Vergilər Nazirliyində növbəti struktur və kadr dəyişiklikləri həyata keçirilib.
Strateq.az Naziriyin Analitik-informasiya şöbəsinə istinadən xəbər verir ki, Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsinin rəis müavini, vergi xidməti müşaviri Elçin Bəylərov Ərazi vergi orqanları ilə iş üzrə idarənin rəisi vəzifəsinə keçirilib.
Vergilər nazirinin digər əmrləri ilə Bakı Vergilər Departamentinin rəis müavini, baş vergi xidməti müşaviri Rövşən Əhmədov nazirliyin Vergi auditi baş idarəsinin rəisi, Vergi auditi baş idarəsinin rəisi, baş vergi xidməti müşaviri Müsavər Nəbiyev isə nazirin müşaviri vəzifəsinə keçirilib.
Bundan əlavə, Vergilər Nazirliyinin ərazi vergi orqanlarının fəaliyyətinə nəzarətin səmərəliliyinin artırılması, vergilərin tam həcmdə və vaxtında ödənilməsinin təmin olunması, yerlərdən daxil olan vətəndaş müraciətlərinə baxılmasına nəzarətin gücləndirilməsi məqsədilə Vergilər Nazirliyində Ərazi vergi orqanları ilə iş üzrə idarə yaradılıb. Yeni idarə nazirliyin Cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinin, audit və operativ nəzarət sahələri üzrə müşavir xidməti şöbəsinin, habelə audit və operativ nəzarət sahələri üzrə nazirin müşaviri vəzifələrinin ləğv olunması və onların ştat vahidləri hesabına formalaşdırılıb.
Strateq.az