XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

06 Noyabr 2015 - 10:13

“Səfər Əbiyevə məruzə eləmişəm…” – Sabiq nazir müavininin məhkəməsi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq müdafiə naziri Səfər Əbiyevin müavini olmuş Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Mehman Hacalıyev ifadə verib.

2000-2009-cu illərdə nazirliyinin Mənzil-İstismar İdarəsinin rəisi olmuş M.Hacıyev ifadəsində Mehman Səlimovu tanıdığını bildirib: “Mehman müəlim nazir müavini olub. Mən idarədə rəis olan dövrdə Mehmanın direktoru olduğu “STJ” MMC ilə 6 müqavilə bağlamışıq. İlk müqaviləmiz Yaşmada olan hərbi hissədə olub. İlk olaraq biz “Metrotunel” ilə müqavilə bağlamışdıq. Onlar iş görmədilər deyə, müqavilə ləvğ edildi. Həmin firmanı məhkəmə versək də, hər 3 instansiyada məğlub olduq. Sonra müqaviləni Mehman müəllimlə bağladıq. Sifariş verdiyimiz obyektlər mən olan dövrdə gec də olsa, təhvil verildi. Gecikmələrlə bağlı xəbərdarlıq eləmişdik. Mən o vaxt Səfər Əbiyevə gecikmələrlə bağlı məruzə eləmişəm. Sadəcə o, özü Mehman müəllimlə danışacağını, problemi həll edəcəyini bildirdi. Obyektlər mən işləyən dövrdə təhvil verilib” .

Hakim şahidin istintaqa verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadənin ziddiyyət təşkil etdiyini deyib. M.Hacıyevin istintaqa verdiyi ifadə elan olunub və şahid bu ifadəsini təsdiq edib.

Hakim bldirib ki, digər şahidlər barəsində məcburi gətirilmə ilə bağlı müraciət olunsa da, onlar məhkəməyə gəlməyib: “Bu dəfə Daxili Işlər Nazirliyinə birbaşa müraciət olunacaq. Qoy tədbir görsünlər”.

Məhkəmə prosesi noyabrın 13-də davam edəcək (Qafqazinfo).

Qeyd edək ki, Mehman Səlimov ötən ilin noyabrında həbs olunub. O, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi ilə bağlı məsuliyyətə cəlb edilib. Mehman Səlimova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə – külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb və onun barəsində həbs-qətimkan tədbiri seçilib.