XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

06 Aprel 2017 - 12:43

Türk kimliyimizi niyə itirmək istəyirlər? –ARAŞDIRMA

Mart ayında “TÜRKük, yoxsa AZƏRBAYCANlı?” sualı ölkə gündəmində ən çox müzakirə olunan məsələlərdən oldu. Əlbəttə, hər kəs özünü etnos olaraq Azərbaycanlı saya bilər. Bu, onların haqqıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 7-ci maddəsinə əsasən, ölkəmiz demokratik, hüquqi, unitar və dünyəvi dövlətdir. 47-ci maddəyə görə, “Hər kəsin fikir və söz azadlığı vardır”. Konstitusiyamızın 44-cü maddəsi isə hər kəsə milli mənsubiyyətini qoruyub saxlamaq hüququnu verir. Hər kəsin fikirlərinə tam hörmətlə yanaşmaq gərək. Vətəndaşlarımızın özlərini hansı millətin nümayəndəsi sayması onların Konstitusion haqqıdır. Cəmiyyətimizdə ulusal kimliyini Azərbaycanlı kimi qəbul edən az deyil. Biz onları düşmən deyə dışlaya və daşlaya bilmərik. Türk kimliyimizi qəbul etməyənlərin, başqa sözlə desək, Azərbaycanlı olduğumuzu qəbul edənlərin öz arqumentləri var.

AZƏRBAYCAN sözünün kökündə belə TÜRKLÜK durur. Azərbaycan güney Azərbaycan, Azərbaycan Respublikası, Dəmir Qapı Dərbənd, Borçalı mahalı, indi “Ermənistan” adlanan qondarma dövlətin ərazisi də daxil olmaqla böyük bir coğrafiyanın adıdır və ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin adı ilə dövlət adında işlənib. Heydər Əliyev Fondu tərəfindən yaradılmış Azerbaijan.az portalında deyilir: “Azərbaycan ərazisində qədim zamanlarda türk soylu "Azər" sözündəndir. "Azər" – "az" və "ər" tərkibindən ibarətdir. Türk dillərində "az"ın yaxşı niyyət, uğurlu tale kimi anlamları var. "Azər" – yəni "ər kişi", "ər oğlu", "od qoruyan" deməkdir. Deməli "Azərbaycan" bu ərazidə yaşayan qədim türk dilli qəbilənin adından əmələ gəlmişdir.” (http://azerbaijan.az/portal/General/FireLand/fireLand_a.html) Demək ki, Azərbaycan coğrafiyasının da, Azərbaycançılıq ideologiyasının da kökündə TÜRKLÜK və TÜRKÇÜLÜK durur.

Bu gün Türk kimliyimiz poeziyada, nəsrdə, bilim adamlarının, tarixçilərin yazılarında və düşüncələrində səslənir, Azərbaycan Televiziyası və Radiosu başda olmaqla, bütün televiziya kanallarının verilişləri vasitəsilə təbliğ edilir. TÜRK kimliyimiz Azərbaycan Respublikasının suverenlik rəmzi olan üçrəngli qudsal bayrağımızın göy boyasında da əks olunmuşdur.

Azərbaycanlı anlayışı 1937-1939-cu illərdə Türk kimliyimiz Azərbaycanlı kimliyinə dəyişərkən meydana gəldi. Bu gün Azərbaycanlı kimliyi də, Türk kimliyimiz kimi, Azərbaycançılıq ideologiyamızla bağlıdır. Azərbaycanlı – vətəndaşlıq anlamı daşıyır və Azərbaycan Respublikasında yaşayan və etnik kimliyindən asılı olmayaraq bütün vətəndaşlara aiddir.

–lı,-li,-lu,-lü şəkilçisi həm sifət, həm də isim düzəltsə də, heç zaman etnik kimlik şəkilçisi kimi işlənməyib. Toponim və antroponimlərə qoşulduqda soyad, təxəllüs düzəltməklə yanaşı, müəyyən əraziyə və əşyaya mənsub olduğunu bildirən xüsusi isimlər də düzəldir. Elə Azərbaycanlı sözü də müəyyən əraziyə mənsub olduğunu bildirən xüsusi isimdir- gəncəli, kəndli, şəhərli və s. kimi. Məsələ, biz rusiyalı deyəndə Rusiya Federasiyasının vətəndaşı olan bütün etnosları, o cümlədən RF vətəndaşı olan Azərbaycan türklərini də nəzərdə tuturuq. Amerikalı, fransalı və s. sözlər də eyni anlamı daşıyır. Demək ki, Azərbaycanlı termini ulus adı, ulusal kimlik kimi işlədilə bilməz, etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycan Respublikası vətəndaşlarının hamısını əhatə edir.

Azərbaycan türkü olmaq Azərbaycanlı olmamaq anlayışına gəlməz. 2009-cu ildə keçirilən siyahıyaalmaya görə, ölkə əhalisinin ümumi sayı 8.922.400 nəfər olmuşdur. Bunların da 91.6%-ni (8.172.800 nəfər) etnik Azərbaycan türkləri təşkil etmişdir. Qalan 8.4%-i digər millətlərdən (ləzgi, rus, talış, avar, axıska türkü, tatar, tat, ukraynalı, saxur, gürcü, yəhudi, kürd, qrız, udin, xınalıq, erməni) ibarət olmuşdur. Bu məlumatları Dövlət Statistika Komitəsinin rəsmi saytından (http://www.stat.gov.az/source/demoqraphy/) əldə etmək mümkündür. Bu etnoslar hamısı bir yerdə Azərbaycanlıdır.

Türk kimliyimiz və Türk dilimiz Azərbaycanda sovet hakimiyyəti illərində çox təqiblərə məruz qalmışdır. 1920-1933-cü illər tariximizə Türklüyümüzün və Türk dilimizin daşıyıcılarının məhv edilməsi mərhələsi kimi tariximizə daxil olmuşdur. Bu illərdə respublikanın rəhbəri (Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibləri nəzərdə tutulur) olanlara diqqət edək: Mirzə Davud Hüseynov (aprel – oktyabr 1920); Qriqori Kaminski (oktyabr 1920 – iyun 1921); Sergey Kirov (əsl soyadı Kostrikov, iyun 1921 – yanvar 1926); Levon Mirzoyan (yanvar 1926 – avqust 1929); Nikolay Qikalo (avqust 1929 – avqust 1930); Vladimir Polonski (avqust 1930 – fevral 1933); Ruben Rubenov (əsl soyadı Mkrtçyan, fevral – dekabr 1933).

Acınacaqlı haldır ki, 13 il ölkənin tək partiyasının (Kommunist Partiyası), özü də ölkəyə rəhbərliyi həyata keçirən partiyanın rəhbərlərinin (Mirzə Davud Hüseynov istisna olmaqla) ikisi düşmənlərdən, qalanı isə qeyri millətlərdən olmuşdur. Bu 13 il ərzində Azərbaycan Xalq Cümhuriyyəti dövründə yetişmiş milli kadrlar ya sorğu-sualsız güllələndi, ya da həbs edildi. Nəticədə dövlət, sovet və partiya idarəçiliyi əsasən heç bir ixtisası və təcrübəsi olmayan, yerli şəraiti, habelə əhalinin xüsusiyyətini bilməyən rus, erməni və digər millətlərin nümayəndələrinin əlinə keçdi.

Ölkə tarixinə Mir Cəfər Bağırov dövrü kimi daxil olan 1933-1956-cı illərdə Kremldə kök salan düşmənlərimizin (hayların) təhriki ilə Stalinin repressiya maşını on minlərlə TÜRKÇÜ aydınlarımızı qətl etdi, millətimizin adını “AZƏRBAYCANLI” adına, dilimizi isə “AZƏRBAYCAN DİLİ”nə dəyişdi.

1940-cı illərdən başlayaraq artıq Azərbaycanlı kimliyi də, Azərbaycan dili də rus şovinizmi və erməni hiyləsi ilə üz-üzə qaldı. Milli kadrlar ruslar, ermənilər və ulusal kimliyini itirmişlərlə əvəzlənməyə başladı. Azərbaycanın paytaxtı Bakı şəhərinin ruslaşdırılması daha da sürətləndirildi. Azərbaycan təhsilli məktəblərin çoxu rus təhsilli məktəblərə çevrildi. Sovet sisteminin yetişdirdiyi ziyalıların əksəriyyəti isə öz xalqı ilə rus dilində danışmağa başladı. Beləliklə, Türklük və Türk dilinin ədəbiyyatdan, tarixdən və danışıqdan sıxışdırılması prosesi daha ciddi şəkil aldı.

Azərbaycanda ruslaşdırma siyasətinin qarşısını almaq üçün bəzi tədbirlərin həyata keçirilməsi (Kirill əlifbasının təkmilləşdirilməsi, Azərbaycan dilinə dövlət statusunun verilməsinə cəhd və s.) milli kadrlara qarşı yeni hücumlarla nəticələndi. 1958-ci ildə Mirzə İbrahimovun Ali Sovetin Rəyasət Heyətinin sədri vəzifəsindən, 1959-cu ildə isə İmam Mustafayevin AKP MK-nın I katibi postundan uzaqlaşdırılması ilə başlayan təmizləmə işi dövlət, sovet və partiya orqanlarının bütün eşelonlarını əhatə etdi.

1959-1969-cu illər dövlət, sovet və partiya orqanlarında çalışan azərbaycanlıların milli kimliyinin unutdurulması dövrü kimi yadda qaldı. Bəzi vəzifə sahiblərinin və ziyalıların milli kimliyi qorumağa yönəlik addımları (ölkə tarixinə yeni baxış və cənubi Azərbaycan məsələsinin gündəmə gətirilməsi cəhdləri, 1967-ci ildə Novruz bayramının dövlət səviyyəsində qeyd olunması) isə Sov.İKP-nın rəhbərliyində kök salmış Azərbaycan əleyhdarlarını hərəkətə gətirdi. Onlar SSRİ səviyyəsində ölkəmizə qarşı basqıları və Türk kimliyimizə qarşı təqibləri daha da artırdılar.

Azərbaycan tarixinə Heydər Əliyev dövrü kimi daxil olan 1969-1982-ci illərdə ölkəmizin yaşadığı üzücü dövrün sonu çatdı. Heydər Əliyev respublikaya rəhbərliyi qəbul edəndə dövlət, sovet və partiya strukturlarında rus, erməni və digər millətlərin nümayəndələri güclü mövqeyə malik idi, yüksək ixtisaslı milli kadrlar azlıq təşkil edirdi, rus dili tək Bakıda deyil, digər şəhər və rayonlarda da dominantlıq edirdi, Türk sözünü işlətmək cinayət sayılırdı.

Tanınmış Amerika tədqiqatçısı Tadeuş Sventoxovski özünün “Russkoe pravleniye, modernizatorskiye elitı i stanovleniye natsionalnoy identiçnosti v Azerbaydjane” adlı əsərində 1969-cu ilə qədər Azərbaycan SSR-də Azərbaycan dilinin vəziyyəti ilə bağlı yazır: “Vaxtilə rusdilli əhalinin çoxluq təşkil etdiyinə və rus dilinin hakim kəsildiyinə görə, faktiki, rus şəhəri təsirini bağışlayan Bakını Sergey Kirov sovet respublikası Azərbaycanın tərkibindən ayırıb Rusiyaya qatmaq istəyirdi. II Dünya müharibəsindən sonra rusdilli bakılıların bütün sahələrdə mövqeyi o dərəcədə yüksəlmişdi ki, azərbaycanlılar öz dillərində danışmaqdan çəkinirdilər…”

Heydər Əliyev Azərbaycanı məhz belə təhvil almışdı. Sovet dövrünü dərindən təhlil edən tarixçi sonra vurğulayır ki, Heydər Əliyev bu prosesin qarşısını aldı və onun hakimiyyəti illərində Bakı “əsl Azərbaycan şəhərİ oldu”.

Heydər Əliyevin dövlət idarəçiliyi sisteminin milliləşdirilməsi barədə Tadeuş Sventoxovski yuxarıda adıçəkilən əsərində yazır: “Ziyalı təbəqəsinin ruslaşdırılması prosesinin inkişaf etməsinə baxmayaraq, Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra 1969-cu ildə milli nomenklaturanın birləşməsi baş verir. Azərbaycan Kommunist Partiyasının I katibi kimi Əlİyev yüksək İdarəetmə postlarına etnİk azərbaycanlıları çəkməklə, yenİdən mİllİləşdİrmə sİyasətİnə qayıtdı. Effektivliyin və məhsuldarlığın ümumi artımı sübut edirdi ki, milli nomenklatura ölkədəki duruma görə məsuliyyəti nəinki öz üzərinə götürə bilər, hətta bunu etməlidir”.

Ümumiyyətlə, Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövrü tarixə milli özünüdərkin oyanması, dildə, fikirdə öz kökümüzə qayıdış, güney Azərbaycan məsələsinin gündəmə gəlməsi, dövlət idarəçilik sistemində milliləşmə və milli kadr potensialının yaranması dövrü kimi qəbul edilir. Bu dövr eyni zamanda Türk kimliyinin yenidən cücərməsi dövrü kimi də tariximizə daxil oldu. Heydər Əliyevin özü də Türk kimliyinin tərəfdarlarından biri olmuşdur. Bunu Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Azərbaycan” qəzetinin 12 dekabr 2007-ci il tarixli sayında dərc edilmiş “Liderlik örnəyi – ləyaqət nümunəsi” sərlövhəli yazısından da duymaq olur. Prezident İlham Əliyev qeyd edilən məqalədə yazır: “Sonralar mən atamdan bunları eşitmişdim:

Andropov adamları çox gözəl tanıyırdı. Bizim söhbətimizdən on gün sonra mən yekdilliklə Siyasi Büronun üzvü seçildim. BU, HƏM SSRİ, HƏM DƏ TÜRK VƏ İSLAM DÜNYASI ÜÇÜN BÖYÜK HADİSƏ İDİ. Bundan sonra mən SSRİ Nazirlər Soveti sədrinin birinci müavini oldum”.

Əgər biz Türk deyiliksə, niyə Heydər Əliyev Sov.İKP Siyasi Bürosuna üzv seçilməsini Türk aləmi üçün böyük hadisə saymışdır? Müstəqilliyimiz dövründə isə Prezident Heydər Əliyev Türkiyə Azərbaycan qardaşlığını, habelə hər iki ölkədə yaşayan etnik çoxluğun Türk kimliyi daşımasını “Biz bir millət, iki dövlətik” kəlamı ilə ifadə etmişdir.

Azərbaycanın ikinci Prezidenti Əbülfəz Elçibəyin Türk kimliyinə verdiyi önəmi ölkədə bilməyən yoxdur. Məhz onun Prezident olduğu dövrdə Azərbaycan Türklərinin Türk kimliyi bərpa edildi, dilimiz Türk dili adlandırıldı. 1988-dən etibarən, dünya Türkləri Türk kimliyinə qayıdışa başlamışdı. Bu dönəmdə Türklüyün və Türkçülüyün mərkəzi Azərbaycan idi. Güclü Türk dünyası dünyanın yeni düzəni deməkdi. Təbii ki, dünya gücləri bizim Türk kimliyimizə belə açıq şəkildə yiyələnməyimizə sakit baxa bilməzdi və bilmədi də. Azərbaycanı parçalanmaqdan qurtarmaq, xarici güclər tərəfindən milli zəmində çaxnaşmaların yaranmasının qarşısını almaq məqsədilə müstəqil Azərbaycan Respublikasının üçüncü Prezidenti Heydər Əliyev dilimizin yenidən Azərbaycan dili adlandırılmasına nail oldu. Şəxsiyyət vəsiqəmizdən və pasportlarımızdan milli mənsubiyyət götürülsə də, Türk kimliyimiz heç zaman mübahisə mövzusu olmadı.

Dövlət mənsubiyyəti olaraq Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarının hamısı AZƏRBAYCANLIdır. Bunların da 91%-i Azərbaycan TÜRKüdür.

Biz də vətəndaş olaraq AZƏRBAYCANLI, ulus olaraq TÜRK olmağımızla şərəf və qürur duyuruq.

Asəf ORUCOĞLU

Strateq.az