Prezident Ərdoğan həyat yoldaşı Əminə Ərdoğan və nəvələri ilə birlikdə İstanbulda səs verib.
Strateq.az Türkiyə mediasına istinadən bildirir ki, səsvermədən sonra prezident jurnalistlərə açıqlama verib.
Ərdoğan bildirib ki, bugünkü seçki sıradan bir səsvermə prosesi deyil: "Bu seçki Türkiyənin yeni idarəetmə sisteminin dönüş seçimidir. İnanrıam ki, bu dəyişiklik xalqımızın, dövlətimizin sürətlə böyüməsinə yol açacaq".
Ərdoğan onu da deyib ki, seçkinin nəticələrini İstanbuldakı iqamətgahından təqib edəcək.
Xatırladaq ki, bu gün Türkiyədə Konstitusiya dəyişikliyi ilə əlaqədar referendum keçirilir.
Ölkənin əksər bölgələrində isə səsvermə yerli vaxtla 08.00 başlayıb, saat 17.00-da başa çatacaq.
Referendumda Konstitusiyanın 18 maddəsinin dəyişdirilməsi nəzərdə tutulub. Bunlar Türkiyədə parlament idarəçilik sistemindən prezident üsul-idarəsinə keçid, baş nazir vəzifəsinin ləğvi, Böyük Millət Məclisi üzvlərinin sayının 550 nəfərdən 600 nəfərə çatdırılması, millət vəkili seçilmə yaşının 18-ə endirilməsi, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin dəyişdirilməsi və digər maddələrdir.