XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

04 Noyabr 2015 - 17:33

Putin Leyla Əliyevaya mükafat verdi – FOTO, VİDEO

Noyabrın 4-də Moskva şəhərinin Böyük Kreml sarayının Georgiyevski zalında Rusiya Prezidenti Vladimir Putin Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya “Puşkin” medalını təqdim edib.

Təqdimetmə mərasimi Xalq Birliyi Günü şərəfinə qəbulda keçirilib. Ənənəyə görə, Rusiya dövlətinin başçısı bu tədbirdə bir sıra xarici vətəndaşlara xalqlar arasında sülhün, dostluğun, əməkdaşlığın və qarşılıqlı anlaşmanın möhkəmlənməsində xüsusi xidmətlərinə görə dövlət təltifləri təqdim edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva fəaliyyətinin yüksək qiymətləndirilməsinə görə təşəkkürünü bildirib.

L.Əliyeva qeyd edib ki, Azərbaycan xalqının böyük rus mədəniyyətinə, ədəbiyyatına və incəsənətinə dərin hörmətinin rəmzi kimi, Bakının mərkəzində dahi rus şairi Aleksandr Sergeyeviç Puşkinə abidə ucaldılıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti deyib: “Rusiya-Azərbaycan münasibətləri dərin tarixi köklərə malikdir və bu gün uğurla inkişaf edir. Humanitar sahədə əməkdaşlıq bizim ikitərəfli münasibətlərimizin ayrılmaz tərkib hissəsidir. Azərbaycanda rusdilli təhsil tam həcmdə qorunub saxlanıb, təhsilin rus dilində olduğu 300-dən çox məktəb, Bakı Slavyan Universiteti, Lomonosov adına MDU-nun Bakı filialı fəaliyyət göstərir. Bu il Bakıda İ.M.Seçenov adına Moskva Birinci Dövlət Tibb Universitetinin ilk xarici filialı öz qapılarını tələbələrin üzünə açıb”.

L.Əliyeva vurğulayıb ki, Azərbaycan xalqı Rusiya ilə mədəni, humanitar əməkdaşlıq ənənələrini qayğı ilə qoruyub saxlayır. O, sonda deyib: “Mən çox şadam ki, ölkələrimiz arasında dostluğun və mehriban qonşuluğun möhkəmlənməsinə öz cüzi töhfəmi vermişəm. Hörmətli Vladimir Vladimiroviç, bu yüksək təltifə görə sizə bir daha dərin təşəkkürümü bildirirəm. Bu medalı mənə sizin təqdim etməyiniz mənim üçün xüsusilə dəyərlidir. Sizə və bütün Rusiya xalqına xoşbəxtlik, firavanlıq və sülh arzulayıram”.

Qeyd edək ki, Leyla Əliyeva “Puşkin” medalına “Rusiya Federasiyası ilə dostluq və əməkdaşlığın möhkəmləndirilməsi, iqtisadi əlaqələrin inkişafı və xaricdə rus dili və mədəniyyətinin qorunub saxlanılması və populyarlaşmasına verdiyi töhfələrə görə” layiq görülüb.

“Puşkin” medalı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layiq görüldüyü ilk Rusiya təltifi deyil. L.Əliyeva “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə”, “Volqoqrad vilayəti qarşısında xidmətlərinə görə” medallarına, habelə III dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeninə layiq görülüb.

Tədbirdə Azərbaycan Respublikasının Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak edib(azərtac).