XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

03 May 2017 - 17:08

Ermənilərin “Tehran Qarabağın müstəqil olmasını istəyir” iddiasına İran XİN-dən rəsmi –Reaksiya

İranın Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın bir sıra KİV-nin öz məqsədləri üçün sui-istifadələrə yol verməsini tənqid edib.

Strateq.az APA-ya istinadən xəbər verir ki, İranın XİN sözçüsü Bəhram Qasımi İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyində heç bir dəyişiklik baş vermədiyini bildirib: 

"Erməni mətbuatının öz məqsədləri naminə sui-istifadələrə yol verməsini qınayırıq.

Ötən bir neçə gün ərzində də Ermənistanın bir sıra KİV-i yenidən düzgün olmayan hərəkət edib, erməni mətbuatının bu addımı İranın XİN ekspertlərinin narahatlığına səbəb olub. İran Dağlıq Qarabağ probleminin həlli üçün yardım etməyə hazır olduğunu elan edən ilk ölkələrdəndir. İranın Azərbaycanla da yaxşı əlaqələri var və bu əlaqələri daha da inkişaf etdirməkdə maraqlıdır".

Strateq.az xatırladır ki, son günlər erməni ekspertləri İranın Qarabağla bağlı Ermənistanla eyni mövqedə olduğu haqda çox açıq fikir və mülahizələr irəli sürməyə başlayıb.

Məsələn, İranşünas, beynəlxalq problemlər və təhlükəsizlik məsələləri üzrə Ermənistan İnstitutunun eksperti Emma Beqicanyanın İranın Dağlıq Qarabağ münaqişəsinə baxışı ilə bağlı erməni nəşrinə diqqətçəkən müsahibəsi də (Həmin müsahibənin tam variantı ilə bu linkdən tanış ola bilərsiniz: http://strateq.az/musahibe/164554/erm%C9%99ni-ekspert-7.html) bu qəbildən olub.

Onun erməni mediasına verdiyi müsahibənin bir hissəsini təqdim edirik: 

– İran XİN sözçüsü Bəhram Qasimi bildirib ki, Qarabağ münaqişəsinin nizamlanması üçün çoxlu amilin üst-üstə düşməsi lazımdır və bir ölkənin təşəbbüsləri yetərsizdir. O, həmçinin qeyd edib ki, nizamlamada həlledici amil xalqın iradəsi olmalıdır. İran nizamlamada vasitəçi rolu oynaya bilərmi?

– İran Qarabağ problemində vasitəçi rolu əldə etməyə həmişə cəhd göstərib. Türkiyə 1990-cı illərin başlanğıcında buna yetərincə qısqanclıqla yanaşırdı, hətta münasibətləri gərginləşmişdi. Amma sonradan İran deyil, Türkiyə Minsk qrupunun üzvü olarkən Ankara bir qədər sakitləşdi.

Hazırda, məncə, İranın maraqları tələb edir ki, Qarabağ müstəqil və yaxud Ermənistanın tərkibində olsun. Digər tərəfdən, şiə İran islam dünyasında liderliyə can atan bir ölkə kimi, şiə Azərbaycanın da maraqlarını saymaya bilməz. İran XİN sözçüsü faktiki olaraq vurğunu öz müqəddəratını təyin etməyə keçirir, bu isə, sözsüz ki, bizim maraqlarımıza cavab verir. İran paket həll uğrunda çıxış edir. Yəni İranın mövqeyi Ermənistanın mövqeyinə yaxındır.

– Moskva və başqa vasitəçilər nizamlamada İranın nüfuzunun artmasına yol verərmi?

– Bu cür bəyanatdan sonra Azərbaycan İranın müdaxiləsinə qarşı olacaq. Minsk qrupu həmişə diplomatik şəkildə bildirib ki, Moskvadan və yaxud Tehrandan qaynaqlanıb-qaynaqlanmadığına baxmayaraq, yaxşı nəticələrə aparırsa, istənilən təşəbbüsü salamlayır. Lakin İranın mövqeyi Azərbaycana sərfəli deyil. Ermənistan 90-cı illərdə bu cür mövqe ilə razılaşırdı, Azərbaycan isə yox. Bir-iki il əvvəl İranla münasibətlərdə bal ayı başlarkən, Bakı hətta Ermənistanı razılaşmamaqda ittiham edirdi, indi isə İranın mövqeyi Azərbaycanı açıq şəkildə qane etmir…

Strateq.az