XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

13 Aprel 2017 - 19:17

“Bəzi qüvvələr Rusiya-ABŞ qarşıdurmasını kəskinləşdirmək istəyirlər” –Lavrov

ABŞ-ın yeni dövlət katibi Reks Tillersonun Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Moskvada keçirdiyi ilk danışıqları müəyyən nəticələr verib. Lavrovun sözlərinə görə, tərəflər bir-birini daha yaxşı anlamağa başlayıb.

TASS informasiya agentliyi xəbər verir ki, ABŞ-ın dövlət katibini, həmçinin Prezident Vladimir Putinin də qəbul etməsi Moskvanın Rusiya-ABŞ münasibətlərində çoxsaylı problemlərin həllinə can atdığını təsdiqləyib.

Danışıqlarda Rusiyanın Xarici İşlər Nazirliyi və ABŞ-ın Dövlət Departamenti tərəfindən hər iki ölkənin münasibətlərində yaranan problemləri analiz edəcək xüsusi nümayəndələrin təyin olunması qərara alınıb.

Tərəflər Suriya mövzusuna da böyük diqqət ayırıblar. Rusiya Suriya səmasında insidentlərin qarşısının alınması üzrə memorandumu bərpa etməyə hazır olduğunu təsdiqləyib. Lavrov Suriyanın hökumət qüvvələrinin kimyəvi silahdan istifadə etməsi məsələsinin Moskva və Vaşinqton arasında ciddi fikir ayrılığına səbəb olduğunu etiraf edib. Bir çox məsələdə fikir ayrılığına baxmayaraq, Rusiya və ABŞ əvvəlki kimi bütün vasitələrlə terrorla mübarizənin vacib olduğunda yekdildirlər.

“Reks Tillersonla və Rusiya Prezidenti ilə bərabər keçirdiyimiz vaxtın hədər getmədiyinə əminəm”, – deyə Lavrov yekun mətbuat konfransında bildirib.

O, “təmasların həm öz aralarında, həm əməkdaşların, həm də ABŞ administrasiyasının və Rusiya hökumətinin digər idarələrinin xətti üzrə davamlı olacağına” əminliyini ifadə edib.

Tillerson da öz növbəsində rusiyalı həmkarını dəstəkləyib.

“Biz ölkələrimiz arasında etimadın bərpası və münasibətlərin deqradasiyasını dayandırmaq üçün əlimizdən gələni etməliyik”, – deyə dövlət katibi vurğulayıb.

Rusiyanın xarici işlər naziri bəzi qüvvələrin Rusiya-ABŞ əməkdaşlığına mane olmaq və qarşıdurmanı kəskinləşdirmək cəhdlərini tənqid edib.

“Hesab edirik ki, bu, uzaqgörən yanaşma deyil. Moskva və Vaşinqtonun əməkdaşlığından nəinki bizim xalqların, həmçinin bütün dünyanın qazandığını tarix də sübut edib”, – deyə Lavrov bildirib(Azertac).