XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 May 2017 - 20:05

Türkiyə Prezidenti:"Pomidor ixracından başqa bütün məsələlər barədə razılığa gəlmişik"

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Soçi görüşünün yekunlarına dair mətbuat konfransı keçiriblər.

Prezident Vladimir Putin bildirib ki, iki ölkə arasında münasibətlərin bərpası prosesi tam miqyasda başa çatıb. Görüşdə Suriyada vəziyyətin nizama salınması, atəşkəsə nail olunması və bu ölkədə təhlükəsizlik zonasının təmin edilməsi məsələləri müzakirə edilib. Rusiya Türkiyənin enerji ehtiyacının təmin olunmasında yaxından iştirak edir. “Türk axını” və “Akkuyu” AES-in tikintisinin davam etdirilməsi, terrorizmlə mübarizədə xüsusi xidmət idarələrinin fəaliyyətinin əlaqələndirilməsi, ticarət-investisiya sahəsində məhdudiyyətlərin aradan qaldırılması məsələləri də müzakirə olunub.

Rusiya Prezidenti deyib ki, bu ilin əvvəlindən iki ölkə arasında əmtəə dövriyyəsində 3 faiz artım qeydə alınıb. 2019-cu ildə Rusiya və Türkiyə arasında qarşılıqlı mədəniyyət və turizm illərinin keçirilməsi nəzərdə tutulub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan görüşdə regional məsələlərin, ilk növbədə Suriyada vəziyyətin müzakirə olunduğunu bildirib. Türkiyə lideri deyib ki, bəzi qüvvələr Suriyada münaqişənin nizama salınması prosesinə maneələr yaradırlar. Astana danışıqları Suriyada qan axıdılmasının dayandırılmasına və sülhün bərqərar olmasına kömək edəcək. Terrorçu qruplaşmalar arasında fərqin olmadığını, bu qruplaşmaların vampir kimi insanların qanını içdiyini deyən Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, Türkiyə öz sərhədləri yaxınlığında hər hansı qurumun yaradılmasına imkan verməyəcək. Türkiyə Prezidenti dünyada terror dalğasının qarşısının alınmasında səylərin birləşdirilməsinin vacibliyini diqqətə çatdırıb. O, həmçinin rusiyalı həmkarını Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Türkiyədə keçiriləcək sammitinə dəvət edib.

Türkiyədən pomidor idxalına qoyulan qadağanın aradan qaldırılması barədə suala cavab verən Rusiya Prezidenti Vladimir Putin bildirib ki, iki ölkə arasında məlum gərginlikdən sonra Rusiya sahibkarları banklardan kreditlər götürərək bu sahəni inkişaf etdirməyə başlayıblar. O qeyd edib ki, Türkiyə pomidorları dadlı və ucuzdur, lakin Rusiya sahibkarlarının da bu sahəni inkişaf etdirməsinə imkan yaradılmalıdır. Türkiyədən pomidor idxalına olan qadağa bir müddətdən sonra aradan qaldırılacaq.

Türkiyə Prezidenti isə bu suala belə cavab verib: “Pomidor ixracından başqa bütün məsələlər barədə razılığa gəlmişik”.

Türkiyə ilə viza rejiminin aradan qaldırılması barədə suala cavabında Vladimir Putin bildirib ki, rəsmi Moskva Rusiyaya işlə bağlı tez-tez gələn türkiyəlilər üçün xüsusi rejim tətbiq etməyə hazırdır(azərtac).