeydiyyatında olan əvəzləşdirilmiş dövriyyələri vergiyə cəlb olunan dövriyyələrini üstələyən əksər vergi ödəyicilərinin bəyannamələrinə əsasən ilin sonuna mal qalığının olmaması hallarında belə rentabelliyin aşağı olmasının səbəbləri və satış qiymətlərinin bazar qiymətlərinə uyğunluğu, dövriyyə vəsaitlərinin mənbələri, eləcə də işlərin təqdim edilməsinin bəyannamələrdə düzgün əks etdirilməməsi vergi nəzarəti qaydasında araşdırılaraq aradan qaldırılmayıb.

Eyni zamanda, kənar dövlət maliyyə nəzarəti vasitələri kimi mövcud olan standartlar əsasında ayrı-ayrı sahələr üzrə pilot auditlərin keçirilməsi növbəliliyinə uyğun olaraq Ərazi Vergilər İdarəsinin fəaliyyətinin səmərəlilik və nəticəlilik auditi də keçirilib. Əldə olunmuş əsas nəticələr kimi bəyannamələrin elektron qaydada təqdim edilməsi göstəricisinin qənaətbəxş olmasına baxmayaraq, son bir ildə könüllü bəyanetmə səviyyəsinin məbləğ ifadəsində əhəmiyyətli şəkildə azalmasını, hesabatlarda vergilər üzrə borcların həcminin ildən-ilə azalmasının əsasən vergi öhdəliklərinin tutulması müddətinin keçməsi ilə əlaqədar vergi borclarının silinməsi hesabına baş verməsini, həmin silinmələr nəzərə alınmadıqda isə vergilər üzrə borclarda artımın müşahidə olunmasını, mərkəzləşdirilmiş qaydada vergi ödəyicilərinə xidmət spektrinin genişləndirilməsinə baxmayaraq, həmin yeni xidmətlərdən istifadə etmə səviyyəsinin yüksək olmamasını, "Vergi partnyorluğu Sazişi”ndə qeyd edilən vəzifələrin böyük əksəriyyətinin yalnız vergi ödəyicisinin üzərinə qoyulması, vergi orqanları üzrə daha çox inzibati nəzarət mexanizmlərinin nəzərdə tutulmasını qeyd etmək olar.

Hesablama Palatasının Kollegiyası yol verilmiş nöqsanların aradan qaldırılması, nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericilik ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi və görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarının surətinin və təqdimatın Vergilər Nazirliyinə və 4 saylı Ərazi Vergilər İdarəsinə göndərilməsi barədə qərar qəbul edib.  

Dövlət mülkiyyətində olan torpaqların müvafiq şəxslərə icarəyə verilməsi barədə bağlanmış müqavilələrdə icarə haqlarını qanunvericiliyin tələblərinə uyğunlaşdırmaq, icarəyə verilmiş torpaq sahələri barədə məlumatların qanunvericiliklə müəyyən edilmiş formada vergi orqanına təqdim edilməsi məqsədi ilə ƏVİ-nin nəzarət əhatəsinə daxil olan Şamaxı, Qobustan və Ağsu rayonlarının İcra Hakimiyyəti orqanlarına müvafiq məktublar göndərilib.

Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib. 

APA