XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 May 2017 - 15:14

Zahid Oruc həbs olunmuş hərbçilərimizdən danışdı:“Aprel döyüşlərindən sonra belə təxribatlar gözlənilən idi”

"Ötən ilin aprel hadisələrindən sonra belə təxribatlar şəxsən bizlər tərəfindən gözlənilən idi”.

Strateq.az xəbər verir ki, bu sözləri BakiPost.az-a açıqlamasında Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiya komitəsinin üzvü Zahid Oruc Azərbaycan Silahlı Qüvvələrinin bəzi üzvlərinin düşmən tərəfinə işləməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

O bildirib ki, casusların ifşa olunması kəşfiyyat orqanlarının böyük uğurudur: 

"Öncə belə təxribat və terror planının qarşısı alındığı üçün bizim kəşfiyyat orqanlarının, məxfi strukturlarımızın gücünü, professionallığını qeyd etməliyik. Çünki bu, milli təhlükəsizlik orqanlarının fəaliyyətindəki 2015-ci ildə məlum ifşaetmə hadisələrindən sonra cəmiyyətin yenidən bu qurumlara böyük inamının qaytarılması üçün də çox önəmli idi. O dövrdə həmin generalların, Azərbaycan insanı üzərində soyğunçuluq quran adamların və başları gündəlik o əməliyyatlara qarışan şəxslərin timsalında belə düşmən təxribatının qarşısının alınmasını çətin ki görə bilərdik.

Həmçinin ordumuz, Azərbaycanın hər bir əsgər və zabiti indiki anlarda bu millətin və dövlətin keşiyindədir. Onlar mücadilə verməkdədir, hər bir atılan güllə onların həyatına zərbə vura bilər. Amma bununla bərabər, onlar qorxmadan, fədakarlıqla, mərdliklə yenə də Azərbaycan uğurunda vuruşur və bu millətin təhlükəsizliyini qoruyurlar. Hazırki əmin-amanlıq məhz onların fəaliyyətilə bağlıdır.

Ümumiyyətlə, ötən ilin aprelindən sonra belə təxribatlar şəxsən bizlər tərəfindən gözlənilən idi. Çünki düşmən tərəfi bir yandan 1990-ci illərdə Qarabağın ələ keçirilməsi zamanı effektli olan üsul və vasitələri təkrar dövriyyəyə qaytarmaq qərarını verdi. Bundan ötrü də Ermənistan Müdafiə Nazirliyini uzun illər zəbt etmiş Seyran Ohanyan başda olmaqla digər generallar vəzifəsindən azad etdildikdən sonra yeni rəhbərlik qarşısında belə bir planlar qoyulub.

Mənim heç şübhəm yoxdur ki, Serj Sarkisyan başda olmaqla Ermənistan Prezident Administrasiyası bu hadisələrdə günahkardır”.

Zahid Oruc qeyd edib ki, aprel müharibəsindən sonra Ermənistan yüksək televiziyalarında çıxış edən müxtəlif adamlar Azərbaycana qarşı ümumi zərbə vurmağın planlarından danışıblar:

"Kimisi təklif edirdi ki, Tərtərin bir neçə kəndini ələ keçirtsinlər və orada qorxulu əməliyyatlara getsinlər ki, bu, Azərbaycanda yenidən məğlubiyyət qorxusunu yaratsın.

Eyni zamanda Vitali Balasanyanın timsalında təklif edirdilər ki, yüz minə yaxın Azərbaycan vətəndaşını qətlə yetirsinlər və plan onlar üçün qeyri-real deyil. Yəni həmin əməliyyatlara malikdirlər. Bəs bunu nə ilə edə bilərdilər? Tankla, topla, üzbəüz döyüşləmi?

Xeyr. Düşünürəm ki, söhbət birbaşa Bakıya, Azərbaycanın digər ərazilərinə müxtəlif kommunikasiya xətlərinə və müxtəlif infrastrukturlara böyük mənada zərbə vurmaqla müharibəni yeni dövrün vasitələri ilə aparmaq niyyətində idilər. Yəni terror hər hansı bir ordu birləşmələrindən daha böyük gücə malikdir. Niyə? Çünki gözəgörünməz cəbhədə fəaliyyət aparır, prinsipial olaraq onun səngəri yoxdur.

Fransa, Belçika və ABŞ kimi nəhəng ölkələr belə təxribatlardan sığortalanmayıb. Belə olan təqdirdə ermənilər də bunu təxribata Azərbaycanın üst birləşmələrindən kimlərisə və ya mülki şəxsləri bu əməliyyatlara qoşmaqla edirlər. Əgər bu terror Azərbaycanda baş versəydi, görün nə atmosfer yaranardı. Təbii ki, bu onların qələbəsi olardı. İndi isə əksinə, düşünürəm ki, Azərbaycan tərəfi onları daha öncədən tərksilah etməklə qarşıdakı daha böyük dağıntı və təxribatların da izinə düşmüş olacaq”.

Deputat vurğulayıb ki, iki dövlət arasında atəşkəs elan olunsa da, kəşfiyyat cəbhəsində atəşkəs yoxdur: 

"Savaş gedir. Gözəgörünməz cinahda müharibə davam edir. İstərdim əmin olaq ki, bu hadisələr üzərindən ordu əleyhinə, yaxud,ayrı-ayrı şəxslərə qarşı qara yaxmaq və silahlı qüvvələrdə satqın axtarmaq tendensiyasına yol verilməyəcək. Keçmiş məğlubiyyətlərimizi doğuran və güvənsizlik sindormunu doğuran o bəlaya bir daha düşüncələrimizdə belə yol verməməliyik. Terror törənməsə belə, beyinlərdə yaranan qəzəb və nifrəti yalnız düşmənə qarşı yönəltmək gərəkdir”.

 "Həmin hərbçilər nəyin müqabilində bu yola əl atıblar” sualına millət vəkili belə cavab verib: 

"Bunu təyin eləmək gərək deyil. Çünki satqının milləti, xəyanətin etnik kimliyi, sənət sahəsi olmur ki, o bunu həkim kimi həyata keçirəcəkdi, yoxsa zabit kimi. Hansı sənət sahəsi olması fərq etməz. Bu məsələ müzakirə predmetinə çevrildikcə yeni-yeni cinahlar, istiqamətlər yaranacaq ki, bu bizim gücümüzü, səfərbər olmaq imkanımızı aşağılaya bilər. Ona görə də bu barədə yeni məlumatların cəmiyyətə elan olunmasını gözləmək lazımdır”.

Zahid Oruc onu da əlavə edib ki, düşmən təxribatını Bakı və bir sıra ərazilərdə yaymaq istəyinə baxmayaraq Azərbaycan dövləti düşmənlə bağlı müfəssəl hərbi kəşfiyyat məlumatlarını əldə imkanına malikdir:

 "Onların hər bir fəaliyyəti və əməlləri izlənilə bilir. Nəinki müxtəlif metodlar, hətta texnoloji digər vasitələr mövcuddur. Amma Azərbaycan ermənilər kimi terror qrupu yaradıb onlar vasitəsi ilə müharibə aparmayacaq. Yəni bizim üçün terror dövlət siyasətində heç vaxt istifadə edilə bilməz”.