Gürcüstanda səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev gürcü həmkarı Giorgi Marqvelaşvili ilə Marneuli rayonunda “çay evi” tədris mərkəzi ilə tanış olub.
Dövlət başçılarına məlumat verilib ki, 2012-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyinin dəstəyi ilə Marneuli rayonunda istifadəyə verilən “çay evi” tədris mərkəzinin binası müasir memarlıq üslubunda inşa olunub. Tədris mərkəzində il ərzində Marneuli, Bolnisi, Dmanisi və Qardabani rayonlarından olan gənclərə gürcü, ingilis və fransız dilləri pulsuz tədris edilir. Burada, həmçinin şahmat kursları, rəqs dərnəyi və xalçaçılıq kimi qədim milli sənətimizin sirləri öyrədilir.
Layihə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyi və Marneuli Gənclər Mərkəzi arasında bağlanmış memoranduma əsasən həyata keçirilib. üç mərtəbədən ibarət olan mərkəzin ümumi sahəsi 1300 kvadratmetrə yaxındır. Burada Azərbaycan mətbəxinin təbliğinə də mühüm önəm verilir.
“çay evi” memarlıq layihəsi 2013-cü ildə Londonda keçirilən və Avropanın nüfuzlu beynəlxalq qurumu olan “European Property Awards”ın təsis etdiyi “Sosial memarlıq” nominasiyasında qalib gələrək birinci yerə layiq görülüb.
“çay evi” tədris mərkəzi ilə tanışlıqdan sonra İlham Əliyev və Prezident Giorgi Marqvelaşvili Gürcüstanda yaşayan Azərbaycan icmasının nümayəndələri ilə görüşüblər.
ANS-ın Gürcüstan bürosunun məlumatına görə, prezident yeri azərbaycanlılar qarşısında çıxış edərək onların cəmiyyətə inteqrasiyası üçün gürcü dilinin öyrənməsinin vacib olduğunu deyib. O, dövlətlərarası əlaqələrin yüksək səviyyədə olduğunu və bu sayədə Gürcüstandakı azərbaycanlıların da güzəranının yaxşılaşacağını deyib. “Gürcüstan azərbaycanlıları iki ölkə arasında körpü rolunu oynayır”.
Daha sonra prezidentlər rayondakı soyuducu anbarın işi ilə yaxından tanış olublar.
Xatırladaq ki, Azərbaycan prezidentinin qonşu ölkəyə səfəri ötən gün başlayıb. İ.Əliyev həmkarı ilə təkbətək və geniştərkibli görüşlər keçirib, bəyanatlarla çıxış ediblər. Görüşlərdə bir çox ikitərəfli məsələlərə toxunulub.
Görüşdən çəkilən fotolarla tanış olsun: