XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

02 Aprel 2015 - 15:05

Manatla bağlı yeni qərar veriləcək? – Təhlil
Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun manatla bağlı son fikirləri yenə narahatlığa səbəb olub. O, bildirib ki, Azərbaycan tam “üzən məzənnə” siyasətinə keçidə hazır deyil. çünki indiki halda, tam üzən məzənnə siyasətinə keçilsə, onda milli iqtisadiyyat çox ziyan çəkə bilər. Məhz buna görə, idarə olunan məzənnə siyasətinə üstünlük verilir.
Elman Rüstəmov qeyd edib ki, tam “üzən məzənnə” siyasətinə keçsələr, bazardan asılı olaraq, manat 20-30 faiz ya möhkəmlənə, ya da ucuzlaşa bilər.
Onun bu fikirləri isə yenidən devalvasiya olacağı barədə şübhələrə əsas verib. Ekspertlər məsələ ilə bağlı fikirlərini bölüşüblər.
Ekspert Samir Əliyevin sözlərinə görə, mətbuata artıq manatın növbəti devalvasiyası barədə məlumatlar yol açıb: “Bu gün Mərkəzi Bankın manata yönəlik birbaşa və ya dolayı istənilən addımı cəmiyyətdə devalvasiya qorxusu yaradır. Mərkəzi Bankın bu sahədə işini düzgün qurmaması, cəmiyyəti uzun müddət qeyri-müəyyənlikdə saxlaması “hökumət gizlincə hansısa addımı atacaq” fikrini hakim edib. Qayıdaq “üzən məzənnə”nin devalvasiya ilə əlaqəsinə…
Əvvəla onu deyək ki, Azərbaycan iqtisadiyyatı neftdən asılıdır, iqtisadiyyat pis diversifikasiya olunub. Deməli, manatın gücünü ölkə iqtisadiyyatı yox, neftin dünya bazarındakı qiyməti müəyyənləşdirir. Ona görə də, tam “üzən məzənnə”yə keçməsi iqtisadiyyatı fəlakətə apara bilər. Təsəvvür edin ki, “üzən məzənnə” olsaydı, 2010-2014-cü illərin əvvəli dollar 50-60 qəpiyə qədər ucuzlaşa bilərdi. Mərkəzi Bank valyuta alışı hesabına buna imkan vermədi. 2014-cü ilin sonlarından başlayaraq isə manata təzyiq artdı və onun ucuzlaşması məsələsi gündəmə gəldi. Belə vəziyyətdə devalvasiyaya qədər Mərkəzi Bank müdaxilə etməsəydi, dollar ən azı 2-3 manata qədər bahalaşa bilərdi. Hər iki vəziyyətdə bazara müdaxilə manatı bəlli səviyyədə saxlamağa imkan verdi”.
Ekspert bildirib ki, indi əgər “üzən məzənnə”yə keçilsə, manatın sürətlə ucuzlaşmaşı baş verəcək: “Ona görə də Azərbaycanın tam “üzən məzənnə”yə keçməsi real deyil. Açığını deyim ki, bu, üfiqdə də görünmür. Ən azı yaxın 5 ildə ehtimal etmirəm. Hətta iqtisadiyyatı Azərbaycanla müqayisədə yaxşı diversifikasiya olunmuş Rusiya da tam “üzən məzənnə”yə keçə bilmədi. Rusiya Mərkəzi Bankı hazırda maliyyə alətləri ilə rublun kursunu tənzimləyir. Hətta hərdən intervensiyanı da əsirgəmir.
Devalvasiyaya gəlincə, köhnə fikrimizdə qalırıq. Manatın məzənnəsi dünya bazarında neftin qiymətinin hərəkət istiqamətinə uyğun müəyyənləşəcək. Neft hara getsə, manat da ora gedəcək. Yəni neft 30-40 dollara qədər ucuzlaşsa, ikinci devalvasiya qaçılmazdır. Bu halda manat ən azı 20 faiz ucuzlaşacaq. Neft 70 dollar həddini keçsə, manatın bahalaşması baş verə bilər. İndiki səviyyədə, yəni 50-60 dollar səviyyəsində qalsa, bu halda yumşaq ucuzlaşma olacaq”.
S.Əliyev qeyd edib ki, ilin sonuna kimi manatın dəyərini ən azı 10 faiz itirəcəyi gözlənilir: “Elman Rüstəmov da əslində kəskin devalvasiya olmayacağını deyəndə, idarəolunan “üzən məzənnə” siyasətinə keçidi elan edəndə bunu nəzərdə tuturdu. Ona görə də bundan sonra manatın məzənnəsinin zəif də olsa, “üzdüyünü” müşahidə edəcəyik”.
Ekspert Pərviz Heydərov isə bildirib ki, Mərkəzi Bank sədrinin manatın dəyərinin yaxın perspektivi haqqında son olaraq, söylədiyi fikirlər yenə bəzilərinə müvafiq kampaniyaya başlamaq üçün əsas verib:
“Belə ki, söhbət, hökumətin guya, tezliklə tam “üzən məzənnə” siyasətinə keçəcəyindən gedir. Halbuki, Elman Rüstəmov belə deməyib və bu, praktik olaraq da mümkün deyil. Məsələ bundadır ki, bizdə devalvasiya düzgün anlanılmır. Və bu sahədə bir çox mətləblər qarışdırılır. Devalvasiya ölkənin mərkəzi maliyyə qurumu tərəfindən yumşaq pul-kredit siyasətini ehtiva edir ki, bunun əsas məğzi dövriyyəyə tələb olunduğundan artıq nağd pul buraxılmasından ibarətdir. Başqa sözlə desək, mükəmməl devalvasiya siyasəti əsas etibarı ilə pul-kredit mexanizmi çərçivəsində həyata keçirilir. Sözümüz bunda deyil. Azərbaycanda uzun illərdir ki, Mərkəzi Bank sərt-pul kredit siyasəti həyata keçirir. Keçən il bu proses istehlak kreditlərinin verilməsi prosedurasının məhdudlaşdırılması ilə bir az da sərtləşdirildi.
Manatın məzənnəsi isə həmişə “yumruqda” saxlanılıb. Hətta neftin qiyməti kəllə-çarxda olan illərdə belə, xarici maliyyə qurumlarının yumşaq məzənnə siyasətinə keçməyi tövsiyə etmələrinə baxmayaraq, hökumət buna getməyib. Və bu da bir çox cəhətdən özünü doğruldub. Belə ki, neftin qiyməti yüksək olan zaman ölkəyə kəskin dollar axını var idi ki, dövlət büdcəsinə gəlirlər geniş xarakter daşıyırdı. Bu zaman, hökumət ölkədə geniş infrastruktur layihələri həyata keçirirdi.
Yeri gəlmişkən, bəziləri deyir ki, manatın dəyəri əgər, həmin vaxt sərbəst buraxılsaydı guya dollar 78 qəpiyə qədər deyil, 50 qəpiyədək ucuzlaşa bilərdi. Bu, tamamilə səhv fikirdir”.
Ekpertin fikrincə, manatın dəyərinin arxasında təkcə neft dayandığından, onun qiyməti 100 dollardan yuxarı olduğu vaxtda da sərbəst buraxılsaydı, daha dəqiq desək, “üzən məzənnə” siyasətinə keçilsə idi, dolların milli pul vahidimizə nəzərən dəyərdən düşəcəyi yanlış nəzəriyyədir:
“Ən azı büdcə xərclərinin artıq olması baxımdan, manat dollara üstün gələ bilməzdi. Odur ki, sual yaranır: real şəraitdə “üzən məzənnə” siyasətinə keçilə bilərmi? Şübhəsiz ki, yox. Elman Rüstəmov da deyib ki, Azərbaycan tam “üzən məzənnə” siyasətinə keçməyə tam hazır deyil”.
Musavat.com