Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inna qarşı hazırlanan sui-qəsdin qarşısı alınıb.
APA-nın KXDR-in Dövlət Xəbər Agentliynə istinadən verdiyi məlumatda görə, bu barədə ölkənin Dövlət Təhlükəsizliyi Nazirliyinin bəyanatında bildirilib. Nazirlik sui-qəsdin ABŞ və Cənubi Koreya xüsusi xidmət orqanları tərəfindən hazırlandığını iddia edib.
Bəyanatda bildirilir ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi və Cənubi Koreya Kəşfiyyat Xidmətinin rəhbərliyi sui-qəsdin hazırlanması üçün ən yüksək səviyyədə işbirliyi qurub.
"Cənubi Koreyanın Kəşfiyyat Xidməti və MKİ əməkdaşları 2014-cü ilin iyununda Rusiyanın Xabarovsk vilayətində meşə təsərrüfatında çalışan Şimali Koreyanın Kim adlı vətəndaşını ələ alaraq, ona Şimali Koreya rəhbərliyini öldürmək barədə tapşırıq veriblər. Öncə kütləvi tədbirlərdən birində Kimin partlayıcı qurğunu işə salması nəzərdə tutulsa da, sonradan plan dəyişib. Kim Çen Innın öldürülməsi üçün yüksək toksikli biokimyəvi maddədən istifadə olunmasına qərar verilib", – deyə bəyanatda bildirilir.
Qeyd olunur ki, əməlinin qarşılığında agentə 20 min dollar və peyk rabitəsi avadanlıqları, özünə əlaltılar toplamaq üçün isə əlavə 100 min dollar verilib.
Bəyanatda sui-qəsdin üstünün açıldığı və agentin zərərsizləşdirildiyi bildirilsə də, bunun necə və hansı şəraitdə baş verdiyi açıqlanmır.