XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 March 2015 - 10:14

QHT sektoru Minsk Qrupunun fəaliyyət(sizliy)ini müzakirə edə bilər

akif-nagi.jpg
«Bu təklifin özü də Minsk Qrupunun fəaliyyətsizliyini təsdiqləyir»
«Ola bilər ki, Qarabağ və müharibə ilə bağlı təşkilatların toplantısını keçirərək ümumi mövqeyimizi ortaya qoymuş olaq»
Son bir neçə ildə Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ üzrə nizamlanma prosesini tamamilə öz əllərində cəmləşdirib. Bununla da üç həmsədr ölkə Minsk Qrupunun tam tərkibdə fəaliyyətinə əngəl törədir. Minsk Qrupuna daxil olan digər ölkələr:
Türkiyə, İtaliya, İsveçrə, Almaniya və başqaları münaqişənin həllində yaxından iştirak edə bilmir.
Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri ATƏT məkanında Qarabağ münaqişəsi kimi konfliktin həllinə hansısa töhfə verə bilməyib. Minsk Qrupunun özündə isə yalnız Türkiyə münaqişənin həlli ilə bağlı öz səylərini göstərməyə hazır olduğunu bildirib. Türkiyə rəhbərliyi bu istəkdə olduğunu İlham Əliyevin həmin ölkəyə etdiyi səfər zamanı da bildirdi. Lakin işğalçı Ermənistan və Minsk Qrupundakı hamiləri hər vəchlə Türkiyənin prosesdə aktiv olmasının qarşısını almağa çalışıb. Hazırda Minsk Qrupunun həmsədrləri olan ABŞ, Fransa və Rusiya prosesi tamamilə öz monopoliyalarına alıb. Onların fəaliyyəti isə göz önündədir. 23 ildən artıq fəaliyyət göstərmələrinə rəğmən konfliktin həlli üçün real addımlar atmayıblar. Həmsədr ölkələr arasında problemə münasibətdə vahid mövqe yoxdur. Belə bir vəziyyətdə Minsk Qrupunun digər dövlətlərinin də prosesə qoşularaq problemin həllinə töhfə verməsi, istər-istəməz, prosesdə müəyyən canlanmaya rəvac verə bilər. Lakin, görünür, həmsədr ölkələr üçün qrupa daxil olan digər ölkələrin prosesdə aktiv olması heç də ürəkaçan mənzərə sayılmır. çünki bu hal onların həll prosesindəki monopolist mövqeyini sarsıda, onlardan bəzilərinin və yaxud hər üçünün yeni həmsədrlərlə dəyişməsinə cəhdlərlə nəticələnə bilər. Bu isə ABŞ, Fransa və xüsusən də Rusiya üçün məqbul variant deyil. Minsk Qrupunun həmsədrlərinin özləri də dəfələrlə bəyan ediblər ki, onların fəaliyyətinin konkret nəticəsi yoxdur. Buna baxmayaraq, konkret təklifləri də qəbul etmirlər.
Belə olan halda, Azərbaycanda fəaliyyət göstərən QHT-lərin Minsk Qrupunun işinin nəticəsizliyi haqda ümumi müzakirə keçirməsinə ehtiyac varmığ çünki bir çox QHT-nin fəaliyyəti məhz Qarabağ probleminin həllinə yönəlib.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı qəzetimizə açıqlamasında bildirdi ki, onun rəhbərlik etdiyi qurumun bu məsələ ilə bağlı mövqeyi bəllidir: «Biz 1994-cü ildən deyirik ki, ATƏT-in Minsk Qrupu fəaliyyət prinsiplərini düzgün müəyyənləşdirmədiyinə, Qarabağ münaqişəsinə düzgün yanaşmadığına, bir ovuc erməninin status məsələsini qabartdığına görə onların missiyası heç bir nəticə verməyəcək. Görünən budur ki, bizim dediklərimiz özünü doğruldur. Təbiidir ki, QHT-lər içərisində bizim mövqeyimizi dəstəkləyənlər var. Bu yaxınlarda QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev də təkliflə çıxış edib ki, üçlük beşliyə çevrilsin. Bu təklifin özü də Minsk Qrupunun fəaliyyətsizliyini təsdiqləyir. Yəqin ki, mart ayı ərzində biz də belə təkliflə çıxış edəcəyik. Ola bilər ki, Qarabağ və müharibə ilə bağlı təşkilatların toplantısını keçirərək ümumi mövqeyimizi ortaya qoymuş olaq.
Hamı ayrı-ayrılıqda deyir, ancaq vahid bir nöqtəyə vurmaq daha effektiv olar».

Məhəmmədəli QƏRİBLİ