XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 May 2017 - 14:39

Milli Məclis yeni yataqlarının kəşfiyyatı və işlənməsinə dair sazişi təsdiqlədi –Detallar

"Babək" perspektiv strukturunda "Ümid" qaz kondensat yatağı ilə hidrodinamik əlaqədə olan qaz kondensat yatağı aşkar edilə bilər".

Bunu Milli Məclisin bugünkü plenar iclasında "Xəzər dənizinin Azərbaycan sektorunda "Ümid" yatağının və "Babək" perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında" SOCAR-la "SOCAR Umid Oil and Gas Limited" şirkəti arasında Risk Xidmət Sazişinin və ona əlavə olunmuş "Xəzər dənizinin Azərbaycan sektorunda "Ümid" yatağının və "Babək" perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında" "SOCAR Umid Oil and Gas Limited" şirkəti ilə "Umid, Babək Eksploreyşn end Prodakşn" şirkəti arasında müqavilənin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsi haqqında məlumat verərkən parlament sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov deyib.

O qeyd edib ki, 1953-cü ildə aşkar olunmuş “Ümid” yatağı üzrə kəşfiyyat işlərinin bərpası 2008-ci ildə qərara alınıb və bu məqsədlə "SOCAR Ümid" birgə müəssisəsi yaradılıb: "2010-2011-ci illərdə həmin birgə müəssisə tərəfindən aparılan kəşfiyyat işləri nəticəsində iki quyu qazılıb. İlkin hesablamalara görə, “Ümid” yatağında 2 milyard kubmetr təbii qaz və 40 milyon ton kondensat ehtiyatının olduğu müəyyənləşdirilib".

Deputatların nəzərinə çatdırılıb ki, “Ümid” yatağı üzrə hasilat 2012-ci ildən etibarən həyata keçirilir. 2017-ci ilin 1 mart tarixinədək həmin yataqdan 1 milyard 314 milyon kubmetr təbii qaz və 217 min 700 ton kondensat hasil olunub.

V.Ələsgərov bildirib ki, 1954-cü ildə aşkar edilmiş “Babək” perspektiv strukturunda isə 1987-ci ildə aparılmış geniş seysmik kəşfiyyat işləri nəticəsində strukturun bioloji quruluşu dəqiqləşdirilib: “Ehtimala görə, bu strukturda “Ümid” qaz kondensat yatağı ilə hidrodinamik əlaqədə olan qaz kondensat yatağı aşkar edilə bilər”.

Qanun layihəsində yer almış müqavilə barədə ətraflı məlumat verdikdən sonra komitə sədri Risk Xidmət Sazişinin müddəalarını da geniş şərh edib. Onun sözlərinə görə, məqsəd yerli bazarın neft-qaza olan tələbatını SOCAR-ın fəaliyyəti sayəsində ödəmək, xarici bazardan asılılığı azaltmaq, daxili bazarda təbii qaza olan tələbatı mümkün qədər aşağı qiymətə təmin etməkdir.

Vitse-spiker bildirib ki, daxili bazar üçün təbii qaz təchizatının tam nəzarət altında saxlanılması və xarici amillərdən asılılığın azaldılması, daxili bazarda təbii qaza olan tələbatın mümkün qədər aşağı qiymətlə təmin edilməsi hökumətin əsas strateji məqsədlərindən hesab olunur. Onun sözlərinə görə, bu məqsədlərə nail olmaq üçün hökumətin göstərişi ilə “Ümid-Babək” blokunun SOCAR tərəfindən işlənilməsinə qərar verilib.

Qeyd edilib ki, yatağın işlənilməsi üçün maliyyələşmənin təşkili və irihəcmli sərmayənin cəlb olunması məqsədilə saziş tərəfləri arasında Azərbaycanda qüvvədə olan Hasilatın Pay Bölgüsü sazişlərinə uyğun qaydada sərmayəçilərin hüquqlarını və iqtisadi maraqlarını müdafiə edən razılaşmanın mövcudluğu zəruridir və bunu təcrübə də göstərir.

Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 may tarixli sərəncamı ilə SOCAR-a “Ümid” yatağı və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında Risk Xidmət Sazişini hazırlamaq və onu imzalamaq səlahiyyəti verilib. Mahiyyət baxımından Hasilatın Pay Bölgüsü sazişlərinə tam oxşar olan Risk Xidmət sazişləri ölkədə hazırda fəaliyyətdə olan neft-qaz sazişləri modelini dəyişmədən ayrıca hüquqi baza yaradılmasına imkan verir və bu da hökumətin maraqlarının müdafiəsinin tam təmin olunmasına şərait yaradır.

Sonda qanun layihəsi səsə qoyularaq qəbul edilib.

APA