XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

01 Aprel 2015 - 12:32

Əli Kərimli: “Tam məsuliyyətlə bildirirəm ki,…”

AXCP sədri Әli Kərimli Milli Şuranın aprelin 5-nə təyin etdiyi mitinqlə bağlı sahibkar təbəqəsinə müraciət edib.

Strateq.az AXCP sədrinin “Facebook” səhifəsində yaydığı müraciəti təqdim edir:

“İnanın ki, 5 aprel mitinqində “Talana son!” tələb etmək ən çox bu ölkənin sahibkarlarına lazımdır. Biz bu mitinqlərdə monopoliya, korrupsiya və rüşvətə son qoyulmasını, qeyri-rəsmi vergilərin, gömrük rüsumlarının və müxtəlif qanunsuz ödənişlərin ləğv edilməsini tələb edirik. Bütün bunlar hər bir sahibkarın arzusu deyilmi? Biz ölkənin milyardlarının oğurlanmasına və mənasız layihələrə xərclənməsinə etiraz edirik, əhalinin real gəlirlərinin artırılmasını, kredit faizlərinin aşağı salınmasını, mülkiyyət hüququna təminat verilməsini, ölkədə azad rəqabət mühütinin bərqərar edilməsini tələb edirik. Bütün bunlar hər bir sahibkarın maraqlarına uyğun deyilmi?

Bu ölkədə sahibkarların ciddi təzyiq altında olduğunu hamımız bilirik. Ondan da xəbərdarıq ki, sahibkarların, iş adamlarının əksəriyyəti hələlik etiraz mitinqlərinə şəxsən qatılmağa ehtiyatlanırlar. Buna görə onları qınamırıq da. Bu ehtiyatlılığın səbəbinin ölkədəki repressiya mühüti olduğunu nəzərə alırıq.

Amma onu da etiraf etmək lazımdır ki, sahibkarlar, iş adamları “Talana son!” mitinqlərini dəstəkləmək üçün çoxlu yollar tapa bilərlər. Bu həmvətənlərimiz ən azı öz işçilərinin, ətraflarının mitinqə gəlməsinə mane olmamaqla, mitinqə uzaqdan gəlmək istəyən insanlara kömək etməklə, “demokratik açılımın tək çarə” olması barədə ictimai rəyin formalaşmasına yardım etməklə ümumi mübarizəyə öz töhfələrini verə bilərlər.

Tam məsuliyyətlə bildirirəm ki, “Talana son!” mitinqlərinin uğur qazanmasından ən çox fayda görən ölkə sahibkarları olacaq. Bir az geniş düşünsək, ölkədəki köklü demokratik dəyişiklikdən də daha çox qazanan sahibkarlar, iş adamları olacaq.

Dünyanın hər yerində sahibkarlar, milli burjuaziya demokratik dəyişikliklərin əsas tərəfdarı kimi çıxış edib və edir. Və bu, təbiidir. İş adamları bilir ki, monopoliyanın dağıdılması, korrupsiyanın ləğv olunması, azad rəqabətin, hüququn aliliyinin, hamıya bərabər imkanların təmin edilməsi ilk növbədə sahibkarların daha çox qazanmasına və özlərini daha təhlükəsiz hiss etməsinə səbəb olacaq.

5 apreldə, saat 15:00-da İnşaatçılar metrostansiyası yaxınlığındakı “Məhsul” stadionunda keçirəcəyimiz razılaşdırılmış mitinq ümumxalq mitinqidir. Siz də gəlin!”.

Strateq.az